Naxçıvan Muxtar Respublikasında müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə atılan addımlar geniş əhali kütləsinin gündəlik ehtiyaclarının ödənilməsində ən yüksək səviyyəyə çatmaq və regionun sürətlə inkişaf edən iqtisadiyyatının tələblərinə cavab verən müasir nəqliyyat infrastrukturu şəbəkəsi yaratmaq məqsədi daşıyır.
Görülən işlərin davamı kimi, aprelin 3-də Naxçıvan şəhərində yeni taksi xidməti fəaliyyətə başlayıb. Belə ki, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinə məxsus 15 ədəd taksi gün ərzində sərnişinlərin xidmətində olacaq. Yalnız Naxçıvan şəhərində günün istənilən vaxtında (24 saat) “288” nömrəsinə zəng etməklə taksi sifariş edilə bilər. “Qaynar xətt”ə, hələlik, “Naxtel” və şəhər telefonları ilə pulsuz zəng etmək və xidmətdən yararlanmaq mümkündür.
Dünən xidmətə əlavə edilmiş 5 ədəd yeni “NAZ-Lifan-620” markalı taksi avtomobilinin sürücülərə təqdim edilməsi mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikasının Nəqliyyat naziri Mirsənani Seyidov bildirib ki, cəmiyyətin inkişafı, əhali sayının artması, öz növbəsində, nəqliyyat sektorunun da inkişafını tələb edir. Hazırda muxtar respublikada 485 ədəd taksi fəaliyyət göstərir. Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan taksi xidməti isə əhalinin rahatlığı, gündəlik həyatımızda vaxt itkisinin qarşısının alınması, həm də bu gündən fəaliyyətə başlayacaq 5 nəfərin işlə təmin olunması baxımından əhəmiyyətlidir. Taksilərə taksometrlərin quraşdırılması bu xidmət növündə şəffaflığa nail olunmasında, sürücü-sərnişin münasibətlərindəki anlaşılmazlıqların baş verməməsində mühüm rol oynayır.
Sonra yeni taksilərin açarları və “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücülərin intizam qaydaları” ilə bağlı təlimatlar sürücülərə təqdim edilib.
Xəbərlər şöbəsi