Son illər muxtar respublikamızda elektrik enerjisinin istehsalı və dayanıqlı elektrik enerjisi ilə təchizat sahəsində kompleks tədbirlər həyata keçirilir, yeni su elektrik stansiyaları tikilir, elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərovun verdiyi məlumata görə, cari ilin ötən dövründə də bu işlər uğurla davam etdirilib. Araz çayı üzərində tikilən 36 meqavat güclü Ordubad Su Elektrik Stansiyasında işlər qrafikə uyğun davam etdirilib. Layihəyə uyğun olaraq, təmizləyici bəndin çökəltmə hovuzunda 200 min kubmetr qazıntı işindən 100 min kubmetri qazılıb, 53 min kubmetr betonlanıb. 12 min 400 metr uzunluğunda ötürücü kanalda 9 min 200 metr kanal qazılıb, qazılmış kanalın 5 min 130 metr hissəsi betonlanıb, sel keçidlərinin 90 faizində işlər tamamlanıb. Həmçinin yükləmə hovuzunda qazıntı işləri başa çatdırılıb. Yaxın vaxtlarda betonlama işlərinə başlanılacaq. Layihəyə əsasən, ərazidə stansiya binası inşa olunacaq, turbinlər, generatorlar və digər qurğular sifariş veriləcək, transformator yarımstansiyası və ötürücü elektrik verilişi xətti çəkiləcək.
Müasir avadanlıqlarla təmin olunan yeni yarımstansiyaların tikintisi də diqqət mərkəzində saxlanılıb, bu ilin fevral ayında Kəngərli rayonu ərazisində 35 meqavolt-amper güclü yeni 110 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada yeni 10 meqavolt-amper güclü “Zaporojtransformator” Açıq Səhmdar Cəmiyyətindən alınmış transformator və başqa yarımstansiyada istismar olunmuş 25 meqavolt-amper güclü transformator, Almaniyadan alınmış “Alstom” markalı eleqaz açarları, ayırıcılar, gərginlik və cərəyan transformatorları, boşaldıcılar, Fransanın “Şneyder Elektrik” firmasının eleqaz açarları olan 35 və 10 kilovoltluq müasir hücrələr, idarəetmə və mühafizə panelləri quraşdırılıb. Hazırda yarımstansiyada 10 kilovoltluq çıxış kabellərinin çəkilməsi və son sınaq-sazlama işləri görülür. Eyni zamanda Kəngərli rayonunda Qıvraq nasos stansiyasının elektrik təchizatı üçün yeni 35/6 kilovoltluq 6300 kva güclü transformator yarımstansiyası quraşdırılır.
Quruculuq tədbirləri Babək rayonunu da əhatə edib, 1260 kva güclü 35/10 kilovoltluq yeni “Nehrəm” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada Ukrayna Respublikasından alınmış 6300 kva güclü və istismarda olmuş 6300 kva güclü transformator, müasir eleqaz açarları, 35 kilovoltluq hücrələr, ayırıcılar, 10 kilovoltluq eleqaz açarlı müasir hücrələr, idarəetmə, rele mühafizəsi və avtomatika qurğuları, kondensator batareyaları qoyulub. Yarımstansiya üçün yeni bina tikilib, növbətçi heyətin iş şəraiti xeyli yaxşılaşdırılıb. Hazırda yükün yeni yarımstansiya üzərinə köçürülməsi və tamamlama işləri həyata keçirilir.
Xəbərlər şöbəsi