22 Dekabr 2024, Bazar

İstehlakçı hüquqlarının qorunması müasir cəmiyyətimizdə mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. 1962-ci il martın 15-də Amerika Birləşmiş Ştatlarında “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il martın 15-i “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.

1985-ci il aprelin 9-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi istehlakçıların hüquqlarının müdafiəsi üçün rəhbər prinsipləri müəyyənləşdirmiş, bu prinsiplərin qəbul olunması nəticəsində istehlakçı hüquqlarının beynəlxalq səviyyədə tanınması təmin olunmuşdur. Hər il Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününün qeyd edilməsi məhz dünya ictimaiyyətinin diqqətini istehlakçı hüquqlarının qorunması problemlərinin həllinə yönəltmək məqsədi daşıyır.

Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun qəbulundan sonra bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Ötən müddətdə bu istiqamətdə digər normativ-hüquqi aktlar da qəbul edilmiş, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məqsədyönlü islahatlar aparılmışdır.
Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı və buna paralel olaraq beynəlxalq ticarət əlaqələrinin dərinləşməsi istehsal olunan yerli məhsulların ixrac qabiliyyətinin artırılması üçün beynəlxalq standartların qəbulu və tətbiqini vacib məsələyə çevirmişdir. Hazırda ölkə­mizdə bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına nail olmaq, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdən ibarətdir. Bu gün milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə uyğun yeni standartların qəbulu və tətbiqi prosesi uğurla icra olunmaqdadır. Əsas hədəf ölkədə standartlaşdırmanın inkişaf etdirilməsi və standartlar fondunun təkmilləşdirilməsidir. Çünki bu, bilavasitə ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyətə nəzarət işinin inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin müasir maddi-texniki baza ilə təchiz olunması beynəlxalq tələblər səviyyəsində qəbul edilən yeni standartların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvanda istehsal olunan məhsulların yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi qarşıda duran prioritet vəzifələrdəndir.
İstehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına nail olunması, daxili, eləcə də xarici bazara keyfiyyətli məhsul çıxarılması prosesinin sürətləndirilməsi standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması ilə mümkündür. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz fəaliyyətində keyfiyyətə nəzarət işinin və bu sahədə texniki tənzimləmə sisteminin müasir tələblərə uyğunlaşdırılmasını əsas istiqamət kimi qəbul edir. Muxtar respublikada iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə proqram xarakterli idarəetmənin təşkili, öz növbəsində, keyfiyyətli məhsul istehsalı üçün ciddi əsaslar yaratmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası məhsul, iş və xidmətlərin keyfiyyət göstəricilərinin davamlı olaraq yüksəldilməsinə zəmin yaradır. Reallaşdırılan tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqinə, yeyinti məhsullarının istehsalı, emalı, daşınması və saxlanması vəziyyətinə, ərzaq məhsullarının əmtəə nişanlarının saxtalaşdırılması hallarına, xidmət sahələrində standartlardan istifadənin səviyyəsinə, akkreditasiya sisteminə daxil olan laboratoriyaların ümumi fəaliyyətinə və digər qanunla müəyyən olunmuş vəzifələrin icrasına nəzarət məqsədilə davamlı monitorinqlər təşkil olunur.
2014-cü il ərzində istehlakçı hüquqlarının müdafiəsi tədbirləri çərçivəsində komitə tərəfindən standartların tələblərinə uyğun olmayan 57039 manat dəyərində məhsul satışdan çıxarılmışdır. Yerli istehsal üzrə keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə 425 istehsal müəssisəsində müşahidə xarakterli monitorinqlər aparılmış və yeni hazırlanmış texniki-normativ-hüquqi aktlar təsərrüfat subyektlərinə təqdim olunmuşdur. İstehsal və idxal olunan məhsullara keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra, ümumilikdə, 3258 sertifikat verilmiş, 35 laboratoriyanın akkreditasiyası həyata keçirilmiş və 67 yeni əmtəə nişanının mühafizəsi təmin olunmuşdur.
Muxtar respublikada “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərməsi də istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Bu gün istehsal və idxal olunan məhsulların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin yoxlanması nəzarətdə saxlanılır, məhsullardan nümunələr götürülərək keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə mərkəzin laboratoriyalarında analiz olunur.
İstehlakçı hüquqlarının qorunmasının əsas məqsədlərindən biri də daxili bazarda süni qiymət artımının qarşısının alınmasından ibarətdir. Muxtar respublikada süni qiymət artımına səbəb ola biləcək halların qarşısının alınması məqsədilə idxal mallarının topdan və pərakəndə satış qiymətləri daim nəzarətdə saxlanılır. Əgər məhsulların qiymətlərində artım müşahidə olunarsa, bunun səbəbləri araşdırılır, müqayisəli təhlillər aparılır. Mövsümi qiymət artımının qarşısının alınmasında, əhalinin fasiləsiz olaraq keyfiyyətli kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində son illər istifadəyə verilən soyuducu anbarların və istixana komplekslərinin, eləcə də mütəmadi olaraq təşkil olunan kənd təsərrüfatı yarmarkalarının da mühüm rolu vardır.

Bu gün dünyada keyfiyyət standartlarının tətbiqi səmərəli iqtisadiyyat üçün əsas meyar sayılır. Bu səbəbdən də muxtar respublikada əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi məqsədilə standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR