Blokada şəraitində yaşamağa məcbur edilən muxtar respublikamız son 20 ildə “Naxçıvan möcüzəsi” kimi tarixə düşən böyük bir inkişaf yolu keçib. “Naxçıvan möcüzəsi” Heydər Əliyev yoluna sədaqətin, dahi şəxsiyyətin ağır blokada səddini yarıb keçən müdrik siyasətinin təntənəsidir. Muxtar respublikamızda regionumuz üçün strateji əhəmiyyət daşıyan neçə-neçə irimiqyaslı layihələr reallaşdırılıb, yeni su elektrik stansiyaları tikilib istifadəyə verilib, Naxçıvana təbii qazın nəqli bərpa olunub.
Qeyd olunan dövr ərzində əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edildi. Böyük təşəbbüskarlıqla həyata keçirilən kütləvi iməciliklər yolu ilə bir zamanlar təbiətə vurulan ziyan aradan qaldırıldı, yaşıllıq sahələri bir neçə dəfə genişləndirildi. Yol kənarlarında, ayrı-ayrı sahələrdə miskin görkəmi ilə ürəkləri dağlayan və o dövrün acı xatirələrini özündə yaşadan ağac kötüklərinin yerində balaca fidanlar əkildi, qayğı göstərildi, ərsəyə gətirildi. Dağ yamaclarında salınan yaşıllıqlar ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda tətbiq edilən damcı üsulu ilə suvarıldı, qızmar yay günlərinin istisindən qorundu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” meyvəçiliyin və tərəvəzçiliyin inkişafına stimul verən yeni bir mərhələnin əsasını qoydu.
Sahibkarlara dövlət maliyyə dəstəyi göstərildi, meyvə bağları salındı. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verdi, çəkilən zəhmət hədər getmədi. Yerli torpaq və iqlim şəraitinə uyğun əkilən körpə fidanlara aqrotexniki qaydada qulluq edildi, meyvə bağları ildən-ilə genişləndirildi. “Təbiətin ağciyəri” adlandırılan yaşıllıqlara bir vaxtlar balta çalmaq məcburiyyətində qalan insanların ana təbiətə vurduğu ziyan nəinki aradan qaldırıldı, hətta ərazisinin 0,6 faizini yaşıllıqlar təşkil edən muxtar respublikamızda bu rəqəm 12 faizə çatdırıldı. Bu, muxtar respublikamızın təbiətini zənginləşdirməklə bərabər, qədimliyi saxlanılmaqla yeniləşən Naxçıvanın gözəlliyinə yeni çalarlar qatır, əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayan keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatda da böyük əhəmiyyət kəsb edir. Minbir əziyyətlə ərsəyə gətirilən meyvə bağlarında yetişdirilən məhsulun tədarük olunub saxlanılması, istehlakçılara çatdırılması və emal olunması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. Ayrı-ayrı rayonlarda yerli xüsusiyyətlərə uyğun emal və sənaye müəssisələri qurulur, əhalinin fasiləsiz olaraq meyvə-tərəvəz məhsulları ilə təminatına əlverişli şərait yaradılır, soyuducu anbarlar, istixana kompleksləri tikilib istifadəyə verilir. Əhalinin bazar qiymətlərindən ucuz ərzaq məhsulları ilə təminatı üçün hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları keçirilir.
Ordubad meyvələrinin şöhrəti özünə qaytarılır
“Bağlar diyarı”nı bağsız qoyan zamanın hökmü ilə barışmayan ordubadlılar da qədim diyarın təsərrüfatçılıq ənənələrini bərpa etmək üçün səfərbər oldular. 20 illik zaman kəsiyində muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Ordubadda da ağır zəhmət bahasına meyvə bağları salınıb ərsəyə gətirildi. Muxtar respublikamızda barverən meyvə bağlarından hər il bol məhsul götürülür. Ancaq “bağlar diyarı” adlandırılan Ordubad meyvələri özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq ondadır ki, bu rayonda yetişən meyvələr dad-tamına görə digərlərindən fərqlənir və bu meyvələr uzun illərdir, nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində də öz adı ilə məşhurdur. Keçmiş zamanlarda bura yolu düşən səyyahlar xatirələrində bu meyvələr haqqında dəfələrlə bəhs edib, bu bölgədə yetişən meyvələrin özünəməxsusluğundan danışıblar. Müxtəlif zamanlarda Ordubad meyvələri dünyanın ayrı-ayrı ölkələrində sərgiyə çıxarılıb və qızıl medala layiq görülüb.
“FH oğulları” Məhdud
Məsuliyyətli Cəmiyyəti də bu işə öz töhfəsini verir
Muxtar respublikamızda özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan münbit şəraitdən bəhrələnən sahibkar Hüseyn Fərzəliyevin bugünkü sahibkarlıq fəaliyyətində bu qədim diyarın özünəməxsusluğu və göstərilən dövlət qayğısı böyük rol oynayıb. Sahibkar Ordubad meyvələrindən hazırlanmış müxtəlif mürəbbələr istehsal etməklə həm də bu özünəməxsusluğu təbliğ etməkdədir. Göstərilən dövlət dəstəyi hesabına istehsal müəssisəsi qurub. Rəhbərlik etdiyi “FH oğulları” Məhdud Məsuliyyətli Cəmiyyətində Ordubad mürəbbələrinin istehsalı ilə məşğuldur. Hüseyn Fərzəliyevlə elə adıçəkilən müəssisədə görüşdük. Müsahibim məlumat verir ki, müəssisə 2008-ci ildən fəaliyyət göstərir. Ötən müddət ərzində bir neçə dəfə güzəştli kreditlərdən yararlanaraq istehsal üçün zəruri şəraitin təmin edilməsinə nail olub. 300 kvadratmetr sahəyə malik müəssisədə hazırda 11 çeşiddə dad-tamı ilə seçilən (ərik, tut, badımcan, gilas, qovun, cəviz, gül və sair) mürəbbə istehsal edilir. Mürəbbə bişiriləcək meyvələr əvvəlcə gigiyenik qaydalara uyğun bir neçə mərhələdə yuyulur, təmizlənir, bəziləri doğranır, sonra isə müvafiq reseptlərə uyğun olaraq bişirilir. Mürəbbələr 250, 650 qramlıq, 1,2 və 2,4 kiloqramlıq çəkilərdə olan taralarda qablaşdırılır. Bundan əlavə, 250 qramlıq mürəbbələr 4-lük və 6-lıq saylara uyğun paketlənir.
Müsahibim onu da bildirir ki, ötən il müəssisənin məhsullarına tələbatda ilk yeri 2 tonla cəviz mürəbbəsi tutub, sonrakı yerlərdə isə 1,5 ton çəki ilə gül, 800 kiloqram çəkidə isə gilas mürəbbələri olub. Eyni zamanda müəssisədə yeni istehsal sahəsi yaradılıb, meyvə-tərəvəz qurudulması üçün də müəyyən işlər görülüb. Qardaş Türkiyə Respublikasından meyvə-tərəvəzin qurudulmasında istifadə olunan avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. Ötən mövsüm meyvə bağı becərənlərdən kifayət qədər meyvə alınıb, bunun 700 kiloqramı qurudulub 0,5, 1, 3 və 5 kiloqram çəkidə qablaşdırılaraq satışa çıxarılıb. Bu, sahibkarların yetişdirdikləri meyvələrin müəssisə tərəfindən alınaraq onların gəlir əldə etmələrinə, istehlakçıların isə Ordubad meyvələrindən hazırlanmış məhsullardan ilin bütün fəsillərində faydalanmasına imkan verir. Sahibkar onu da vurğulamağı yaddan çıxarmır ki, daxili bazarın tələbatına uyğun istehsal olunan, dadı və tamı ilə seçilən bu yerli məhsulların alıcıları arasında muxtar respublikamıza ayrı-ayrı ölkələrdən səfər edən turistlər də az deyil və onların sayı ildən-ilə artır. Bu yerli məhsullara artan marağı nəzərə alaraq onların gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur. İnanırıq ki, dadlı Ordubad mürəbbələri qısa bir müddətdə xarici bazarda da öz layiqli yerini tutacaq, qədim diyarın bir zamanlar məşhur olan meyvələrinin şöhrətinin bərpa olunmasına öz töhfəsini verəcək. Bütün bunlar qədim Ordubad diyarının, muxtar respublikamızın tanıdılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Kərəm Həsənov