Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, qəbul edilmiş dövlət proqramlarının reallaşdırılması istiqamətində tədbirlər 2015-ci ilin ilk rübündə də davam etdirilmişdir. Yanvar-mart ayları ərzində 448 milyon 708 min manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 1019 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində maddi istehsalın payı 58,4 faiz təşkil etmişdir.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-mart ayları ərzində sənaye məhsulunun həcmi 2,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 0,2 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,3 faiz, nəqliyyat sektorunda yük daşınması 2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,7 faiz, o cümlədən mobil rabitə xidməti 1,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,8 faiz, ixracın həcmi 1,4 faiz, əhalinin gəlirləri 1,7 faiz, hər bir nəfərə düşən gəlirlər 0,6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,9 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
Sənaye
Muxtar respublikada yüksək texnologiyalı yeni müəssisələrin yaradılması sənayenin dinamik inkişafını təmin etməklə yanaşı, rəqabətədavamlı sənaye məhsulları istehsalının artmasına da təsir göstərmişdir.
2015-ci ilin yanvar-mart aylarında muxtar respublikada 222 milyon 728 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 15 milyon 855 min manatlıq, qeyri-dövlət sektorunda isə 206 milyon 873 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,9 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası,
min manat
Cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 19 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 32 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilmişdir.
Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən cari ilin ilk üç ayı ərzində təsərrüfat subyektlərinə 10263,5 min manat həcmində kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 32,3 dəfə çoxdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2015-ci ilin ilk rübü ərzində 39 milyon 900 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada etibarlı ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilmişdir. Cari ilin ilk rübü ərzində Naxçıvan şəhərində hərbçilər üçün yaşayış binasının tikintisi başa çatdırılmış, “N” hərbi hissənin qərargah binasının, mərkəzi hərbi xəstəxananın, yaşayış binasının, iki əsgər yataqxanasının, əsgər yeməkxanasının, iki anbarın, texniki nəzarət məntəqəsinin tikintisi üzrə işlər davam etdirilmişdir.
“Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilir.
Şərur rayonunda “N” hərbi hissəsi üçün infrastruktur obyektlərinin və Kəngərli rayonunda su anbarının tikintisi davam etdirilir.
Cari ilin ilk rübü ərzində Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının texniki bazasını gücləndirmək məqsədilə 2 ədəd yeni “Hyundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet hərbçilərin istifadəsinə verilmişdir.
Tikinti-quruculuq və su təchizatı
tədbirləri
İqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsinin təmin edilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində cari ilin yanvar-mart ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 227 milyon 816 min manat həcmində investisiya yönəldilmişdir. İnvestisiya qoyuluşlarının 192 milyon manatı və ya 84,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2015-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada 76 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 155 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
2015-ci ilin ilk rübü ərzində 8 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmışdır. 7 inzibati binanın tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri kəndləri də əhatə etmiş, 2015-ci ilin ilk rübü ərzində 7 kənd mərkəzi istifadəyə verilmişdir. Hazırda 1 kənd mərkəzinin inşası davam etdirilir.
Muxtar respublikada 1 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. 4 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının təmiri davam etdirilir.
Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin də tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması və dinamik artımı fərdi yaşayış evlərinin tikintisinə müsbət təsir göstərmişdir. 2015-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 92 min 900 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur.
Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində 1 aprel 2015-ci il tarixə 224,8 kilometr məsafədə içməli su və 218,1 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir.
Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 546,1 kilometr məsafədə içməli su və 333,9 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir. Muxtar respublikada içməli su və kanalizasiya xətlərinin çəkilişi və 19 subartezian quyusunun tikintisi üzrə işlər davam etdirilir.
Kənd təsərrüfatı
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi üzrə həyata keçirilən tədbirlər “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ilin ötən dövrü ərzində də diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində bitkiçilik məhsulları istehsalının həcmi 2008-ci ilin yanvar-mart aylarına nisbətən 11,5 dəfə artaraq 1 milyon 525 min manata, heyvandarlıq məhsulları istehsalının həcmi isə 96,1 faiz artaraq 22 milyon 216 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 80 ədədi 2015-ci ilin yanvar-mart aylarında olmaqla, cəmi 1585 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilmişdir. 2015-ci ilin ilk rübü ərzində 23 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 5939,1 ton mineral gübrə ilə təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində cari ilin ilk rübü ərzində 2 istixana təsərrüfatı yaradılmışdır. 3 istixana təsərrüfatının yaradılması isə hazırda davam etdirilir.
Bundan əlavə, cari ilin yaz əkinlərinin aparılması üzrə dəstəkləyici tədbirlər həyata keçirilməkdədir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. 2015-ci ilin ilk rübü ərzində bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2838,8 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur. Hazırda 1 heyvandarlıq təsərrüfatının yaradılması və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.
2015-ci ilin ilk rübü ərzində heyvandarlıq təsərrüfatlarında 1361 baş inək və düyə süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək və düyələrdən 1273 baş sağlam buzov alınmışdır.
1 aprel 2015-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 114 min 137 baş, qoyun və keçilərin sayı 700 min 907 baş olmuşdur ki, bu da 1 aprel 2014-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 1,4 və 1,9 faiz üstələyir.
2015-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 5606,4 ton ət, 11899,5 ton süd istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 6,1 və 1,3 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 1 quşçuluq, 1 balıqçılıq və 1 arıçılıq təsərrüfatının yaradılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlərin davamı olaraq isə 1 soyuducu anbarın inşası davam etdirilir.
Cari ilin ilk rübü ərzində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə 4020,7 min manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 16,1 faiz çoxdur.
2015-ci ilin yanvar-mart aylarında 2014-cü ilin müvafiq dövrünə nisbətən 5,3 faiz çox, yəni 23 milyon 741 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulu,
min manat
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir.
2015-ci ilin ilk rübü ərzində muxtar respublikada 11 milyon 700 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, cari ilin ötən dövrü ərzində Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilmişdir. Şərur rayonunda kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, Xanlıqlar və Püsyan kəndləri arasındakı suvarma kanalının yenidən qurulması hazırda davam etdirilir.
Ordubad rayonunda Aza-Dəstə kanalının tikintisi, Şərur rayonunun Püsyan kəndində suvarma boru xəttinin çəkilişi başa çatdırılmışdır.
Culfa rayonunda Yaycı gölünün sugətirici kanalında və Bam kanalında bərpa işləri başa çatdırılmışdır. Araz çayında sahilbərkitmə işləri, Babək rayonunda yeraltı suvarma və drenaj şəbəkələrinin, Şərur rayonunda Arpaçayda və Babək rayonunun Vayxır kəndi ərazisində, Qahab selovunda və Naxçıvançayda istiqamətləndirici bəndlərin tikintisi, Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri, Sədərək rayonunda kollektor və drenajların bərpası davam etdirilir.
Muxtar respublikada 3 kəhrizin təmiri başa çatdırılmış, 1 kəhrizin bərpası və 5 kəhrizin təmiri davam etdirilir.
Nəqliyyat, informasiya və rabitə,
energetika
Cari ilin ilk rübü ərzində muxtar respublikada müasir yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Nizami və İ.Səfərli küçələrində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Culfa rayonunun Bənəniyar kəndində avtomobil yolunun yenidən qurulması, Gal-Şurud avtomobil yolunun təmiri başa çatdırılmışdır. Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Şərur rayonunda Cəlilkənddə və Püsyan kəndində daxili avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin tikintisi başa çatdırılmış, 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Ordubad rayonunun ucqar kəndlərinə bir istiqamət üzrə yeni marşrut açılmış, Naxçıvan şəhərində yeni taksi xidməti fəaliyyətə başlamış, qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Ordubad dəmir yolu sərnişin vağzalı binasının və Ordubad yol sahəsinin inzibati binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Şərur və Ordubad şəhərlərində aviakassa binalarının tikintisi başa çatdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında yenidənqurma işləri davam etdirilir.
İlin əvvəlindən ötən üç ay ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz, sərnişin daşınması isə 1,7 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 9 milyon 834 min manat gəlir əldə edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi, islahatların aparılması bu sahənin dinamik inkişafını təmin etmişdir.
2015-ci ilin ilk rübü ərzində Babək rayonunda rabitə evi istifadəyə verilmişdir. Burada yeni nəsil rabitə və poçt avadanlıqları quraşdırılmış, dövri mətbuatın satışı, teleqram, məktub, pul baratları və bağlamaların qəbulu və göndərişi, rabitə, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması, mobil cihazların qeydiyyatı və digər bank-maliyyə xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdır.
Muxtar respublikada poçt sisteminin təkmilləşdirilməsi məqsədilə cari ilin ilk rübü ərzində 7 poçt şöbə və bölməsi avtomatlaşdırılmışdır.
Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində yeni poçt bölmələri istifadəyə verilmiş, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilmiş, Naxçıvan şəhərinin Qaraçuq kəndində poçt bölməsi yeni binaya köçürülmüş, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunmuşdur.
Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulmuş, Babək rayonunda ümumi tutumu 1024 nömrə olan mərkəzi avtomat telefon stansiyası yeni rabitə evinə, Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomat telefon stansiyası isə yeni binaya köçürülmüşdür.
Muxtar respublika ərazisində rəqəmli radio yayımına keçidlə bağlı texniki işlər başa çatdırılmış və radionun sınaq yayımına başlanmışdır.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası 2015-ci ilin ilk rübündə də davam etdirilmiş, 7 fərdi mənzilə optik kabel xətti çəkilmişdir.
Muxtar respublikada cari ilin ilk rübü ərzində 20 kilometr məsafədə fiber-optik kabel xəttinin çəkilişi aparılmışdır. Ordubad rayonunun Düylün kəndindəki avtomat telefon stansiyasından Çənnəb kəndinədək 8 kilometr məsafədə yeraltı fiber-optik kabel xəttinin çəkilişi davam etdirilmişdir.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlər davam etdirilir.
2015-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada 883 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuş, 1 aprel 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatmışdır.
2015-ci ilin ilk rübü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyərək 11 milyon 803 min manat olmuşdur. Ümumi xidmətlərin 82,6 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmaq məqsədilə muxtar respublikada 8 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmış, 28 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmişdir.
Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının və Kəngərli rayonunda 35 meqavolt-amper gücündə “Qıvraq” yarımstansiyasının tikintisi davam etdirilir.
Babək rayonunda 1260 kilovolt-amper gücündə “Nehrəm” yarımstansiyasının yenidən qurulması və 90 meqavolt-amper gücündə “Araz” yarımstansiyasında avadanlıqların yenilənməsi işləri davam etdirilir.
İstehlakçıların təbii qazla fasiləsiz təminatına nail olunmuş, 1 aprel 2015-ci il tarixə 82 min 661 əhali abonentinə təbii qaz verilmişdir.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Sahibkarlıq fəaliyyəti, əhalinin
gəlirləri və məşğulluq məsələləri
Muxtar respublikada dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı sahəsində tədbirlər davam etdirilir.
2015-ci ilin ilk rübü ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 10029,7 min manat təşkil etmişdir. Bu kreditlərdən 6240,7 min manatı fərdi sahibkarlığın inkişafına, 3789 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, cari ilin üç ayı ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın bütün sahələri üzrə təsərrüfat subyektlərinə 27269,5 min manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,9 dəfə çoxdur.
2015-ci ilin ilk rübündə muxtar respublikada 7 hüquqi və 625 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 352 növdə məhsul istehsal olunur. Bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin ilk rübündə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 1,7 faiz artaraq 342 milyon 563 min manata, onun hər bir nəfərə düşən həcmi isə 0,6 faizlik artımla 778 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 392 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 3,9 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məqsədilə muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
2015-ci ilin ilk rübü ərzində 686 yeni iş yeri yaradılmışdır ki, bunun da 666-sı və ya 97,1 faizi daimi iş yerləridir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətinin dinamik yüksəlişini təmin etmişdir.
2015-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 247 milyon 545 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,7 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kürkənd və Püsyan, Babək rayonunun Qoşadizə, Culfa rayonunun Bənəniyar və Şurud kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şərur rayonunda Cəlilkənddə xidmət mərkəzinin yenidən qurulması başa çatdırılmışdır. Şahbuz rayonunun Gömür kəndində xidmət mərkəzinin tikintisi davam etdirilir.
Xarici ticarət, bank işi və
sığorta fəaliyyəti
Muxtar respublika iqtisadiyyatının inkişafı xarici ticarət əlaqələrinin əhatə dairəsinin genişlənməsinə də şərait yaratmışdır.
2015-ci ilin ilk rübü ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 59 milyon 187 min ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 51 milyon 621 min ABŞ dollarını ixrac, 7 milyon 566 min ABŞ dollarını isə idxal təşkil etmiş və 44 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır. 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə ixracın həcmi 1,4 faiz artmış, idxalın həcmi isə 72,8 faiz azalmışdır.
Bank sektorunun inkişafı üzrə müsbət dinamika qeydə alınmışdır. Əhalinin nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə cari ilin ilk rübü ərzində 81 POS-terminal quraşdırılmış və bu göstərici 1 aprel 2015-ci il tarixə 948-ə çatmışdır. POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 aprel 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 41444-ə çatmışdır ki, bunun da 37983-ü və ya 91,6 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 3190 bank hesabının 3189-u aktiv hesab olmuşdur.
İqtisadi inkişaf tempinə uyğun olaraq, sığorta işi də genişlənməkdədir. 2015-ci ilin ilk rübü ərzində muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 1162,3 min manat olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 56,6 min manat və ya 5,1 faiz çoxdur.
Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri davam etdirilir. Cari ilin ötən dövrü ərzində Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu yaradılmışdır. Mərkəzdə universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır.
“Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqlar qurulmuş, virtual studiya yaradılmış, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilmişdir.
“Naxçıvan” Universitetində yeni tədris korpuslarının və sosial obyektlərin tikintisi davam etdirilir.
Ordubad şəhərində 810 şagird yerlik 3 nömrəli tam orta məktəb binasının tikintisi, Şərur rayonunda Kürkənddə 198 şagird yerlik, Babək rayonunun Qoşadizə kəndində 360 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Şərur rayonunda Cəlilkənddə 270 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri başa çatdırılmışdır. Babək rayonunun Nehrəm kəndində 2 nömrəli tam orta məktəb binasının yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərində uşaq musiqi məktəbi və Şahbuz şəhərində uşaq bağçası binalarının tikintisi davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması da daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində feldşer-mama məntəqələrinin tikintisi, Şərur rayonunda Cəlilkənddə həkim ambulatoriyası binasının yenidən qurulması başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması davam etdirilir.
Sosial layihələr çərçivəsində 2015-ci ilin ilk rübü ərzində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 109 cərrahi əməliyyat, o cümlədən 32 xəstədə açıq ürək, 18 xəstədə göz əməliyyatları aparılmışdır.
2015-ci ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 853 min 933 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,7 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğundur.
Ümumilikdə, bu dövr ərzində 494 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 67 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 81 uşağın müalicəsi təşkil edilmişdir.
Ötən dövr ərzində sağlamlıq imkanları məhdud 6 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 138 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 26 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud 10 nəfər Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 10 nəfərin ölkə daxilində müalicəsinə, 19 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 mart 2015-ci il tarixə bir il öncəyə nisbətdə 4 min 493 nəfər artaraq 440 min 479 nəfər olmuşdur.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının inkişafı dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsinə də şərait yaratmışdır.
Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təşkil edilmiş səyyar xidmət vasitəsilə yerlərdə vətəndaşlara mülkiyyət haqqında sənədlərin, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 28 milyon 501 min manatdan çox vəsait yönəldilmişdir.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2015-ci ilin ilk rübü ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 53 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. Bu göstərici 2014-cü ilin müvafiq dövründə isə 48 faiz təşkil etmişdir.
2015-ci ilin ilk rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz, o cümlədən özəl sektor üzrə 31,9 faiz artmışdır.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər görülür. Bu sahə üzrə infrastrukturun yenilənməsi istiqamətində Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbi binasının tikintisi davam etdirilir.
Muxtar respublikada maddi və mənəvi dəyərlərimizin qorunması və təbliği diqqətdə saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır. 2015-ci ilin ilk rübü ərzində Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin tikintisi, mədəniyyət evinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası, məscidin təmiri başa çatdırılmışdır.
Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin tikintisi, Naxçıvan şəhərində Möminə xatın türbəsinin, Culfa rayonunda Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilir.
Naxçıvan şəhərində Naxçıvançay vadisində və Əziz Əliyev küçəsində parkların tikintisi davam etdirilməkdədir.
Naxçıvan şəhərində və Şərur rayonunda Kürkənddə məscidlərin tikintisi davam etdirilir.
Naxçıvan şəhərində hamam kompleksinin tikintisi davam etdirilir.
Muxtar respublikada turizm sahəsinin inkişafı və təbliği üzrə görülən işlər bu sahənin dinamik inkişafını təmin etmişdir. 2015-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 90 min 292 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Hüquq-mühafizə orqanlarında çalışanların iş şəraitinin yaxşılaşdırılması, bu sahə üzrə infrastrukturun yaradılması və yenilənməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi davam etdirilir.
Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeməkxanasının tikintisi, Sədərək rayonunda Sədərək sərhəd-gömrük-buraxılış məntəqəsinin yenidən qurulması davam etdirilir.
Bu gün muxtar respublikada əldə edilmiş yüksək iqtisadi göstəricilər, infrastrukturun yenilənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üzrə görülən genişmiqyaslı işlər qarşıdakı dövrlərdə də iqtisadiyyatımızın dinamik inkişafına etibarlı zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi