Özəlləşdirmə siyasəti tarixən təkcə bazar iqtisadiyyatına keçid dövründə sistem dəyişiklikləri yaşayan dövlətlərin deyil, eyni zamanda sənayecə inkişaf edən, təkmil bazar münasibətləri ilə seçilən dövlətlərin də iqtisadi siyasətində mövcud olub. Buna görə də son zamanlar sürətlə qloballaşan dünya iqtisadiyyatında mülkiyyətin və müəssisələrin özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.
Ümumiyyətlə, özəlləşdirmə proqramlarına müxtəlif aspektlərdən yanaşmalar olsa da, onların hamısının qarşısında bir sıra problemləri həll etmək vəzifəsi durur. Burada, ilk olaraq, maliyyə sisteminin sağlamlaşdırılması məsələsi əsasdır. Çünki praktik olaraq bütün ölkələrdə özəlləşdirmə prosesi yüksək inflyasiya, dövlət büdcəsinin kəsirinin artımı və digər mənfi tendensiyalarla müşayiət olunub. Digər məqsəd isə rəqabətin artırılması, təbii inhisarların tədricən ləğvi, eyni zamanda əhalinin mülkiyyətçilər təbəqəsinə çevrilməsi yolu ilə iqtisadi artımın sosial bazasını formalaşdırmaqdan ibarətdir. Ən əsası, özəlləşdirmə dövlətin iqtisadi rolunun və funksiyalarının dəyişdirilməsi, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi məqsədi daşıyır.
Azərbaycanda özəlləşdirmə sistemi müstəqilliyin əldə edilməsindən sonra tətbiq edildi və ölkə iqtisadiyyatının inkişafı baxımından böyük əhəmiyyət kəsb etməyə başladı. Ötən illər ərzində dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu.
Özəlləşdirmənin başlıca məqsədi təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət olub.
Dövlətin iqtisadi siyasətinin əsas məqsədlərinə uyğun olaraq, muxtar respublikamızda da özəlləşdirmə prosesi uğurla həyata keçirilməkdədir. 2000-ci ilin avqust ayında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Naxçıvan Muxtar Respublikası dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı II dövlət proqramı”nın təsdiq edilməsi ilə özəlləşdirmənin ikinci mərhələsinə start verilib. Bu məqsədlə dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi, cəmiyyətlərin fəaliyyətinin bərpası, yeni istehsal və xidmət sahələrinin qurulması, müəssisə, təşkilat və obyektlərin, nəqliyyat vasitələrinin, torpaq sahələrinin özəlləşdirilməsi, dövlət mülkiyyətində olan obyektlərin icarəyə verilməsi, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadəsinə nəzarət olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi başlandığı dövrdən indiyədək 4 minə yaxın kiçik müəssisə və obyekt, 1 milyon kvadratmetrdən artıq torpaq sahəsi özəlləşdirilib, bütün bunlardan 4 milyon manatdan artıq vəsait daxil olub.
Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 55 dövlət müəssisəsi səhmdar cəmiyyətə çevrilib, 48 səhmdar cəmiyyət özəlləşdirilib, 39-nun fəaliyyəti bərpa edilib.
Fəaliyyəti bərpa edilmiş səhmdar cəmiyyətlərdə müasir dövrün tələblərinə cavab verən yeni texnoloji avadanlıqlar quraşdırılıb, 2 cəmiyyətdə mehmanxana xidməti, 4 cəmiyyətdə kənd təsərrüfatına aqrotexniki xidmət, 1 cəmiyyətdə məişət xidməti, 2 cəmiyyətdə broyler təsərrüfatı, 3 cəmiyyətdə taxıl emalı və taxıl məhsullarının, 4 cəmiyyətdə tikinti və tikinti materiallarının, 19 cəmiyyətdə sənaye məhsullarının istehsalı sahələri yaradılıb. Bu istehsal və xidmət sahələri üzrə, ümumilikdə, 2 mindən artıq yeni iş yeri açılıb.
2015-ci ilin ötən dövründə də bu istiqamətdə işlər davam etdirilib. Belə ki, dövlət əmlakından səmərəli istifadə edilməsi məqsədilə dövlət mülkiyyətində olan obyektlərdə monitorinqlər aparılıb və həmin obyektlərin icarəyə verilməsi təmin edilib. İcarədə olan 190 qeyri-yaşayış və torpaq sahələri üzrə dövlət büdcəsinə bu ilin 3 ayında 18 min manatdan çox icarə haqqı ödənilib.
Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunmasına nəzarəti təmin etmək məqsədilə nizamnamə kapitalında dövlət payı olan 4 məhdud məsuliyyətli cəmiyyətdə, 6 səhmdar cəmiyyətdə inventarizasiya aparılıb.
Dаşınmаz dövlət əmlаkının qоrunub sахlаnılmаsının səmərəliliyinin аrtırılmаsı, müvаfiq infоrmаsiyа bаzаsının fоrmаlаşdırılmаsı məqsədilə 2015-ci ilin I rübündə ümumi sаhəsi 25 min 249,9 kvadratmetr оlаn 17 müəssisə və оbyеkt üçün tехniki pаspоrt və 1 smeta hаzırlаnıb. Ümumilikdə, muxtar respublika üzrə indiyə kimi 1975 obyekt texniki pasportla təmin edilib.
Bir sözlə, iqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi muxtar respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, qədim diyarımızın xarici iqtisadi əlaqələrinin yüksəlməsinə əsaslı zəmin yaradıb. Muxtar respublikamızda iqtisadi islahatların tərkib hissəsi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin uğurla həyata keçirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin bərqərar olunmasına və insanların həyat tərzinə böyük təsir göstərib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti