Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin ənənəvi məzun günü keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada ali təhsilli tibbi kadrların hazırlanması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Tibb fakültəsinin müasir tələblərə cavab verən yeni xəstəxana binasının istifadəyə verilməsi, xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz olunması səhiyyənin inkişafına göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov hesabat xarakterli məruzəsində bildirib ki, 1999-cu ildə Pediatriya ixtisası ilə təməli qoyulan fakültədə 2007-ci ildə Tibbi profilaktika və 2011-ci ildə Müalicə işi ixtisasları açılıb. Bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən dövr ərzində inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə həkim hazırlığını həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov regionda yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında Tibb fakültəsinin rolundan, məzunların iş yerləri ilə təmin olunmasına göstərilən qayğıdan danışıb.