22 Dekabr 2024, Bazar

Səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin hər bir təbəqəsinin keyfiyyətli tibbi xidmətlə əhatə olunması aprel ayında diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir.

Aprel ayında aparılan genişmiqyaslı quruculuq işləri səhiyyə sahəsini də əhatə etmiş, Şərur rayonunun Cəlilkənd yaşayış məntəqəsində həkim ambulatoriyası, Şahbuz rayonunun Gömür kəndində feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən idarəolunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, hepatit əleyhinə vaksinlər, öz-özünü məhv edən şpris və işlənmiş materialları yığmaq üçün konteyner gətirilmişdir.

Ötən ay Doğum Mərkəzində Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatrlar Assosiasiyası ilə birgə “Pediatriyanın aktual problemləri” mövzusunda konfrans, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Stomatoloji innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilmiş, Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 10 nəfərdə açıq ürək əməliyyatı, 11 nəfərdə müayinələr aparmışdır.
Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən isə Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 24 nəfərdə müayinə, 18 nəfərdə əməliyyat yerinə yetirilmişdir.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Ordubad rayon təhsil müəssisələrinin 278 qadın işçisinin süd vəzində profilaktik müayinə aparılmış, 14 nəfərdə patologiya aşkar olunaraq onlar Onkoloji Mərkəzə dəvət edilmişlər.
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsi aparılmışdır. Aprel ayında 18 min 666 nəfərdə müayinə aparılmış, 2 min 844 nəfər dispanser qeydiyyatına alınmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin 20 nəfərdən ibarət tibb heyəti Culfa Rayon Mərkəzi Xəstəxanasında olmuş, 27 nəfərdə müxtəlif cərrahi əməliy­yat aparılmış, tibb işçilərinə laborator-diaqnostik aparatların istifadə qaydaları haqda məlumatlar verilmişdir.
17 аprel – Ümumdünya Hemofiliya Günü Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qanvermə aksiyası ilə qeyd olunmuş, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak etmişlər.
Rayon və kənd tibb müəssisələrinin fəaliyyətinə nəzarət məqsədilə aprel ayında Kəngərli Rayon Mərkəzi Xəstəxanasında, Qarabağlar və Şahtaxtı kənd həkim ambulatoriyalarında, Şərur Rayon Mərkəzi Xəstəxanasında, Cəlilkənd və Dəmirçi kənd həkim ambulatoriyalarında, Babək Rayon Mərkəzi Xəstəxanasında, Nehrəm kənd sahə xəstəxanasında, Güznüt və Çeşməba­sar kənd həkim ambulatoriyalarında, Sədərək Rayon Mərkəzi Xəstəxanasında mövcud çatışmazlıqların həll olunması üçün yerindəcə tapşı­rıqlar verilmişdir.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə aprel ayı ərzində muxtar respublika üzrə 15 nəfər Bakı şəhərindəki Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 50 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 20 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR