Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir. Bu sahədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası ilə qarşılıqlı əməkdaşlıq artıq ənənə halını alıb. Xəstəxananın Ürək-damar xəstəlikləri şöbəsinin heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 2015-ci ilin yanvar-aprel aylarında 65 nəfərdə müayinə, 44 nəfərdə açıq ürək əməliyyatı aparıb.
Bu günlərdə kardiocərrah Seymur Musayevin rəhbərliyi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olan heyət əvvəlcədən qeydiyyata götürülmüş risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr, 25 nəfər üzərində isə açıq ürək əməliyyatı aparılmasına göstəriş verilib.
Ötən şənbədən başlayaraq 16 nəfər kardioloji xəstə üzərində açıq ürək-aortakoronar şuntlama, qulaqcıqlararası defektin aradan qaldırılması, süni qapaqcıqların qoyulması, botal axacağın bağlanması kimi mürəkkəb əməliyyatlar aparılıb. Heyət xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayır.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya, palata tibb bacıları da yaxından iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti