Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Belə aksiyalardan biri yanvarın 30-da Kəngərli Rayon Polis Şöbəsi şəxsi heyətinin iştirakı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində həyata keçirilib. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.
Qeyd olunub ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və bu, donor qanına tələbatı artırır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların – ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərdə qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Belə xəstəliklərin müalicəsində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizmi, həmrəyliyi bu işin təşkilinə böyük kömək edir. Muxtar respublikamızda da bu istiqamətdə tədbirlər ardıcıl olaraq həyata keçirilir.
Sonra Kəngərli Rayon Polis Şöbəsinin şəxsi heyəti “Sən də bir həyat ver” devizi altında qanvermə aksiyasına qoşulub. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada 42 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən 19,5 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti