Hər il martın 24-də dünya ictimaiyyəti Beynəlxalq Vərəmlə Mübarizə Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mart ayında Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş tədbirlər keçirilib. Martın 19-da Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Naxçıvan Tibb Kolleci ilə birgə elmi-praktik seminar keçirib.
Kollecin direktoru İlhamə Mustafayeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə danışıb. Dispanserin baş həkimi İlqar Rzayev “Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası”, təşkilati-metodik kabinənin müdiri Məmmədəli Ələkbərov “Vərəmin aşkarlanma strategiyası”, profilaktik kabinə müdiri Əbülfəz Məmmədov “Vərəm xəstəliyinin profilaktikası” mövzularında çıxış ediblər.
Seminarda bildirilib ki, belə bir günün qeyd edilməsi üçün martın 24-ü təsadüfən seçilməyib. 1882-ci ildə məhz həmin gün alman mikrobioloqu Robert Kox vərəmi törədən mikrobları kəşf etdiyini elan edib. Statistikaya görə, vərəm hər il 1,6 milyon insanın həyatına son qoyur. Təəssüf ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlikdir. Lakin bu mübarizəni bir an belə dayandırmadan müəyyən sabitliyə nail olmaq mümkündür. Bunun üçün əhalinin vərəm xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq vacibdir.
Sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara vərəmin profilaktikası barədə bukletlər paylanılıb.
Dispanserin xətti ilə Şərur Rayon Mərkəzi Xəstəxanasında da Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib. Digər mövzularla yanaşı, həkim-bakterioloq Səbuhi Məmmədovun “Vərəmin rezistent (davamlı) formaları və belə xəstələrin dispanser müayinə və müalicə metodları” mövzusunda məruzəsi dinlənilib. Dispanserin həkim və orta tibb işçilərindən ibarət briqadası “DOTS+” xəstələrinin Şərur rayonunda monitorinqini keçirmək üçün həftə ərzində Dəmirçi, Cəlilkənd və Qarahəsənli kəndlərində olublar. Həmin kəndlərdə ”DOTS+” məntəqələri yaradılıb, xəstələrin iki aylıq dərmanları ərazi tibb işçilərinə verilib və onlar təlimatlandırılıblar.
Dispanserin xətti ilə Kəngərli rayonunun Qarabağlar kəndində “Uşaqlar arasında vərəm xəstəliyinin profilaktikası” barədə seminar keçirilib. Seminarda Qarabağlar kənd həkim ambulatoriyasının tibb işçiləri və Qarabağlar kəndindəki məktəblərin müəllimləri iştirak ediblər. Seminar iştirakçıları uşaqlarda vərəm xəstəliyinin diaqnostikası və müalicəsi üzrə yeni protokolla tanış olublar. Tədbir çərçivəsində kənddə olan xəstələrin monitorinqi keçirilib.
Dispanserin həkim briqadası Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə də olub, 35 nəfər yuxarı sinif şagirdini səyyar-flüoroqrafik müayinədən keçirib. Xəstə aşkar edilməyib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti