Ölkəmizin paytaxtı Bakı şəhərindən müxtəlif ixtisaslar üzrə həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti may ayının 7-dən Ordubad rayonunda növbəti humanitar aksiyaya start verib. Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 20 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Onlardan travmatoloq Natiq Əliyev, cərrah Pənah Hüseynov, anestezioloq Azər Əhmədov, proktoloq Məsmə Həsənova, kardioloq Gülşən Ağamirova, mama-ginekoloq Kənarə Abdullayeva, otolarinqoloq Sahib Səmədov, nevropatoloq Mehparə Qədimova, terapevt Fəxrəddin Cəfərov və başqalarının səyi ilə aksiyanın ilk günü 560 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan 18 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.
Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, praktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar. Qeyd edək ki, xəstəxanaya min nəfərdən çox pasiyent müayinə olunmaq üçün müraciət edib. Onların hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərir.
Aksiyada iştirak edən Ordubad şəhər sakini Yaşar Haşımov bildirdi ki, övladı Muxtarın cərrahi müdaxiləyə ehtiyacı var idi. Rayon Mərkəzi Xəstəxanasında belə bir aksiya keçirilməsi bu ehtiyacın ödənilməsinə imkan verib. Mayın 7-də övladı üzərində cərrahi əməliyyat aparılıb. Palataya yerləşdirilən xəstə yüksək həkim nəzarətindədir. Valideyn övladının yenidən öz sağlamlığına qovuşduğu bu günü heç vaxt unutmayacağını bildirərək əməyi olanlara minnətdarlıq etdi.
Azadkənd sakini Ceyhunə Rzayeva və başqaları da onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, Respublika Klinik Xəstəxanasının ayrı-ayrı ixtisaslar üzrə yüksəkixtisaslı həkim heyəti ötən il dekabr ayının 24-dən 27-dək Ordubad, bu ilin yanvar ayında isə Şərur Rayon Mərkəzi xəstəxanalarında da humanitar aksiya keçirib, 4238 nəfər tibbi müayinə edilib, 121 nəfər əməliyyat olunub.
Aksiya 3 gün davam edəcək.
Xəbərlər şöbəsi