Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin ölkəmizin paytaxtında fəaliyyət göstərən tanınmış tibb müəssisələri ilə qarşılıqlı əlaqələri, son nəticədə, xəstələrin başqa ünvanlara üz tutmadan yerli şəraitdə müayinə və müalicələrinə mühüm töhfələr verir. Onların iştirakı ilə aksiyalar təşkil olunaraq müayinələr aparılır, müxtəlif cərrahi, o cümlədən laparoskopik, LOR, TUR, kardiocərrahiyyə, oftalmoloji, transplantasiya, damar əməliyyatları həyata keçirilir.
Qeyd edilməlidir ki, Uşaq Ürək Cərrahiyyə Mərkəzi ilə qarşılıqlı əlaqələr Naxçıvanda uşaq invaziv kardiologiyasının inkişafında əhəmiyyətli rol oynayır. Naxçıvanda uşaqlar üzərində açıq ürək əməliyyatlarının təşkili isə qarşılıqlı əməkdaşlığın ən böyük uğurlarından biridir.
Ənənə halını almış belə tədbirlərin davamı olaraq, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi Uşaq kardocərrahiyyə şöbəsinin 13 nəfərdən ibarət heyəti ötən şənbə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gəlmişdir. Heyətdə uşaq ürək cərrahı, tibb üzrə fəlsəfə doktoru Elnur Həsənov, invaziv kardioloq Elnur İmanov, 3 cərrah, 3 anestezioloq-reanimatoloq, 1 perfüzioloq həkim, 6 tibb bacısı təmsil olunur. Mərkəzin invaziv kardioloqu Elnur İmanov aksiyadan əvvəl qeyri-iş günlərində Naxçıvana gələrək əvvəlcədən qeydiyyata alınmış xəstələr üzərində yerli həkimlərlə birgə 25 EXO müayinəsi aparmış, əməliyyata ehtiyacı olan anadangəlmə ürək qüsurlu uşaqlar seçilərək onların siyahısı hazırlanmışdır. Artıq ötən üç gün ərzində 5 cərrahi müdaxilə aparılmışdır. Xəstələr bir neçə günlük həkim nəzarətindən sonra evlərinə buraxılacaqlar.
Şərur rayonundan gəlmiş valideyn Babək İsmayılov bu aksiyanı muxtar respublika əhalisinin sağlamlığına göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirərək bildirib ki, anadangəlmə ürək qüsuru olan oğlunun muxtar respublikamızdan kənarda müalicəsi ailə üçün çətinlik yaradırdı. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində humanitar aksiyanın keçiriləcəyindən xəbərdar olunca bu səhiyyə müəssisəsinə müraciət edib. Övladı həkimlərin şəfqəti ilə əhatə olunub, aparılan müayinələrdən sonra beşyaşlı Mahirin üzərində açıq ürək əməliyyatı aparılmasına göstəriş verilib. Təmənnasız olaraq həyata keçirilən bu əməliyyatdan sonra övladı tam sağalıb. Bu, Novruz bayramı ərəfəsində ailə üçün ən böyük sevinc olub. Digər valideynlər də belə humanitar aksiyaların təşkilinə şərait yaradanlara, onun icraçılarına hədsiz minnətdarlıqlarını ifadə etmişlər.
Humanitar aksiya çərçivəsində əməliyyat üçün seçilmiş digər xəstələr üzərində pulmonar ballono plastika, botal axacağın bağlanması əməliyyatları aparılacaqdır. Ordubaddan gəlmiş 12 yaşlı Maral Məmmədovanın üzərində isə Naxçıvanda ilk dəfə olaraq epişteyn anomaliyasının total korreksiyası kimi nadir əməliyyatın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bir invaziv əməliyyat isə uşaq invaziv kardioloqu E.İmanov tərəfindən həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti