Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Pediatrlar Assosiasiyası və Naxçıvan Dövlət Universiteti ilə birgə “Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev muxtar respublikada uşaqların sağlamlığına göstərilən diqqət və qayğıdan danışıb.
Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, akademik Ədilə Namazova ulu öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib, səhiyyə sistemində müəyyənləşdirilən vəzifələrin bu gün uğurla həyata keçirildiyini bildirib.
Sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, dosent Sənubər Vəliyeva “Bir yaşa qədər uşaqlarda qarışıqların seçimi: səhvlər və təhlil”, Azərbaycan Tibb Universitetinin dosenti Təranə Tağızadə “Uşaqlarda qızdırma, hipertermik sindrom”, Naxçıvan Dövlət Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “Uşaqlarda böyrək xəstəliklərinin inkişaf anomaliyaları” mövzularında çıxışlar ediblər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti