22 Dekabr 2024, Bazar

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçilərinin qanla keçə bilən yoluxucu xəstəliklərlə, o cümlədən B və C hepatit virusuna yoluxma ehtimalını aradan qaldırmaq üçün onlardan ildə iki dəfə qan nümunələri götürülür və tibb işçiləri müayinəyə cəlb olunurlar.
Bu tədbir əvvəllər Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində keçirildiyindən rayonlarda obliqat qrupuna daxil olan tibb işçilərinin vaxt itkisinə səbəb olur, göndərilən qan nümunələrində yanlışlıqlara yol verilir, nəticələr tibbi müayinə kartlarında lazımi əksini tapmırdı. Bu problemi aradan qaldırmaq üçün QİÇS-lə Mübarizə Mərkəzi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Dəri-Zöhrəvi və Ağciyər Xəstəlikləri dispanserlərinin iştirakı ilə belə müayinələri bilavasitə obliqat qruplarının fəaliyyət göstərdikləri rayonlarda keçirməyə başlamışdır. Culfa və Şərur Rayon Mərkəzi xəstəxanalarında keçirilən tədbirlərdə həmin bölgələrdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin tibb işçilərindən qan nümunələri götürülmüş, QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriyasında HİV, hepatit B, C və qanla keçən digər xəstəliklərə görə analiz olunması üçün seroloji diaqnostikası aparılmış, nəticələr tibbi müayinə kartlarında öz əksini tapmış, yoluxucu xəstəliklərə yoluxma əlamətləri olan işçilər haqqında ərazi gigiyena və epidemiologiya mərkəzlərinə və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə məlumat verilmişdir.

Növbəti müayinələr Ordubad və Babək Rayon Mərkəzi xəstəxanalarında keçirilmişdir. Ordubad Rayon Mərkəzi Xəstəxanasının, rayonun həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin 220 nəfər tibb işçisi ilə yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzinin 18, gözəllik salonlarının 12 nəfər işçisi də aksiyaya cəlb edilərək onlardan qan nümunələri götürülmüşdür.
Mayın 26-27-də isə Babək rayonunun səhiyyə işçiləri aksiyada iştirak etmişlər. Mərkəzi xəstəxana ilə yanaşı, Cəhri və Nehrəm kənd sahə xəstəxanalarının, rayonun həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin 240, Gigiyena və Epide­miologiya Mərkəzinin 14, gözəllik salonlarının 25 nəfər işçisindən qan analizləri alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimləri isə ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə Ordubad rayonunda 186, Babək rayonunda isə 233 nəfər tibb işçisini rentgen-flü­oroqrafik müayinədən keçirmiş, xəstəliyə şübhəlilər əlavə müayinələrə cəlb olunmuşlar.
Səhiyyə Nazirliyində hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə 5 nəfərdən ibarət komissiya bu infeksiyaların profilaktikası və diaqnostikası, həmçinin belə xəstələrin müalicəsi üzrə görülən işlərin əlaqələndirilməsi, mövcud problemlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsi kimi vəzifələrin yerinə yetirilməsi ilə məşğul olacaq, aşkar olunmuş belə xəstələrin müalicəsi üçün müvafiq göstərişlər verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR