Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış və ötən dövr ərzində imtahanlarda iştirak edən 530 həkimdən 482-si, 298 orta tibb işçisindən 135-i şəffaf şəraitdə test imtahanlarını verib, müsahibə mərhələsini də uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıblar. Ötən ilin son rübündə isə sertifikasiya test imtahanlarında uğurlu nəticə qazanan 186 laborant və orta tibb işçisi müsahibə mərhələsinə buraxılıb.
Bu il fevralın 16-dan start götürən müsahibə mərhələsi 4 gün davam edib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika-Müalicə, Doğum, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər mərkəzlərinin, Mərkəzi Uşaq, Göz xəstəxanalarının, Ağciyər Xəstəlikləri, Endokrinoloji, Psixi Xəstəliklər dispanserlərinin, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının, rayon mərkəzi xəstəxanalarının, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin, digər səhiyyə müəssisələrinin laborant və tibb bacıları müsahibə turunda öz bilik və bacarıqlarını sınamalı olublar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən müsahibə turunda laborant və tibb bacılarına ixtisaslarına aid, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilib.
Müsahibələr açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini elan ediblər. 164 nəfər sertifikasiya imtahanını uğurla başa vurub. 4 nəfər imtahanda iştirak etməyib. Səciyyəvi cəhət budur ki, imtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi tibb bacılarının hazırlığına öz müsbət təsirini göstərdiyindən zəruri həddi keçə bilməyənlərin sayı get-gedə azalır. Növbəti imtahanda isə onların sayı xeyli azalaraq cəmi 18 nəfər olub. Onlar müəyyən hazırlıq müddətindən sonra yenidən sertifikasiya prosesinin müsahibə turunda iştirak etməli olacaqlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti