22 Dekabr 2024, Bazar

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən “Bioloji təbabət” klinikasının təşkilatçılığı ilə Şərur Rayon Mərkəzi Xəstəxanasında “Bioloji təbabətin aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Şərur, Kəngərli və Sədərək rayonlarındakı mərkəzi xəstəxanaların həkimlərinin iştirak etdikləri tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev açaraq bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb strukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir. Tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir. Həmçinin həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən növbəti seminar da həmin tədbirlərin davamıdır.

“Bioloji təbabət” klinikasının nümayəndəsi, tibb üzrə elmlər doktoru, professor Fikriyyə İbrahimova çıxış edərək bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən bu müəssisə ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Bu metod digər müalicə metodlarından fərqli olaraq, xəstəliyi deyil, xəstəni müalicə edir. Yəni bu müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur; müalicə zamanı digər orqan və sistemlər zədələnmir.
Tədbirdə slaydlar nümayiş olunub, dinləyicilərin sualları cavablandırılıb, onlara bukletlər paylanıb.
Elmi-praktik seminar digər rayonlarda da keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR