22 Dekabr 2024, Bazar

İyunun 1-dən etibarən ölkəmizdə ailə qurmaq istəyən şəxslərin məcburi tibbi müayinəsi həyata keçiriləcək. Bu addım sağlam ailənin formalaşması, uşaqların irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə doğulmasının qarşısının alınması baxımından zəruridir.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya iclasında konkret vəzifələr müəyyənləşdirilib. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın icrasını təmin etmək üçün müvafiq qərar qəbul olunub. Həmin qərara əsasən, nikaha daxil olmaq istəyən şəxslərə tibbi arayışların verilməsi ərazi bölgüsünə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi və rayon mərkəzi xəstəxanaları tərəfindən qeyd olunan müayinələrin nəticələri təqdim edildikdən sonra həyata keçiriləcəkdir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Naxçıvan Muxtar Respublikası Dəri-Zöhrəvi Dispanserində, QİÇS-lə Mübarizə Mərkəzində, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində aparılacaqdır. Tibbi arayışların verilməsi adları qeyd olunan səhiyyə müəssisələrində məsul şəxslərə həvalə edilib.

Nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiyalar, böyük və aralıq beta-talassemiya, oraqvarı hüceyrəli anemiya, QİÇS və sifilis xəstəliklərinə görə tibbi müayinədən keçməlidirlər.
Cütlüyə onların razılıqlarına əsasən həkim məsləhəti veriləcək, lazım gələrsə, onlar tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması üzrə konsultasiya olunacaqlar. Tibbi müayinə nikaha daxil olmaq istəyən şəxslərin və ya onların birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində pulsuz həyata keçiriləcəkdir. Onlara müayinələrin yazılı formada cavabları ilə yanaşı, tələb olunan quruma təqdim etmək üçün tibbi müayinədən keçdiklərini təsdiq edən, tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanan arayış təqdim ediləcək. Ancaq arayışda müayinənin nəticələri göstərilməyəcək – bu, həkim sirri kimi qalacaq. Nikaha daxil olanlarla bağlı məlumatların düzgünlüyünə və konfidensiallığına görə müvafiq səhiyyə ocağı və arayış verən həkim məsuliyyət daşıyır. Arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonrakı iki həftə ərzində veriləcək və onun etibarlılıq müddəti bir aydır. Bununla bağlı müvafiq şəxslərə lazımi göstərişlər verilib. Artıq müayinələr üçün laboratoriya otaqlarının, kabinetlərin, lazımi avadanlıqların ayrılması məqsədilə zəruri işlər görülüb.
Yeni qaydalar nikaha daxil olmaq istəyən, muxtar respublikamızda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil ediləcək.
Qeyd edilməlidir ki, bu qaydanın tətbiqi talassemiya kimi son zamanlar tez-tez müşahidə olunan xəstəliklərlə bağlıdır. Bununla əlaqədar artıq xeyli işlər görülsə də, hadisələrin gedişi bu xəstəliyin tükənmədiyini göstərir. Bu, insanların öz genetik göstəricilərini bilmədən nikaha daxil olmalarından irəli gəlir. Bir çoxları yalnız ailə qurandan sonra öyrənir ki, tərəflərdən hansındasa ciddi xəstəlik var. Yeni qaydalar bu problemi tamamilə aradan qaldıracaq.
Vurğulanmalıdır ki, Ailə Məcəlləsinə edilən dəyişiklik belə insanların nikahını qadağan etmir. Yalnız anlaqsız (ruhi xəstə) insanlar istisna olmaqla, digər xəstələrin nikahına icazə verilir. Ancaq müayinə zamanı sağlamlıqla bağlı hansısa problemlər qeydə alınarsa, gənclərə doğulacaq uşaqlarının hansı xəstəlik daşıyıcısı ola biləcəyi izah edilir, hansı yöndə müalicə almaları tövsiyə olunur.
Nikaha daxil olmaq istəyənlərdən arayış bir ay əvvəl Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Şöbəsinə müraciət edən zaman tələb olunacaq. Arayış təqdim edilmədiyi təqdirdə nikah qeydə alınmayacaq.
Yeni qaydalar Azərbaycan genofondunun qorunmasında, gənc­lərin dünyaya daha sağlam körpə gətirməsində mühüm rol oynayacaq, sağlam ailə mühitinin formalaşmasına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR