Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçilərinin may ayında start verilən dövri tibbi müayinələri başa çatıb.
İldə iki dəfə keçirilən bu müayinələr cari mövsümdə Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən bilavasitə rayonlarda təşkil olunub. Şərur, Culfa, Ordubad rayonlarından sonra mövsümün son müayinələri Babək, Kəngərli, Sədərək, Şahbuz Rayon Mərkəzi xəstəxanalarında və ərazi həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində, eləcə də Naxçıvan Dövlət Universitetində aparılıb. Bütövlükdə, mövsüm ərzində 1635 nəfər həkim və orta tibb işçisindən qan müayinələri götürülüb. Tibb işçiləri ilə yanaşı, Gigiyena və Epidemiologiya mərkəzlərinin, gözəllik salonlarının işçiləri, universitetin professor-müəllim heyəti də aksiyaya cəlb ediliblər.
Onların HİV, hepatit B, C və qanla keçən digər xəstəliklərə görə analiz olunması üçün seroloji diaqnostikası aparılıb, nəticələr tibbi müayinə kartlarında öz əksini tapıb, yoluxucu xəstəliklərə yoluxma əlamətləri olan işçilər haqqında ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinə və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə məlumat verilib.
Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimləri də dövri tibbi müayinələr aparıblar. Ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə 959 nəfər tibb işçisi rentgen-flüoroqrafik müayinədən keçirilib, 12 nəfərdə xəstəliyə meyillilik aşkar olunub, 1 nəfər dispanser qeydiyyatına alınıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti