22 Dekabr 2024, Bazar

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.
İclası Səhiyyə naziri Niyazi Novruzov açaraq 2014-cü ildə səhiyyə sistemində görülən işlərdən danışıb. Bildirib ki, ötən il 13 səhiyyə müəssisəsi istifadəyə verilib, 6 obyekt isə cari ildə istifadəyə verilməsi üçün hazırlanıb. Prezident İlham Əliyevin Kəngərli Rayon Mərkəzi Xəstəxanasının əsaslı yenidənqurma və təmirdən sonra açılışında iştirakı muxtar respublika səhiyyəsi üçün yaddaqalan, əlamətdar hadisədir.

Qeyd olunub ki, ötən il dispanserizasiya, ana və uşaqların sağlamlığının qorunması, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, onkoloji, dağınıq skleroz və digər xəstəliklər üzrə dövlət proqramları çərçivəsində işlər davam etdirilib. Səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri kimi xroniki böyrək çatışmazlığı olan xəstələrin hemodializ müalicəsi, demək olar ki, öz həllini tapıb. 2014-cü ildə Şahbuz və Kəngərli rayonlarında dializ aparatları qurulmaqla hazırda səhiyyə müəssisələrində 102 xəstə üçün 24 hemodializ aparatı fəaliyyət göstərir.
“Sosial-iqtisadi həyatın bütün sahələrində müşahidə olunan dinamik artım meyilləri, əhali rifahının yaxşılaşdırılması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəli­liyinin artırılması demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərib”, – deyən nazir əlavə edib ki, ötən il təbii artım 4 min 765 nəfər olub.
Nazir vurğulayıb ki, ötən il dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ardıcıl tədbirlər görülüb, həkim briqadaları ucqar dağ kəndlərində əhaliyə səhiyyə xidmətləri göstəriblər.
Tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, onlar Bakı şəhərinə, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilib, həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib. Muxtar respublikaya dəvət olunmuş yüksəkixtisaslı həkimlər yerli həkimlərlə birgə xeyli sayda əməliyyatlar aparıblar.
Səhiyyə naziri cari ildə görüləcək işlərdən də danışıb. Bildirilib ki, hər bir səhiyyə işçisi daha səylə çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Sağlamlığın qorunması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilməlidir. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün profilaktika, ilkin tibbi yardım və müalicə xidmətləri təkmilləşdirilməli, xüsusilə ilkin tibbi yardım sistemi inkişaf etdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR