Havaların isti keçməsi insanları bəzi çətinliklərlə qarşı-qarşıya qoyur. Belə vaxtlarda insanlar bəzən günvurma, bəzən də zəhərlənmədən xəstəxanalara müraciət edirlər. Ötən günlərdə qəzetimizin səhifələrində günvurma, ondan necə qorunmaq barədə oxucularımızı məlumatlandırmışdıq. Bu dəfə isə, xüsusilə də belə isti günlərdə təsadüf edilən qida zəhərlənmələri haqqında danışacağıq.
Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri hansılardır? Bundan necə qorunmaq olar? Və ən əsası nə üçün yay mövsümündə qida zəhərlənmələrinin sayı artır? İnsanları narahat edən bu və digər suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə üz tutduq. Mərkəzin Bakterioloji laboratoriyasının həkim-laborantı Solmaz Təhməzova bu barədə danışaraq dedi ki, havalar isti keçdikdə müəyyən patogen mikroblar sürətlə çoxalır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı artır. Eyni zamanda yayda bəzi mövsümi xarakterli yeməklər də zəhərlənmələrə səbəb ola bilər.
Həkim-laborantın sözlərinə görə, insanlar hər zaman eyni səbəbdən zəhərlənmir. Onlar müxtəlif bakteriyalara yoluxaraq zəhərlənirlər. Məsələn, bunlardan biri olan botulizm bakteriyaları qapalı mühitdə olan qidalarda artmağa başlayır ki, buna yoluxan insan vaxtında həkimə müraciət etməsə, zəhərlənmə hadisəsi ölümlə nəticələnə bilər. Bu halda xəstə qusma, çəpgörmə, mədə-bağırsaq sisteminin pozulması halları ilə rastlaşır. Adıçəkilən bakteriyalardan zəhərlənmə ən çox yayda müxtəlif tərəvəzlərdən, qışda isə turşulardan olur. Tərəvəzlər yaxşı yuyulmadan turşuya qoyularsa, bu, ciddi fəsadlar yaradır. Bunun üçün tərəvəzlər turşuya qoyulmamışdan əvvəl axar suda yaxşıca yuyulmalıdır. Qeyd edək ki, salmonellyoz bakteriyalarından da zəhərlənmə halları baş verir. Bu zaman xəstədə istilik qalxır, qusma, ishal halları müşahidə olunur. Bu cür zəhərlənmə insanın sinir sisteminə də mənfi təsir göstərir.