29 Aprel 2024, Bazar ertəsi

Aprelin 13-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında 17 aprel – Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbir keçirilib.
Xəstəxananın baş həkimi Əli Ələsgərov dünyanın 100-dən çox ölkəsində əhalini xəstəliklə bağlı məlumatlandırmaq məqsədilə bu günün hər il qeyd olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, irsi qan xəstəliyi olan bu xəstəliyin əsas səbəbləri yaxın qohumların nikahı, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsiri və digər amillərlə bağlıdır. Hemofiliya qanın laxtalanma prosesinin anadangəlmə pozğunluğu olub, təkcə həmin xəstəlikdən əziyyət çəkən şəxslərin yox, həm də cəmiyyətin problemidir. Ölkəmizdə 1500-dən çox, muxtar respublikamızda isə 68 nəfər bu xəstəlikdən əziyyət çəkir. Son illər ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsi yüksəldiyi üçün ölüm faizi azalıb.
Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında Fərman imzalanıb. Bununla əlaqədar əhali arasında vaxtaşırı maarifləndirmə kampaniyası həyata keçirilir. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” isə irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Tədbirdə Hematologiya şöbəsinin müdiri Xalidə Bağırova “Hemofiliya xəstəliyinin müalicə prinsipləri”, həkim-hematoloq Leyla Bağırova “Hemofiliya xəstəliyinin epidemiolo­giya, klinika, diaqnostikası, VIII və IX faktorun biokimyəvi xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr slayd və xronikalarla müşayiət olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR