...Neçə vaxtdan bəri muxtar respublikamızın blokada şəraitində qalması yaşayış tərzini bir az da mürəkkəbləşdirib. Evlərdə, iş yerlərində elektrik enerjisinin, lazımi istiliyin olmaması müxtəlif problemlər yaradır. Belə vəziyyət sağlam adamların da səhhətinə müəyyən dərəcədə təsir edir. Bəs xəstələrin halı necədir?
Yaxınlarının, dost-tanışlarının vəziyyəti ilə maraqlanmaq istəyənlər xəstəxanaya gələrkən onların halını sözsüz başa düşürlər. Soyuq, bəzən də qaranlıq palatalar ilk baxışda soruşmadan vəziyyəti göstərir. Naxçıvan Respublika Xəstəxanasının baş həkimi Mustafa Fətullayev də bu sözlərə şərik çıxdığını bildirir: – Xəstələrin tez sağalması üçün, ilk növbədə, palatalarda, otaqlarda lazımi istiliyin yaradılmasını əsas şərt kimi qəbul edirik. Lakin bizdən asılı olmayan səbəblərə görə zəruri şəraiti yarada bilmirik. Xəstəxanamızın qazanxanası təmirdən təzəcə çıxıb. Lakin mazut, qaz olmadığından ondan istifadə edə bilmirik. Məcbur qalan xəstələr vəziyyətdən çıxış yolunu elektrik qızdırıcılarından istifadə etməkdə görürlər. Bunun isə nə demək olduğunu hamı bilir. Standarta uyğun olmayan qızdırıcılar hər an yanğın törədə bilər... Bundan başqa, gərginlik həddindən artıq sərf edildiyindən elektrik xətləri tez-tez sıradan çıxır. Bəzən günlərlə xətlərin təmiri ilə məşğul oluruq. Elektrikin, istiliyin olmaması, xüsusilə Cərrahiyyə şöbəsində vəziyyəti ağırlaşdırır. Tez-tez çətinliklərlə qarşılaşırıq. Əməliyyat aparılarkən elektrik enerjisinin kəsilməsinin nə demək olduğunun izaha ehtiyacı yoxdur. Xəstəxanamızda olan 5 kilovatlıq generatordan belə, çətin məqamlarda yalnız Cərrahiyyə şöbəsində istifadə edirik. 550 çarpayılıq xəstəxanada yalnız 440-a yaxın xəstəyə tibbi xidmət göstərə bilirik. Hamı başa düşür ki, bu cür vəziyyətin tezliklə aradan qaldırılması üçün yuxarı təşkilatlar tərəfindən gərgin iş aparılır. Yəqin ki, İran və Türkiyə respublikaları tərəfindən muxtar respublikamıza çəkilən elektrik xətləri istifadəyə verildikdən sonra vəziyyət nisbətən yaxşılaşar.
Ümidlə yaşamaq yaxşıdır. Amma hələlik vəziyyət, deyildiyi kimi, çətindir. Bizə isə qalır xəstələrə “yastığın yüngül olsun” deməklə onlara xoş arzularımızı bildirmək.
X.Sadiqova
“Şərq qapısı” qəzeti
25 noyabr 1992-ci il
Naxçıvan Muxtar Respublika Xəstəxanası
bu gün xəstələrin ümid yeri, şəfqət ünvanıdır
Ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınan Naxçıvan Muxtar Respublikasında, demək olar ki, bütün sahələrdə vəziyyət çox ağır idi. Ermənilərin çirkin əməllərinə paralel olaraq, mərkəzi hakimiyyətin də biganə münasibəti ucbatından bir tərəfdən qədim diyarımızın işğal təhlükəsi ilə üz-üzə qalması, digər tərəfdən, ərzaq qıtlığı, süfrəmizin neməti olan çörəyə belə, həsrət qalmağımız, işığın, təbii qazın olmaması, bütün bunların fonunda təbiətin də bizi sınağa çəkməsi – yayın şiddətli istilər, qışın isə sərt şaxtalar ilə müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirirdi. Yaxşı ki həmin illərdə ulu öndərimiz Heydər Əliyev Naxçıvanda idi. Məhz onun ciddi səyləri nəticəsində bir sıra problemlər həll edilirdi. Lakin yaranmış vəziyyət bütün məsələləri tam həll etməyə imkan vermir, bəzi çətinliklərin aradan qaldırılması üçün zaman tələb olunurdu...
Həmin vaxtlarda isə ümid ilə üz tutduğumuz xəstəxanalardan çox vaxt nagüman qayıdırdıq. Yuxarıdakı məqalədə də qeyd olunduğu kimi, tibbi əməliyyat aparılarkən işığın sönməsi və bu zaman xəstənin həyatını itirməsi, qan çatışmazlığı, antisanitar vəziyyətdə olan xəstəxana palatalarında səhhəti daha da ağırlaşan insanlar həmin illərin reallıqları idi. Çox böyük xoşbəxtlikdir ki, bu gün artıq bütün bunların hamısı geridə qalıb.