29 Mart 2024, Cümə

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçilərinin B vaksini ilə immunlaşdırılması məqsədilə üç turdan ibarət immunlaşdırılma işi həyata keçirilir. Hepatit B vaksininin vurulması üçün orta tibb işçilərindən (vaksinator daxil olmaqla) ibarət briqada yaradılmışdır. Aksiya həm rayon mərkəzi xəstəxanalarının, həm də Naxçıvan şəhərindəki tibb müəssisələrinin işçilərini əhatə edir. Vaksin alan bütün tibb işçilərinin qanı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə laboratoriyasında hepatit B virusuna qarşı analiz olunmuş və həmin qan nümunələrinin hepatit B-yə görə seroloji ­dia­q­nostikası aparılmışdır.

Ardını oxu...

Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Yemişan bir çox vitaminlər, mikroelementlər, orqanik turşular, efir yağları və sair faydalı maddələrlə zəngindir. Bu giləmeyvənin tərkibində insan orqanizmi üçün faydalı olan bəzi maddələrə təbiətdə az rast gəlinir. Məhz zəngin tərkibinə görə yemişan insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Yemişanın təbabətdə istifadəsi Dioskritin dövründən məlumdur. Qədimdən bu ağacın çiçəkləri və meyvələri yuxusuzluqda, başgicəllənməsində, ürək ağrılarında, yel xəstəliklərində, aterosklerozda, ruhi pozğunluqda və epilepsiya zamanı istifadə edilib. Meyvələrinin maye ekstraktı, çiçəklərinin dəmləməsi dərman məqsədilə işlədilir. Yemişandan təbii ürək dərmanı kimi də istifadə edilir. O, ürək əzələlərinin yığılmasını qüvvətləndirir, ürək fəaliyyətinin ritmini normallaşdırır və qan dövranını gücləndirir. Bir çox ürək dərmanlarının tərkibinə yemişan ekstraktı daxil edilir. Giləmeyvənin tərkibində olan xeyirli maddələr ürəyin tac və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır. Bu meyvə ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Bütün bunlarla bərabər, yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.

Ardını oxu...

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva tədbiri açaraq gələcəyimiz olan uşaqların muxtar respublikamızda qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev cari ildə uşaq əhalisinə göstərilən tibbi xidmətin vəziyyəti barədə məlumat verib. Uşaqların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, məktəbyaşlı uşaqlarda ixtisas həkimləri tərəfindən dərindən tibbi müayinələrin aparılması, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzindədir.
Qeyd olunub ki, bu ilin 10 ayında 4 min 775 uşaq doğulub, onlara lazım olan peyvəndlər vaxtında vurulub, 3 min 671 elektron sağlamlıq kartı verilib, pediatrların bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-neonatoloqu Aysel Baxşıyeva, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı İlvin Rzayev müxtəlif mövzularda çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızın bütün bölgələrində əhalinin müxtəlif təbəqələri, o cümlədən orta məktəblərdə, xüsusi təmayüllü liseylərdə təhsil alan şagirdlərin keyfiyyətli tibbi xidmətlə əhatə edilməsi üçün mövcud olan potensialdan səmərəli istifadə olunur.
Ümumtəhsil məktəblərində kütləvi profilaktik tibbi müayinələrin aparılması muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən sosial siyasətin mühüm və başlıca tərkib hissələrindən biridir. Yeniyetmələr arasında profilaktik müayinələr zamanı gizli xəstəliklər vaxtında aşkar edildiyindən xəstənin tam sağal­masına nail olunur. Bu məqsədlə dünən Şərur şəhərində fəaliyyət göstərən Fizika-Riyaziyyat Təmayüllü Liseydə Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən 7-11-ci sinif şagirdləri profilaktik müayinələrə cəlb olunublar. Rayon Mərkəzi Xəstəxanasının həkim kollektivi gün ərzində 200-dək şagirdi müayinə edib, onlara müəyyən məsləhətlər veriblər. Şagirdlər arasında ciddi problemlər aşkar olunmayıb.
Aksiya xəstəxananın həkim-pediatrı Kəmalə Bağırova, nevropatoloq Zakir Mustafayev, burun-boğaz (Lor) həkimi Əsəd Əhmədov, oftalmoloq Araz İbrahimov, fizioterapevt Mehman Əliyev tərəfindən həyata keçirilib.

Mehman Məmmədov

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Növbəti belə nəcib və humanitar aksiya dekabrın 12-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyasında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak ediblər.
Donorlardan əvvəlcə arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.
Onların müayinəsini və qan gö­türülməsini həyata keçirən Mərkəzi qan bankı şöbəsinin müdiri Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. O bildirib ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, daxili orqanların, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Bu da qana olan tələbatı artırır.
Bir neçə saat davam edən aksiyada nazirliyin 31 əməkdaşı könüllü olaraq qan verib. Onlardan götürülən 14,5 litr qan Mərkəzi qan bankına təhvil verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərində fəaliyyət göstərən gözəllik salonlarının sahibkarları və işçilərinin iştirakı ilə sanitar-gigiyenik qayda və normalara dair seminar keçirilib.
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva gözəllik salonlarında virus hepatitləri və onlarla əlaqədar xəstəliklərə görə profilaktika, skrininq tədbirlərinin gücləndirilməsinin əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, hepatitə qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsi müasir dünya səhiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Muxtar respublikada da belə məqsədyönlü tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əczaçılıq və özəl sahibkarlıq sektorunun müdiri Hacı Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Emin Həsənov, Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Zeynəb Mənsumova qanla keçən yoluxucu xəstəliklərin profilaktikası məqsədilə gözəllik salonlarında aparılan sanitar-gigiyenik və əks-epidemik tədbirlər, monitorinqlər barədə məlumat verib, infeksion xəstəliklərə qarşı dezinfeksiya və sterilizasiya işinin təşkilində yol verilən nöqsanlardan danışaraq onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən bəhs ediblər.
Sonda gözəllik salonu işçilərinə dezinfeksiya və sterilizasiya işinin təşkili barədə təlimatlar paylanıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gəlməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloq-cərrahı Fərəh Abduləliyeva və Naxçıvan Muxtar Respublika Xəstəxanası Oftalmologiya şöbəsinin müdiri həkim-oftalmoloq Səidə Hüseynova Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yerli tibb işçiləri ilə birgə xəstələri tibbi müayinədən keçiriblər. Həkimlər tərəfindən görmə orqanının bütün növ xəstəlikləri – gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb. Gün ərzində 83 nəfər müayinədən keçirilib. Cərrahi müdaxiləyə ehtiyacı olan 3 nəfər əməliyyat üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunub.
Səyyar aksiyada göstərilən xidmətlərdən, əsasən, uşaqlar, eləcə də ahıllar istifadə ediblər. Rayonun Kolanı kənd sakini Nazilə Həsənova bildirib ki, gözlərində yaranmış problemlə bağlı aparılan müayinələrdən sonra qoyulan diaqnoza uyğun ona müvafiq tibbi təyinat yazılıb, müalicəsini rayon xəstəxanasında davam etdirəcəkdir.
Şada kəndindən Fərrux Nəbiyevin iki övladı müayinədən keçirilib. O, övladlarını başqa yerlərə aparmadan Naxçıvan Muxtar Respublika Xəstəxanasında pulsuz müayinə etdirdiyinə görə minnətdarlığını bildirib.
Növbəti müayinələrin gələn ay Sədərək və Şərur rayonlarında keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Son illər həkimlərimiz qonşu Türkiyə Respublikasında təhsillərini davam etdirdikdən sonra ölkəmizə qayıdaraq uğurla fəaliyyət göstərirlər. Belə həkimlərdən biri də Naxçıvan Muxtar Respublika Xəstəxanası Urologiya şöbəsinin uroloq-cərrahı Anar İbrahimovdur. Əvvəlcə onu qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən uroloji xidmətin koordinasiyasına ciddi nəzarət edilməsi, bu sahədə kadr hazırlığına diqqətin daha da artırılması səhiyyə müəssisələrində uroloq ixtisası üzrə kadr çatışmazlığının aradan qaldırılmasına şərait yaradıb. Anar həkim də belə kadrlardan biridir. Həmin gənc həkimlə söhbətimizdə də bu, bir daha öz əksini tapdı.

– Öncə sizi tanıyaq: həkim Anar İbrahimov kimdir?
– Babək rayonunun Nehrəm kəndində doğulmuşam. 1999-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almış, nefroloq olaraq interna keçmişəm. Elə həmin il Naxçıvan Muxtar Respublika Xəstəxanasının Urologiya şöbəsində uroloq-nefroloq kimi fəaliyyətə başlamışam. 2011-ci ildə Ankara Universiteti Tibb fakültəsinin İbn Sina Xəstəxanasının Urologiya şöbəsində işləməklə yanaşı, orada təhsilimi davam etdirmişəm. Həmin illərdə Ankara Dismorfoloji Simpoziumu, Türk, Balkan Uroloji konqreslərində və urologiya üzrə müxtəlif tədbirlərdə iştirak etmişəm. Nəhayət, 2017-ci ildə təhsilimi tamamlayaraq yenidən doğma iş yerimə qayıdıb uroloq-cərrah kimi fəaliyyətə başlamışam.

Ardını oxu...

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdən, insanları maarifləndirməkdən ibarətdir.
QİÇS-in yaranmasına və yayılmasına daha çox narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik səbəb olur. Bundan başqa, yoxlanmamış donor qanın köçürülməsi zamanı birdəfəlik şprislərin təkrar istifadəsi, steril olmayan tibbi alətlər, döymə, qulaq və bədənin digər üzvlərinin deşilməsi, manikür, gigiyenik tələblərə cavab verməyən əşyalardan istifadə və başqa amillər də yoluxmaya gətirib çıxara bilər.
Qeyd edək ki, 1996-cı il aprelin 16-da ölkəmizdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” Qanun qəbul olunub. 2010-cu ildə isə qanun yenidən işlənərək bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, noyabrın 27-də muxtar respublikada uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün kütləvi diaskin sınağına start verilib.
Culfa rayonundan başlanan kütləvi müayinələr əvvəlcə şəhər tam orta məktəblərində həyata keçirilib. Culfa şəhər 3 nömrəli tam orta məktəbdə 700 şagird diaskin sınağına cəlb olunub.
Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə diaskin testin əhəmiyyətindən bəhs olunaraq bildirilib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Odur ki, xəstəliyin erkən diaqnozunun qoyulması və müalicəsinin vaxtında başlanması mühüm əhəmiyyət kəsb edir. Diaskin testin yüksək səviyyədə həyata keçirilməsinin mahiyyətinin və əhəmiyyətinin öyrənilməsi məqsədilə rayon mərkəzi xəstəxanası, gigiyena və epidemiologiya mərkəzi tərəfindən xidmət ərazilərində diaskin test sınaqlarına cəlb edilən uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb bacısından ibarət üç briqada yaradılıb. Diaskin test sınaqlarının nəticələri qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqlar dərin ftiziatr müayinələrinə cəlb ediləcəklər.
Muxtar respublikada uşaq və yeniyetmələr arasında kütləvi diaskin sınağı dekabr ayının 7-dək davam edəcəkdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq ali təhsil müəssisələrində və kolleclərdə təhsil alan tələbələr və pedaqoji kollektivlər yeni dərs ilinin ilk kütləvi profilaktik müayinələrinə, dispanserizasiyaya cəlb ediliblər.

Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının əməkdaşlarından ibarət həkim briqadası yaradılıb və iş qrafiki tərtib edilib. Noyabrın 27-də başa çatan kütləvi müayinələrdə bütün fakültələr əhatə olunmaqla, 3 min 156 nəfər iştirak edib. Profilaktik müayinə zamanı ehtiyac olan hallarda yüksəkixtisaslı həkimlər tərəfindən konsultasiya və laborator-diaqnostik müayinələr aparılıb. 170 nevroloji, 195 LOR, 81 stomatoloji, 259 oftal­moloji, 57 dəri-zöhrəvi, 45 terapevtik, 19 cərrahi xəstəliyə meyilli hal müşahidə olunub. Onların daşıyıcıları olan tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib.
Tələbələr arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstə­liklər barədə səhiyyə maarifi işləri aparılıb. Kütləvi profilaktik müayinələr ilin sonuna kimi digər ali təhsil müəssisələrinin müəllim və tələbələrini də əhatə edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ucqar dağ və sərhəd kəndlərinin həkim ambulatoriyaları, feldşer-mama məntəqələrində çalışan orta tibb işçiləri tərəfindən kardioloji xəstələrə ilkin tibbi yardım xidmətini daha da yaxşılaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzində üçgünlük təlim-treninq keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin fəaliyyəti, maddi-texniki bazası ilə tanış olublar.

Təlim-treninqlər 20 nəfərlik qruplar üzrə keçirilib. Mərkəzin baş həkimi Alı Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün muxtar respublikada əhaliyə göstərilən kardioloji xidmət yüksək səviyyədədir. Tibb elminin son nailiyyətlərindən səmərəli istifadə olunur. Xəstələrə ambulator və stasionar tibbi xidmət, xüsusən də reanimasiya xidməti təlimata uyğun aparılır. Kardioloji xəstələrin invaziv müalicələri, açıq ürək-damar, protez qapaqların implantasiyası əməliyyatları yerli mütəxəssislər tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində şagirdləri kompleks tibbi müayinədən keçirib.
Son illərin quruculuq ünvanlarından olan bu təhsil müəssisəsində hazırda 454 şagird təhsil alır. Onlardan 47 nəfəri məktəbin yataqxanasında yaşayır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan bu şagirdlər mütəmadi olaraq tibbi müayinələrdən keçirilir, sağlamlıqları mühafizə edilir. Diaqnostika-Müalicə Mərkəzinin həkimləri Aysel İbrahimova, Məhsəti Allah­verdiyeva, Xətai Əliyev və Aynur Rzayeva ambulator müayinələr zamanı internat tam orta məktəbinin yataqxanasında yaşayan şagirdləri hematoloji, uroloji, nefroloji, praktoloji, oftalmoloji və digər tibbi müayinələrdən keçiriblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. 22 uşaqda əlavə tibbi müayinələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Diaqnostika-Müalicə Mərkəzinə dəvət ediliblər.

Ardını oxu...

Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “Diaskin test preparatı və onun əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən təşkil olunan tədbiri xəstəxananın baş həkimi Rəhim Rəhimov açaraq bildirib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan dünyada hər dəqiqədə iki insanın həyatına son qoyur və əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Odur ki, xəstə­liyin erkən diaqnozunun qoyulması və müalicəsinin vaxtında başlanması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına əsasən noyabr ayının 27-dən dekabr ayının 7-dək uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb olunması üçün şagirdlər arasında kütləvi diaskin sınağı aparılacaqdır.
Vurğulanıb ki, hazırda bu mühüm kampaniya üçün təşkilati işlər görülür, məktəblərdə maarifləndirmə işi aparılır. Diaskin testin yüksək səviyyədə həyata keçirilməsinin mahiyyətinin və əhəmiyyətinin öyrənilməsi məqsədilə artıq rayon mərkəzi xəstəxanaları, şəhər, rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində test sınaqlarına cəlb edilən uşaqların siyahılarının tərtib olunmasına başlanılıb. Ərazi prinsipi üzrə bir həkim və iki tibb bacısından ibarət xüsusi briqadalar yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü muxtar respublikanın müasir səhiyyə müəssisələrindən biri olan Babək Rayon Mərkəzi Xəstəxanasında 27 cərrahi əməliyyat aparıb, əhaliyə təmənnasız tibbi xidmətlər göstəriblər.
Həkim-cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, İlham İsmayılov, Nazim İbrahimov, İlhamə Əsgərova, anestezioloqlardan Ənvər Şıxəliyev, Zaur Həsənov, Aidə Məmmədovanın iştirakı ilə ambulator müayinələrdən keçmiş 50 xəstə üzərində cərrahiyyə əməliyyatları aparıblar. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində xolesistoektomiya, kistoektomiya, hemorroidoektomiya, hernioektomiya və başqa əməliyyatlar aparılıb.

Ardını oxu...

Əsaslı təmir və yenidənqurma işlərindən sonra 2015-ci ildə istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanası bu gün bölgədə ən mühüm səhiyyə müəssisələrindən biri kimi fəaliyyət göstərir. 300 çarpayılıq xəstəxanada müasir standartlara cavab verən tibbi avadanlıq, aparat və cihazların qurulması həm həkimlərin işini asanlaşdırıb, həm də xəstələrin düzgün şəkildə müalicə olunmasına şərait yaradıb. Bu aparatlardan səmərəli istifadə edilməsi üçün həkimlər ixtisasartırma kurslarına göndərilib, onlar təcrübə mübadiləsi keçərək nəzəri bilik və peşə bacarıqlarını artırıblar. Həmin həkimlərdən biri də qastroenterologiya bölməsinin gənc həkimi Günel Həsənovadır. 

Ardını oxu...

Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının etibarlı qorunmasından, keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsindən ibarətdir. Azərbaycanda səhiyyənin inkişafı və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Ümummilli liderimizin səhiyyə sahəsində müəyyənləşdirdiyi strateji xətt ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir, bu sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürü­lərək muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.
Növbəti belə müayinə Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim briqadası tərəfindən Şahbuz Rayon Mərkəzi Xəstəxanasında aparılıb. Oftalmoloq, kardioloq, nevropatoloq, endokrinoloq və laborantlardan ibarət briqada yerli tibb işçiləri ilə birlikdə 116 nəfəri profilaktik tibbi müayinələrlə əhatə edib. Aşkar olunan ilkin xəstələrə müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb.
Aksiyada iştirak edən Biçənək kənd sakini Fatma Mustafayeva bildirib ki, bəzən sağlamlığımıza biganə yanaşırıq. Belə məqamda həkimlər bunun qeydinə qalırlar. Mənə də yaxını görmək üçün eynək yazdılar. Sağ olsunlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında 14 noyabr – Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib. Xəstəxananın baş həkimi Əli Ələsgərov bildirib ki, dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildən başlayaraq hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd edilir.
Baş həkim vurğulayıb ki, MDB ölkələri arasında ilk olaraq Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb, bu xəstəliyə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub.

Ardını oxu...

Bu günlərdə muxtar respublikanın səhiyyə tarixində daha bir ilkə imza atılıb. Belə ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində cərrahiyyə zamanı ECMO cihazı tətbiq edilib. Ekstrakorporeal Membran Oksigenasiyası (ECMO) ağciyər və ya ürək çatışmazlığı (ya da ikisi birlikdə) olan xəstələrdə başqa bir müalicə alternativi qalmadığı və ya uğursuz olduğu vəziyyətlərdə orqan zədələnməsinin qarşısını almaq üçün istifadə edilən müvəqqəti dəstək sistemidir. Bu aparatdan həyatı davam etdirmək üçün lazımi funksiyaları yerinə yetirə bilməyən ürək və ya ağciyər çatışmazlığı xəstələrinə müvəqqəti dəstək məqsədilə istifadə olunur.
Qeyd edək ki, muxtar respublika rəhbərinin şəxsi təşəbbüs və göstərişi ilə alınan bu aparat Azərbaycan Respublikasının az sayda səhiyyə mərkəzlərində mövcuddur.
Əməliyyatı həyata keçirən kardiocərrah Cabir Gülmalıyev Türkiyə Respublikasında tibb və uzmanlıq təhsili alaraq hazırda ürək-damar cərrahiyyəsi uzmanı kimi fəaliyyət göstərir. O bildirib ki, üzərində açıq ürək əməliyyatı aparılmış 69 yaşlı xəstə beş gün sonra ciddi aspirasyon pnevmaniyası və ağciyər çatışmazlığı diaqnozu ilə yenidən Reanimasiya şöbəsinə götürülüb. Baş verən təngnəfəslik onun həyatı üçün ciddi təhlükə yaradıb. Reanimatoloqlar Şahin Mazanov, Xətai Əliyev və perfuzionist Eylas Kazımov ilə birgə konsilium qərarına əsasən xəstəyə muxtar respublika səhiyyəsi tarixində ilk olaraq ECMO müalicə sistemi tətbiq olunub və 72 saat ərzində xəstəyə edilən dəstək minimuma endirilərək ECMO-dan ayrılıb. Həyatı xilas olunmuş xəstə hazırda müvafiq müalicələr alır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərindən dəvət olunmuş yüksəkixtisaslı həkim briqadaları tərəfindən aztəminatlı ailələrdən olan xəstələrin müayinələrinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud olan müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Bu imkanlardan yararlanan yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il çoxlu sayda müayinələr, müxtəlif cərrahi əməliyyatlar aparırlar.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası cari ilin may ayından etibarən hər həftənin cümə və şənbə günləri bölgədə analoqu olmayan bu səhiyyə müəssisəsində sakinləri müayinədən keçirir. Həmin tədbirlər ötən həftə də davam etdirilib, noyabrın 2-dən başlayaraq müayinə və əməliyyatlar aparılıb. Həkimlər tərəfindən gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, eləcə də görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb.

Ardını oxu...

Son illər əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq bu il mayın əvvəllərindən 56-60 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası həyata keçirilib.
Müayinələr Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilib, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-­diaqnostik müayinələr təşkil edilib. Müayinə olunanlarda qanda xolesterinin və şəkərin miqdarının təyin edilməsi üçün rayon mərkəzi xəstəxanalarına və Naxçıvan Şəhər Poliklinikasına portativ aparatlar verilib və stript testi ilə təmin edilib. Feldşer-mama məntəqələri, həkim ambulatoriyaları, Naxçıvan şəhərində isə sahələr üzrə 56-60 yaşlılarda həkim müayinələri və xolesterinin miqdarının təyini aparılıb.
Bütövlükdə, aksiya müddətində muxtar respublika üzrə qeydiyyatda olan 56-60 yaşlı əhalinin 2 min nəfərdən çoxu tibbi müayinədən keçirilib, onların 14,9 faizi dispanser qeydiyyatına götürülüb. Həmçinin 10 min 847 nəfərdə xolesterin müayinəsi aparılıb.
Dispanser qeydiyyatına alınan xəstələrə müalicə təyin edilib. Xolesterini yüksək olan xəstələrə məsləhətlər verilib, dərman müalicəsi yazılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Statistik məlumatlara əsasən son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı artmaqdadır. Ən təhlükəlisi isə bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəllər ürək-damar xəstəlikləri üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Görək ürəklə bağlı müxtəlif narahatlıqlarla üzləşməmək üçün nə edə bilərik? Mövzu ilə əlaqədar müsahibimiz Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı Cabir Gülmalıyevdir. 

– Bildiyimiz kimi, hər hansı bir xəstəliyin yaranmasının müxtəlif əlamətləri və səbəbləri var. Ürək xəstəlikləri ilə bağlı nə deyə bilərsiniz?
– Əvvəlcə onu qeyd edim ki, sinədə yanma, göynəmə hissinin olması, xüsusilə də fiziki iş zamanı və yaxud yoxuşa hərəkət etdiyimiz zaman daha da gərginləşməsi ürək xəstəliklərinin əlamətidir. Bu halları ürək infarktının xəbərçisi hesab etmək olar. Belə olduqda mütləq həkimə müraciət etmək lazımdır. Bundan əlavə, ürək narahatlıqlarının yaranması multifaktorialdır. Yəni onun bir neçə səbəbi ola bilər. Məsələn, tütün məmulatlarından istifadə, şəkərli diabet xəstəliyi, oturaq həyat tərzi ilə əlaqədar olaraq orqanizmdə piylənmənin getməsi, yəni ağır çəki də ürək xəstəliklərinə səbəb ola bilər. Xəstəliyin faktorlarından biri də genetika ilə bağlıdır ki, onun bizim qidalanmağımızla, həyat tərzimizlə heç bir əlaqəsi yoxdur. O, irsidir. Yəni birincidərəcəli ailə fərdlərimizdə belə bir narahatlıq aşkar olunubsa, bizim də bu cür halla rastlaşmağımız mümkündür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazır­lanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan geniş­miqyaslı quruculuq işləri çərçivəsində Şərur rayon Qarahəsənli kənd feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilib.
Səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Ötən ay 6 həkim Türkiyə Respublikası İzmit Kocaeli Universitetinə, 5 həkim və 2 həkim-rezident Ankara Qazi Universitetinə, 5 həkim və 2 orta tibb işçisi Bakı şəhər tibb müəssisələrinə, 9 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrinə iş yerində təcrübəyə, 125 orta tibb işçisi Tibb Kollecinə tibb bacısı və vaksinator ixtisası üzrə kurs keçməsi üçün göndərilib.
Oktyabr ayında orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib, imtahanda iştirak edən 156 orta tibb işçisinin 81 nəfəri uğurlu nəticə qazanıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Stomatologiyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik, Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin iştirakı ilə Azərbaycan oftalmoloqlarının “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransları keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Külüs kənd həkim ambulatoriyasında 70, Kardioloji Dispanserin həkim briqadası Culfa rayonunun Camaldın kəndində 32 sakini profilaktik müayinələrdən keçirib.
Doğum Mərkəzinin yüksəkixtisaslı həkimlərdən ibarət briqadası isə Kəngərli rayonunun Böyükdüz kəndində olub. 11 sakində laboratoriya, 27-də USM müayinəsi, 29-da ginekoloji, 6 nəfərdə pediatrik müayinə aparılıb. Bu briqada, həmçinin Naxçıvan şəhərindəki tikiş fabrikində 18 qadın işçini tibbi müayinədən keçirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası tərəfindən Babək rayonunun Nehrəm kəndində 40 nəfər müayinələrə cəlb olunub, 18 cərrahi əməliyyat aparılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Culfa rayonunun Ərəfsə kəndində 47 nəfəri müayinə edib, 8 nəfərdə EKQ müayinəsi, 14 nəfərdə qanın ümumi analizini aparıb.

Ardını oxu...

Oktyabrın 20-də Naxçıvanda Azərbaycan oftalmoloqlarının “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra Heydər Əliyev Muzeyinə baxış olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclis Sədrinin konfrans iştirakçılarına salamlarını və konfransın təşkilatçılarına təşəkkürünü çatdırıb.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Sertifikasiya Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklər haqqında fərmanına uyğun olaraq həyata keçirilir. Məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılmasından ibarətdir.
Oktyabrın 16-dan start götürən sertifikasiya imtahanlarının növbəti mərhələsində orta tibb işçiləri dörd gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Qeyd edilməlidir ki, muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları kompüterə verilmiş proqrama uyğun aparılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalından istifadə edilir. Kompüter vasitəsilə proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualı və 5 klinik tapşırıq seçilir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.

Ardını oxu...

Son illər əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində şagirdlər arasında profilaktika xarakteri daşıyan tibbi yoxlamalar aparılır. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il payız mövsümündə Naxçıvan şəhərinin tam orta məktəblərindəki şagirdlər dərin tibbi müayinələrə cəlb ediləcəklər. Məktəblərdə aparılan müayinələrdən sonra bu tədbir Naxçıvan şəhərində yerləşən məktəbəqədər müəssisələrdə təşkil ediləcək. Bunun üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, onlara lazımi tövsiyələr verilib. Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçirilərək qruplaşdırılıb.

Ardını oxu...

Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Stomatologiyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ­ediblər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq bildirib ki, səhiyyə sisteminin inkişafına dövlət qayğısının get-gedə artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması digər sahələr kimi, stomatologiya sistemində də mühüm irəliləyişlərə, ixtisaslı kadr potensialının artırılmasına şərait ­yaradıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, universitetdə stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasına vacib töhfələr verir. Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələri ilbəil genişlənir. Belə əlaqələr zamanı tədrisin təşkili və tibb elminin aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında konfrans və seminarların keçirilməsi, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.

Ardını oxu...

Oktyabrın 2-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poli­klinikasında Beynəlxalq Həkimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, dünyanın bir çox ölkələrində hər il oktyabr ayının birinci bazar ertəsi Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasının təşəbbüskarları Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatıdır. Qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in əməkdaşları dünyanın bəzi bölgələrində milli və dini mənsubiyyətinə fərq qoymadan insanlara tibbi yardım edir. Həmçinin könüllülər təşkilatı QİÇS və narkomaniya ilə mübarizəyə yönəlmiş profilaktik və maarifləndirmə işi ilə məşğuldur.
Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov “Naxçıvan Muxtar Respublikası səhiyyəsinin dünəni və bu günü”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Təcili, təxirəsalınmaz planlı tibbi yardım şöbəsinin müdiri Pəri Əliyeva “Səhiyyə müəssisələri əhalinin sağlamlığının etibarlı təminatçısıdır” mövzularında məruzələr ediblər.
Tədbirdə vurğulanıb ki, muxtar respublikanın tibb işçiləri bundan sonra da insanların sağlamlığının etibarlı təminatçısı olacaq, yaradılan şəraitdən istifadə edərək səhiyyənin inkişafına öz töhfələrini verəcəklər.
Əmək fəaliyyətində xidmət və uğurlarına görə 6 tibb işçisinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində səhiyyə ocaqları üçün yeni binalar tikilir, mövcud binalar yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Şərur Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələri sırasındadır. Xəstəxananın həyətində hara baxırsan, təmizlik, gül-çiçək, yaşıllıq görürsən. Bu da insanda təbii olaraq xoş əhval-ruhiyyə yaradır. 

Xəstəxananın baş həkimi Adəm İman­ovla birlikdə səhiyyə ocağını gəzirik. Həkimlərin ixtiyarında müasir tibb avadanlıqlarının olmasına şahidlik edirik. Adəm həkim bildirir ki, 2017-ci il mart ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur Rayon Mərkəzi Xəstəxanasında aparılan təmir işləri ilə maraqlanmış, quraşdırılan yeni tibbi avadanlıqlara baxmışdır. Əsaslı təmir işləri aparılmış binada rentgen-flüoro­qrafiya, kompüter-tomoqrafiya və elektroensofaloqramma aparatları quraşdırılmışdır. Bu tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verir. Bununla da, rayon sakinlərinin başqa yerlərə üz tutmasına ehtiyac qalmır. 

Ardını oxu...

Yadımdadır, uşaqlıqdan “Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib”, “A bala, gəl özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz” kimi deyimlərlə çox tez-tez rastlaşırdım. Sən demə, mənim uşaq ağlımla dərk etmədiyim deyimlər üzərində yüz illərdir ki, ailələr qurulub, bu gün də qurulur. Yəni qan qohumları olan əmi, xala, bibi uşaqları evlənirlər. Bəziləri düşünür ki, qohumlar bir-birlərini daha yaxından tanıyırlar. Yaxud da onlar arasında bağlanan nikah var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasında sevgi və hörməti qorumaq və sair kimi məsələlərə də xidmət edir. Lakin bəzən belə hallarda ailələrdə konflikt yaranır ki, bu da möhkəmləndirməyə çalışdıqları ailə bağlarını çürüdür, nəticədə, münasibətlər gərginləşir. Əminəm ki, çoxlarımız belə hadisələrlə rastlaşmışıq və təəssüf ki, bu hallara bu gün yenə də rast gəlmək olur.

Qohum evliliyi, xüsusilə ən yaxın qohumlar arasında evlilik birmənalı şəkildə ətraflı təhlil olunmur. Əgər bir xalaoğlu öz xalaqızısını sevirsə, bu cür sevgi əsasında qurulan evliliyə qarşı münasibətə cəmiyyət loyal yanaşır. Ancaq məsələyə tibbi baxımdan yanaşsaq, belə cütlüklərin izdivacı çox hallarda xəstə övladların dünyaya gəlməsinə səbəb olur. Tibb işçiləri həyəcan təbili çalırlar ki, qohumla evlənən insanlar öncədən müəyyən testlərlə yoxlanmalı, sonra evlənmək qərarı verməlidirlər. Onlar bildirirlər ki, yaxın qohumların evliliyindən dünyaya gələn uşaqlarda müəyyən fiziki və əqli məhdudiyyətlərin olması ehtimalı var. Bəziləri ya gələcəkdə bu səbəbdən hansı probemlərlə qarşılaşacaqlarından xəbərsizdirlər, ya da qohumluq əlaqələrinə o qədər bağlıdırlar ki, bunu nəzərə almayıb yenə də qohum nikahını dəstəkləyirlər.

Ardını oxu...

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasında və əhalinin işlə təminatında əsaslı rol oynayır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə işçiləri üçün əmək yarmarkası təşkil edib.
Səhiyyə Nazirliyinin inzibati binasında keçirilən yarmarkadan əvvəl nazir Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Qeyd olunub ki, son illər səhiyyənin inkişafında, yeni strukturlu müəssisələrin yaradılmasında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazır­lanmasında müəyyən uğurlar əldə edilib. Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibbi avadanlıqlar və texnika ilə təchiz edilmiş 200-dən çox yeni səhiyyə müəssisəsi istifadəyə verilib, fəaliyyət göstərən tibb müəssisələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb. Belə bir şəraitdə tibbi kadr təminatı xüsusi əhəmiyyət kəsb edir və keçirilən ənənəvi səhiyyə yarmarkaları kadr probleminin həllində, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olmaqda tam istiqamətləndirici və tənzimləyici xarakter daşıyır. Yarmarkaya 555 vakant iş yeri təqdim edilib. İş­axtaran ali və orta tibb təhsilli məzunlar şəffaf şəkildə seçim edə bilərlər.

Ardını oxu...

Elmin başqa sahələri kimi, tibb də məhz Şərqdən Avropaya yayılıb. VII  əsrdən başlayaraq xalq təbabətini ərəblər inkişaf etdirməyə başlayıblar. Bir neçə əsr ərzində ərəblərin öyrəndiyi 2600 dərman maddəsindən 1400-ü bitki mənşəli idi. Orta əsrlərdə xalq təbabətinin inkişafında Şərqin məşhur alimi Əbu Əli ibn Sinanın çox böyük xidmətləri olub. O, çox sayda dərman bitkisini öyrənib, onların müxtəlif xəstəliklərin müalicəsində  müsbət rolunu göstərib. Bu istiqamətdə onun “Tibb elmləri qanunu” adlı kitabı olduqca əhəmiyyətlidir. 

Orta əsrlərdən etibarən Azərbaycanda da xalq təbabəti sürətlə inkişaf etməyə başlayır. Azərbaycan təbabətinin ozamankı görkəmli nümayəndələrindən Həsən ibn Şirvani, Əbu Mənsur Muvəffəqi, İbrahim ibn Zeynalabdin Naxçıvani və başqalarının adını çəkmək olar. İlk dərmanşünaslığa dair əsər Əbu Mənsura aiddir. Əsərdə 446 bitki, 44 heyvan mənşəli dərman maddələri ətraflı təsvir edilib.
Hazırda elmi təbabət xalq təbabətinin bütün sirlərini ətraflı öyrənir və onun zəngin dərman xəzinəsindən elmi əsaslarla səmərəli istifadə etmək imkanlarını tədqiq edir. Bəs günümüzdə xalq təbabətindən, yaxud da tərkibində təbii vasitələr olan dərman preparatlarından istifadə hansı səviyyədədir?

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Mövsümi infeksion xəstəliklər – qripin profilaktikası və müalicəsi, odlu silah yaralanmalarında müasir yanaşma” mövzusunda konfrans keçirilib.
Hərbi və mülki sahədə çalışan səhiyyə işçilərinin iştirak etdiyi konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə “Epidbiomed” Tibb Şirkətinin baş direktoru Namiq Əliyev “Qripin profilaktikasında vaksinlərin tətbiqi” mövzusunda məruzə edib. Məruzəçi qripin törədiciləri, dəyişkənliyi, səbəbləri haqqında danışıb, dünyada mövcud olan epidemiyalardan bəhs edib. Baş direktor şirkətin təqdim etdiyi “Vaksiqrip” preparatı haqqında konfrans iştirakçılarına məlumat verib, bu preparatların tərkibi, istehsal forması, müxtəlif yaş qruplarında tətbiqi qaydaları və effektivlik dərəcəsindən söz açıb.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Süleyman Cabbarov konfransdakı məruzəsində muxtar respublikada infeksion xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib, bu qəbildən xəstəliklərin yoluxma mexanizminin aydınlaşdırılmasının infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil etdiyini deyib. Qeyd edilib ki, hər bir infeksion xəstəliyin öz spesifikliyi vardır. Bu, xəstəliyi törədən infeksiyanın növündən asılı olaraq dəyişir. İnfeksiyanın insan orqanizmində əmələ gətirdiyi xəstəliklərin patoloji əlamətləri yalnız infeksiyanın xarakterindən deyil, daxil olduğu orqanizmin müqavimətindən də asılı olur.

Ardını oxu...

Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə işçilərinə ictimai etimadı doğrultmaq üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir. Bütün bunlar nəzərə alınaraq bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Həkimlərin etik davranış qaydaları” hazırlanaraq təsdiq edilib və avqustun 1-dən icrasına başlanılıb. Bu barədə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva ilə müsahibəni oxuculara təqdim edirik. 

– Samrat həkim, “Həkimlərin etik davranış qaydaları”nın icrasına nəzarət sizə həvalə olunub. Bu istiqamətdə hansı işlər görülüb?
– Bu gün qürurla deyə bilərik ki, muxtar respublikamızda səhiyyənin inkişafı üçün hərtərəfli işlər görülüb. Belə ki, elə bir ucqar kənd, qəsəbə yoxdur ki, orada əhaliyə tibbi xidmət göstərən və yeni tikilərək istifadəyə verilən tibb müəssisəsi olmasın. Hazırda Naxçıvanda müasir tələblərə cavab verən, dünya standartlarına uyğun maddi-texniki bazası olan xəstəxanalarda bütün növ tibbi xidmətlərlə əhalinin sağlamlığının keşiyində dayanılır. Bütün bunlar həkim-xəstə münasibətlərinə bilavasitə müsbət təsir edir və vətəndaşların tibbi xidmətdən və tibb işçilərindən razı qalmasına şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Həkimlərin etik davranış qaydaları” işlənib hazırlanaraq təsdiq olunub. Qaydaların yazılı və elektron mətni hər bir səhiyyə müəssisəsinə göndərilərək tibb işçilərinin məlumatlandırılması təmin edilib. Artıq hər bir tibb işçisinin praktik fəaliyyəti yeni qaydalar çərçivəsində qiymətləndirilir. Eyni zamanda maarifləndirici tədbirlər də davam etdirilir. Belə ki, qısa müddət ərzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Şərur, Sədərək, Ordubad, Babək və Culfa Rayon Mərkəzi xəstəxanalarında “Tibbi etika və deontologiya” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Həmin tədbirlərdə qeyd olunub ki, həkim-xəstə münasibətləri həkimlik etikası və bioetikanın başlıca problemidir. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması, xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması, konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Bu iş hazırladığımız qrafikə əsasən mütəmadi davam etdiriləcəkdir.

Ardını oxu...

Günəş həyat mənbəyidir. O, bitib-tükənməyən enerjisi ilə dünyadakı bütün varlıqlar üçün zəruri olan işıq və istiliyi təmin edən, bitkilərdə fotosintez prosesinin getməsinə, insan orqanizmində D vitamininin meydana gəlməsinə birbaşa təsir edən səma cismidir. Günəşli günlərdə insanların şən olması da təsadüfi deyildir. Alimlər sübut ediblər ki, parlaq Günəş şüalarının təsiri ilə insan bədənində “xoşbəxtlik hormonu” deyilən hormonların istehsalı artır, əhval-ruhiyyə yüksəlir.

Amma həddən artıq Günəş şüalarına məruz qalmaq bəzən sağlamlığa zərərli də ola bilər. Xüsusən, hamının çox sevdiyi qızmar yay günlərində Günəşdən gələn zərərli ultrabənövşəyi şüaların təsiri ilə bir çox xəstəliklərin əmələ gəlməsi sürətlənir. Belə ki, uzunmüddətli Günəş şüaları xüsusən yaşıllığı az olan, dəniz səviyyəsindən yüksək ərazilərdə, ekvatora yaxın və kəskin kontinental isti ölkələrdə allergik xəstəliklərə, keratokonus, quru göz sindromu kimi xəstəliklərə səbəb ola bilir. Bəs dünyanın enerji qaynağı olan Günəşin sağlamlığımız üçün yaratdığı bu qədər təhlükələrdən necə qorunmalıyıq?

Ardını oxu...

Muxtar respublikamızda səhiyyənin müasir tələblər əsasında inkişafı təmin edilib. Regionda hər il bir neçə səhiyyə müəssisəsi üçün yeni binalar inşa olunur, tibb ocaqları müasir avadanlıqlarla təchiz edilir. 

Burada əhaliyə tibbi xidmətlər göstərən səhiyyə ocaqlarından biri də Naxçıvan Diaqnostika-Müalicə Mərkəzidir. Mərkəz barədə ilkin məlumatları baş həkim Abasət Hüseyn­əliyevdən alırıq. O deyir:
– Bu səhiyyə ocağı 2007-ci­ ilin iyun ayından fəaliyyətə başlayıb. Mərkəz zirzəmi və 5 mərtəbədən ibarətdir. Birinci mərtəbədə kompüter tomoqrafiyası, nüvə-maqnit rezonans, rentgenoloji müayinə otaqlarından ibarət şüa-diaqnostika və laboratoriya şöbələri, mərkəzə daxil olan xəstələrin qəbulu və lazımi müayinələrə göndərilməsi üçün nəzərdə tutulmuş qəbul otağı, Konsultativ-diaqnostik poliklinika şöbəsinin bir neçə kabinəsi yerləşir. Hemodializ şöbəsi, Konsultativ-diaqnostik poliklinika şöbəsinin digər kabinələri ikinci mərtəbədə fəaliyyət göstərir. Üçüncü mərtəbə cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri, əməliyyat bölməsi üçün ayrılıb. Dördüncü mərtəbədə Kardiocərrahiyyə, kardioreanimasiya şöbəsi, əməliyyat bölməsi, beşinci mərtəbədə isə mərkəzin inzibati heyəti, o cümlədən iclas və konfrans zalları yerləşir.

Ardını oxu...

Muxtar respublikamızda yenə bostan məhsulları bolluğudur. Torpaq mülkiyyətçiləri üçün yaradılmış şərait öz bəhrəsini verir. Bazar və yarmarkalarda, ticarət şəbəkələrində, yol kənarlarında qovun-qarpız həm alıcı üçün, həm də satıcı üçün əlverişli qiymətə satılır. Alan da razıdır, satan da. Bununla yanaşı, unutmaq olmaz ki, bostan məhsulları ilə düzgün qidalanma sağlamlığın başlıca şərtidir. Bu sahədə əhalinin maarifləndirilməsinin zərurətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi Reanimasiya şöbəsinin bölmə müdiri Leyla Əsgərova ilə həmsöhbət olduq:

–Leyla həkim, indi yay süfrəsini qarpızsız təsəvvür etmək olmur. Düzgün qidalanmada qarpızın rolu nədən ibarətdir?

– Yay aylarının ən çox istifadə edilən giləmeyvələrindən olan qarpız su (çəkinin 80 faizinə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara da heç bir mənfi təsir göstərmir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.

Növbəti belə nəcib və humanitar aksiya avqustun 16-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra burada keçirilən ilk qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorluq orqanlarının əməkdaşları iştirak ediblər.
Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. “Qan ver, yaşat” devizi altında keçirilən qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorunun köməkçisi Emil Abdullayev bildirib ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir. İnsan ən böyük məmnunluq hissini qan verməklə hansısa xəstənin yaşamasına dayaq durmaqda tapır. Bu il ikinci dəfədir ki, könüllü olaraq qan verirəm.

Ardını oxu...

Dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada tətbiq edilir. Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur. 

Son illərdə insanlar arasında ürəyin işemiyası, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranması artdığından onlar arasında profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qanda xolesterinin artması və siqaretçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, oturaq həyat tərzi, adinamiya, qeyri-düzgün qidalanma, kəskin və xroniki streslərə məruzqalma halları damarların zədələnməsinə, ateroskleroz prosesinin inkişafına səbəb olur. Nəticədə, miokard infarktı, stenokardiya, insult, aşağı ətrafın qanqrenası kimi ağır xəstəliklər yaranır. Belə xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq bu il mayın 1-dən 56-60, 100 və yuxarı yaşlı əhalinin, həmçinin Azərbaycanın müdafiəsi uğrunda əlil olan vətəndaşların kütləvi müayinə tədbirləri, dispanserizasiyası aparılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi regionun vacib səhiyyə obyektlərindən biridir. 2009-cu ildə yeni binaya köçürülən bu mərkəzdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün müasir tələblərə cavab verən aparatlar quraşdırılıb.
Hazırda mərkəzdə süd vəzi xərçənginin diaqnostikası üçün ultrasəslə müayinə, rəqəmsal mammoqrafiya aparatları, onkoloji xəstəliklərin diaqnostikasında əsas rol oynayan, onkomarkerlər təyin olunan histoloji və sitoloji laboratoriya fəaliyyət göstərir. Mərkəzdə, həmçinin sümük-oynaq, yumşaq toxumalar, ağciyər və digər orqanların xəstəliklərinin diaqnostikası üçün rəqəmsal rentgen aparatı quraşdırılıb, şüa müalicəsinin “ROKS-AM” aparatı vasitəsilə aparılması təmin olunub. Onkoloji xəstəliklərin diaqnostika və müalicəsinin yüksək səviyyədə təşkil olunması üçün tədbirlər cari ildə də davam etdirilib, Ali Məclis Sədrinin tapşırığı ilə müasir standartlara tam cavab verən qısaməsafəli rentgen terapiya aparatı alınaraq Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə gətirilib və aparılan quraşdırma işlərindən sonra dünən istifadəyə verilib.
Aparat 5 santimetr dərinliyə nüfuz­etmə qabiliyyətinə malikdir və bu məsafədə olan bütün xərçəng hüceyrələrini məhv edir. Xüsusən bu avadanlıqdan qadınlarda süd vəzi xərçənginin, limfatik vəzlərin metastazı zamanı, dəri xərçənginin və bir sıra onkoloji xəstəliklərin müalicəsində tətbiq olunacaqdır. Avadanlıq İngiltərə istehsalıdır və dünyanın qabaqcıl səhiyyə müəssisələrində geniş istifadə edilir.
İxtisaslı kadrla təmin olunmuş qısaməsafəli rentgen terapiya kabinəsinin fəaliyyətə başlaması onkoloji xəstələrin müalicəsində mühüm yer tutacaqdır. Belə ki, rentgen terapiya almaq üçün xəstələr əvvəllər Bakı şəhəri və ya qonşu ölkələrə üz tuturdularsa, artıq bu avadanlıq vasitəsilə Onkoloji Mərkəzdə müalicə alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda iyul ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 98,6 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd edilib. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib. Su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 49 min 510 kvadratmetr sahədə dezinfeksiya və 33 min 480 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.
Uşaq və yeniyetmə müəssisələrində, məktəblərdə monitorinqlər, eyni zamanda maarifləndirici tədbirlər təşkil edilib.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-­epidemik tədbirlər həyata keçirilib.

Ardını oxu...

 

 

 

Həmişə hal-əhval tutduğumuz insanlardan biri ilə təsadüfən yolda qarşılaşırıq. O, qulağında qulaqcıq bizə doğru yaxınlaşır və jest, yaxud da başı ilə bizə salam verib yanımızdan ötüb keçir. Görünür ki, dinlədiyi musiqidən ayrılmaq istəmədiyindən, ayaq saxlayıb həmişəki kimi bizimlə görüşmür. Əminəm ki, bir çoxları gündəlik həyatda belə hadisələrlə qarşılaşıb. Ən azından bir dəfə...

Hər yaşdan olan insanların, xüsusən gənclərin bu gün ən yaxın “dostu”, eyni zamanda da “düşməni” bəhs etdiyimiz həmin qulaqcıqlardır. Onlardan müntəzəm istifadə edən insanlarda alışqanlıq yaranır. Hətta bəzi insanlar vacib əşyaymış kimi, qulaqcıqsız evdən çıxmır, onları çantalarından əskik etmirlər...

Xeyrindən çox ziyanı olan qulaqcıqlardan yolda, dayanacaqda, avtobusda, həmçinin evdə belə, musiqi dinləmək üçün istifadə edən insanların sayı günbəgün artır. Bəzən düşünürük ki, kiçik bir əşyadan nə ziyan gələ bilər? Amma araşdırmalar göstərir ki, qulaqcıqlar, əslində, qulaq zədələnməsindən tutmuş baş ağrılarına qədər müxtəlif xəstəliklərə səbəb olur.

Qulaqcıqların səhhətimizə, xüsusilə də eşitmə qabiliyyətimizə vurduğu ziyanla bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Burun-boğaz-qulaq şöbəsinin müdiri Fərman Novruzov ilə həmsöhbət olduq. Fərman həkim dedi ki, müasir dövrdə, xüsusilə gənclərin istifadə etdiyi qulaqcıqlar eşitmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri daha çoxdur. Belə ki, yüksək səslə musiqi dinləmək daxili qulaqdakı qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir göstərir. Eşitmə orqanımız müəyyən həddə kimi səsi qəbul edə bilir. Həddən artıq səs tonu qulağımıza akustik travma verir. Eyni zamanda eşitmə sinirində yorulma halları da olur. Avtomobil idarə edərkən, yolda gedərkən, yaxud da istirahət zamanı qulaqcıqlarla mahnı dinləyərək özümüz də bilmədən eşitmə sinirini yoruruq. Bundan əlavə, onlar xarici qulaq keçəcəyində yerli iltihab prosesləri də yarada bilər. Qulaqcıqları stolun üstündə qoyuruq, yerə düşür və bu şəkildə götürüb ondan istifadə edirik. Yaxud da ondan yalnız özümüz yox, yeri gələndə dost-tanışımız da yararlanır. Bu səbəblərdən infeksiya xarici qulaq keçəcəyinə daxil ola bilər ki, bu da göbələk xəstəliklərinin yaranmasına gətirib çıxarar. Ümumiyyətlə, qulaqcıqlardan həddindən artıq istifadə eşitmə qabiliyyətimizi zəiflədir. Buna görə də insanlar ondan mümkün qədər az istifadə etməlidirlər.

Şöbə müdirinin sözlərinə görə, keyfiyyətsiz qulaqcıqlardan uzun müddət istifadə etmək eşitmə zəifliyinin yaranmasına səbəb olur. Həmin qulaqcıqlarda səs bir tərəfdə daha zəif, ikincisində olduqca güclü olur, amma orijinal qulaqcıqlarda belə problemlə rastlaşılmır. Hər iki tərəfdə səs səviyyəsi eyni olduğundan baş ağrısı vermir və musiqi beyni qıcıqlandırmır. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan qulaqcıqlardan istifadə etsinlər. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə salınır. Belə qulaqcıqlara insanlar daha çox üstünlük verir ki, bu da çox yanlışdır. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı o qədər çoxdur. Sutka ərzində 50-60 dəqiqə bəzi şərtlərə riayət etməklə qulaqcıqdan istifadə etmək sağlamlıq üçün heç bir təhlükə yaratmır. Ondan istifadə zamanı səs gücünü 50 faizdən yuxarı qaldırmaq olmaz.

Həkim məsləhətindən də aydın olur ki, qulaqcıqlara gündəlik istifadə etdiyimiz zərərsiz əşya kimi yanaşmaq düzgün deyil. Onlar bizim sağlamlığımıza bilavasitə öz təsirini göstərən çox ziyanlı vasitələrdir. Qulaqcıqların tibbi, eyni zamanda da psixoloji fəsadları var. Bununla bağlı psixoloq Şahnaz Məmmədlinin fikirlərini diqqətinizə çatdırırıq. O deyir ki, insan günün müəyyən saatlarında musiqiyə qulaq asmalıdır. Bəzən musiqiyə qulaq asarkən kimsəni narahat etməməyə

çalışırıq ki, bu zaman da qulaqcıqlar köməyimizə çatır. Bundan əlavə, könülsüz iştirak etdiyimiz bir məclisdə də qulaqcıqları qulağımıza taxıb, ətraf aləmdən təcrid olunaraq öz dünyamıza qapılırıq. Ancaq unuduruq ki, qulaqcıqların ziyanlı tərəfləri az deyil. O, ilk növbədə, insanda əzginlik, yorğunluq yaradır. Xüsusən bu cür hallar eynitipli musiqiyə qulaq asanda baş verir. Bu, həmçinin əhval-ruhiyyəyə də təsir göstərir. Eləcə də bədbin və ya şən musiqiyə qədərində qulaq asmaq lazımdır. Həddindən çox və yüksək səslə musiqiyə qulaq asdıqda bu, insanın səhhətində problemlər yaradır.

Məsələn, idman edərkən, ya da gəzintiyə çıxarkən ritmik musiqilərdən istifadə etmək mütləq şərtdir. Çünki idman zamanı etdiyimiz hərəkətlər onunla harmoniya təşkil etməlidir. Ağır templi musiqiyə qulaq asaraq idman etmək mümkün deyil. Əgər ki, bir insan qulağında qulaqcıq həzin bir mahnı ilə idman hərəkətləri edirsə, onun bir faydası olmur. Çünki həmin anda insan idman etdiyini unudur və bütün fikri mahnının onda yaratdığı düşüncələrdə, xəyallarda kilidlənib qalır. Bu zaman o, fiziki işdən çox zehni iş görür.

Psixoloqun sözlərinə görə, düzgün seçilmiş musiqi bizim hərəkətlərimizi də sürətləndirəcək. Lakin dərsdə, yaxud da səhər-səhər işə gedərkən yolda qulaqcıq vasitəsilə asta, həzin musiqilər dinləmək bizim ruhi halımıza mənfi təsir edərək gün ərzində görüləcək işlərimizin ləngiməyinə səbəb ola bilər.

Bəzən insanlar boş vaxtında qulaqcıqla mahnıya qulaq asır və istirahət etdiyini düşünür, lakin belədə onlar, sadəcə, zehinlərini yorurlar. Bu da insanın psixoloji ruhdan çıxa bilməməsinə səbəb olur.

Qulaqcıqlar insanlarla ünsiyyətə də maneçilik törədir. Məsələn, ekskursiyalarda yol aldığımız mənzilə çatmaq üçün müəyyən qədər vaxt lazım gəlir. Dəfələrlə müşahidə etmişik ki, tələbələr bu vaxt ərzində bir-birləri ilə söhbət etməkdən, ünsiyyət yaratmaqdansa, hərəsi qulağına bir qulaqcıq taxıb musiqi dinləyir. Eləcə də ekskursiyadan qayıdanda onlar gedib-gördükləri yer haqqında müzakirə aparmaqdansa, yenə də qulaqcıqlara üz tuturlar.

Qulaqcıqların səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsiri barədə bir qədər məlumatlansaq da, iş bununla bitmir. Gündəlik həyatımızda onun fəsadları ilə, demək olar ki, hər gün qarşılaşırıq. Danılmazdır ki, gənclər qulaqcıqdan istifadə etdikləri üçün çox zaman yol hərəkəti qaydalarını pozurlar. Yüksək səslə musiqi dinləyən insan başqa aləmdə olur. Dinlədiyi musiqidən asılı olaraq zehnində fərqli düşüncələr kök salır və özü də istəmədən musiqinin təsirinə qapılaraq ondan ayrıla bilmir, cəmiyyətlə bütün əlaqəsini kəsir, səs eşitmir, gözləri görsə də, beyni gördüklərini qavrayıb, dərk etmir. Avtomobilin səs siqnalını eşitməyəndə isə xoşagəlməz yol qəzaları ilə qarşılaşır. Deməli, biz səhlənkarlıq edərək qulaqcıqdan lazımsız yerdə istifadə etdiyimiz zaman öz həyatımızı da təhlükə altına atmış oluruq.

 Fatma BABAYEVA

 

 

 

Müasir təbabətdə çoxlu müalicə vasitələrinin olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.
Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, irsi və qazanılmış qan xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların – ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər orqanların müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Belə zəruri hallarda qana olan tələbatla bağlı problemlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Muxtar respublikamızda bu xidmət əvvəllər Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən göstərilib. Son illər orada aparılan yenidənqurma işlərinə görə qan xidməti Diaqnostika-Müalicə və Doğum mərkəzlərində həyata keçirilib. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankını yenidən bərpa etməyə imkan verib.

Ardını oxu...

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə yaxından iştirak edən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlardan səmərəli istifadə edir, əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla aparırlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü müasirtipli səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında 30 müayinə, 22 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər. Həmin gün xəstəxanada 16 nəfər ultrasəs və elektrokardioqrafiya müayinəsi olunub, onlardan qan analizləri götürülüb, müvafiq tibbi məsləhətlər verilib.

Ardını oxu...

Yay aylarında ilan çalması, əqrəb sancması nəticəsində baş verən zəhərlənmələrə təsadüf edilir. Həkiməqədərki tibbi yardımda yanlışlıqlara, hətta kobud səhvlərə yol verilməsi bu sahədə səhiyyə maarifinin gücləndirilməsini labüd edib. Bu məqsədlə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Daylaqlı kəndində maarifləndirici tədbir keçirilib.
Tədbiri xəstəxananın baş həkimi İlvin Rzayev açaraq bildirib ki, ilançalma, əqrəbsancma hallarının çoxalması havaların isti keçməsi ilə əlaqədardır. Bu il ilk hadisə iyunun 3-də baş verib, yay mövsümü başlanandan 4 ilançalma, 3 əqrəbsancma hadisəsi qeydə alınıb ki, onlardan da 5-i Daylaqlı kəndinin payına düşür. Zərərçəkənlər lazımi tibbi xidmət alaraq tam sağalma ilə evə buraxılıblar. Onlardan 3 nəfəri ambulator, digərləri isə stasionar şəraitdə müalicə olunub.
Baş həkim onu da vurğulayıb ki, mövsümə uyğun olaraq digər rayon xəstəxanalarında olduğu kimi, Şahbuzda da bu il kifayət qədər ilan və əqrəb zəhəri əleyhinə zərdab ehtiyatı yaradılıb. Zərdablar təkcə rayon xəstəxanasına deyil, ilan və əqrəb sancmaları daha çox rast gəlinən böyük kəndlərin həkim ambulatoriyalarına da paylanılıb.
Xəstəxananın həkimi Elvin Gülmalıyev ilançalma, əqrəbsancma zamanı zəruri olan ilkin tibbi yardımın təşkili barədə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Xəbər verdiyimiz kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq iyulun 28-də tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrdən olan 19 uşaq və onları müşayiət edən 9 valideyn Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək üçün Naxçıvana gəliblər.

Ardını oxu...

Hər il yay aylarında Duzdağ Fizioterapiya Mərkəzinə bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən təbii üsullarla müalicə olunmaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur. İlin əvvəlindən müalicə üçün mərkəzə gələn, təqribən, 3 minə yaxın pasiyentin üçdə ikisi uşaqlar, 200 nəfərə yaxını isə xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən mərkəzin xəstəxana hissəsində işlənmiş şaxtalarda əsaslı yenidənqurma və təmir işləri aparılıb, yer sayı bir şaxtada 49, digər şaxtada isə 21 olmaqla, ümumilikdə, 70 çarpayı artırılıb.
Mərkəzdə yaradılan müasir şərait, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və habelə təşkil olunan digər servislər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlərin rahatlığını təmin edir. Mərkəzdə 25 nəfərlik tibbi personal da iki növbədə qəbul olunan pasiyentlərə günboyu xidmət göstərir.
Ölkəmizin hər yaşdan və sosial kateqoriyadan olan vətəndaşları mərkəzdə pulsuz müalicə olunurlar. Xarici ölkələrdən gəlmiş turistlər üçün də Duzdağ çox əlverişlidir. Mərkəzdə bu gün Rusiya Federasiyasından, Türkiyədən, İrandan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan və digər ölkələrdən gələn xəstələr müalicə olunurlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR