Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Sertifikasiya Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklər haqqında fərmanına uyğun olaraq həyata keçirilir. Məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılmasından ibarətdir.
Oktyabrın 16-dan start götürən sertifikasiya imtahanlarının növbəti mərhələsində orta tibb işçiləri dörd gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Qeyd edilməlidir ki, muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları kompüterə verilmiş proqrama uyğun aparılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalından istifadə edilir. Kompüter vasitəsilə proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualı və 5 klinik tapşırıq seçilir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda yazılı olmaqla, müsahibə mərhələsinin də sualları paylanılıb, cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə müsahibə sual kartlarında imtahan verən tibb işçisinin adı, soyadı yox, kod nömrəsi qeyd olunub. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət edilib. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlarda 161 orta tibb işçisi iştirak edib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti