29 Aprel 2024, Bazar ertəsi

Günəş həyat mənbəyidir. O, bitib-tükənməyən enerjisi ilə dünyadakı bütün varlıqlar üçün zəruri olan işıq və istiliyi təmin edən, bitkilərdə fotosintez prosesinin getməsinə, insan orqanizmində D vitamininin meydana gəlməsinə birbaşa təsir edən səma cismidir. Günəşli günlərdə insanların şən olması da təsadüfi deyildir. Alimlər sübut ediblər ki, parlaq Günəş şüalarının təsiri ilə insan bədənində “xoşbəxtlik hormonu” deyilən hormonların istehsalı artır, əhval-ruhiyyə yüksəlir.

Amma həddən artıq Günəş şüalarına məruz qalmaq bəzən sağlamlığa zərərli də ola bilər. Xüsusən, hamının çox sevdiyi qızmar yay günlərində Günəşdən gələn zərərli ultrabənövşəyi şüaların təsiri ilə bir çox xəstəliklərin əmələ gəlməsi sürətlənir. Belə ki, uzunmüddətli Günəş şüaları xüsusən yaşıllığı az olan, dəniz səviyyəsindən yüksək ərazilərdə, ekvatora yaxın və kəskin kontinental isti ölkələrdə allergik xəstəliklərə, keratokonus, quru göz sindromu kimi xəstəliklərə səbəb ola bilir. Bəs dünyanın enerji qaynağı olan Günəşin sağlamlığımız üçün yaratdığı bu qədər təhlükələrdən necə qorunmalıyıq?

Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Oftalmologiya şöbəsinin həkim-oftalmoloqu Kəmalə Əliyeva ilə həmsöhbət olduq. Həkim bildirdi ki, Günəş şüalarının insan orqanizminə faydası ilə yanaşı, ultrabənövşəyi şüaların zərərli təsirini də yaddan çıxarmamalıyıq. Xüsusən, insanın gözlərinin Günəş şüaları ilə uzun müddət təması nəticəsində görmə qabiliyyətinin zəifləməsi, büllur və torlu qişanın zədələnməsi baş verir. Günəş şüaları el arasında “mirvari suyu” deyilən kataraktanın, “qara su” kimi tanınan qlaukoma xəstəliyinin kəskinləşməsinə və yaranmasına səbəb ola bilər. Bundan əlavə, əgər Günəş şüaları insanda allergiyaya səbəb olursa, o müalicə olunsa belə, yenidən həmin şüalardan qorunmadıqda, bu xəstəlik özünü daha da kəskin şəkildə büruzə verəcək. Əslində isə allergiya xəstəlik olmayıb, onu yaradan səbəbə qarşı orqanizmin cavab reaksiyasıdır. Ona görə də allergiyanı törədən səbəbləri bilmək, ona qarşı hazırlıqlı olmaq lazımdır. Belə ki, isti hava şəraitində daha çox sərinləşdirici kimi kondisionerlərdən istifadə edirik. Bu zaman qapalı məkanlarda gözlərin nəmliyini qoruyub saxlayan göz yaşı normadan çox dehidrafasiyalaşır və nəticədə, quruluq, göynəmə, qaşınma kimi xoşagəlməz hallar gözləri narahat etməyə başlayır. Bu narahatçılığın nisbətən yüngülləşməsi üçün gözləri ovxalayıb, qaşıyırıq ki, adi hesab etdiyimiz bu hərəkətlər də sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər.
Həkim qeyd edir ki, yay aylarında çoxlarının sərinləmək, istirahət etmək üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. Axar sularda infeksiyalar, yoluxma halları baş vermir, ancaq durğun sularda, xüsusilə də süni yaradılan çarhovuzlarda infeksiyalaşma halı daha çox müşahidə olunur. Buna görə də su hövzələrində infeksiyalardan qorunmaq üçün xüsusi qoruyucu eynəklərdən istifadə etmək lazımdır. Əsasən də kiçikyaşlı uşaqlar qoruyucu eynəklərdən istifadə etməlidirlər. Axı, balacaların gözləri böyüklərin gözləri ilə müqayisədə daha həssasdır və daha çox zərər görə bilər.
Bunlardan əlavə, Günəşin birbaşa təsirindən qorunmaq üçün hər bir kəsin ultrabənövşəyi şüaları keçirməyən gün eynəklərindən istifadə etməsi məsləhətdir. Xüsusən, gündüz 11-16 saatları arasında Günəş şüaları yer səthinə düzbucaq şəklində düşdüyündən bu, çox vacibdir. Həkim onu da vurğulayır ki, müasir dövrümüzdə zərərli şüalardan qorunmaq üçün belə kontaktlinzalar geniş yayılıb. Ancaq eynək seçərkən yalnız zahiri görünüşə deyil, həm də onun rahatlığına fikir vermək lazımdır. Oval formalı, üzə çox yapışan eynəklərdən çəkinmək lazımdır. Allergiyaya meyilli gözlər üçün xüsusi qoruyucu örtüyü olan eynəklər məsləhətdir. Göz xəstəliyi olanlar isə daha çox yaşıl rəngli eynək linzası seçməlidirlər. Çünki qara və yaxud da tünd-qəhvəyi rəng gözlərimizin daxili təzyiqinin artmasına səbəb ola bilər. Həkim onu da qeyd edir ki, gözlərdə quruluq, qaşınma hisslərinin yaranmaması üçün onları tez-tez soyuq su ilə yumaq lazımdır. Qarşıdan gələn payız fəslindəki buludlu havalarda Günəş radiasiyası yarıbayarı azalsa da, qorunmağı yaddan çıxartmaq olmaz.
Gözlərimiz Günəşin aydınlatdığı bu dünyaya açılan pəncərədir. Odur ki, gəlin gözlərimizi qoruyaq ki, dünyanın gözəlliklərini də doyunca seyr edək.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR