29 Aprel 2024, Bazar ertəsi

Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Yemişan bir çox vitaminlər, mikroelementlər, orqanik turşular, efir yağları və sair faydalı maddələrlə zəngindir. Bu giləmeyvənin tərkibində insan orqanizmi üçün faydalı olan bəzi maddələrə təbiətdə az rast gəlinir. Məhz zəngin tərkibinə görə yemişan insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Yemişanın təbabətdə istifadəsi Dioskritin dövründən məlumdur. Qədimdən bu ağacın çiçəkləri və meyvələri yuxusuzluqda, başgicəllənməsində, ürək ağrılarında, yel xəstəliklərində, aterosklerozda, ruhi pozğunluqda və epilepsiya zamanı istifadə edilib. Meyvələrinin maye ekstraktı, çiçəklərinin dəmləməsi dərman məqsədilə işlədilir. Yemişandan təbii ürək dərmanı kimi də istifadə edilir. O, ürək əzələlərinin yığılmasını qüvvətləndirir, ürək fəaliyyətinin ritmini normallaşdırır və qan dövranını gücləndirir. Bir çox ürək dərmanlarının tərkibinə yemişan ekstraktı daxil edilir. Giləmeyvənin tərkibində olan xeyirli maddələr ürəyin tac və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır. Bu meyvə ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Bütün bunlarla bərabər, yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.

Bu giləmeyvənin əsasında haz­ır­lanmış preparatlardan ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və qanın qatı olmasının müalicəsi zamanı da istifadə olunur. Ağır və uzunsürən xəstəliklərdən sonra yemişandan hazır­lanmış təbii dərmanlar daha tez sağalmağa kömək edir. İnfarkt keçirmiş insanlar üçün bu giləmeyvə çox xeyirli olmaqla bərabər, iltihab və mikrob əleyhinə də istifadə edilir.
Yemişan meyvələri və çiçəkləri təngnəfəslikdə də faydalıdır. Qalxanvarı vəzin funksiyası artanda qırmızı yemişanın çiçəklərindən istifadə olunur.
Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şiş əleyhinə təsir gücünə malikdir. Bu giləmeyvə pektinlərlə zəngindir ki, bağırsaqları müxtəlif toksiki maddələrdən təmizləyir.
Onu da bildirək ki, yemişanın bir növü olan qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuşundan hazırlanan çay güclü təsirə malikdir. Qara yemişan çayından ilboyu istifadə etmək üçün onun meyvəsini və yarpaqlarını qurudub saxlamaq lazımdır. Bu çay adi çaya alternativ hesab edilə bilir, amma onun tərkibində kofein olmur. Qara yemişanın müalicə məqsədilə mürəbbəsindən də istifadə edilir. Bu giləmeyvədə B1, C, PP vitaminləri, marqanes və fosfor var. Toxumlarının və yarpaqlarının tərkibi təbii turşular, efir yağları, karotin, dublin və pektinlə zəngindir.
Qara yemişan çayı göz damarlarını genişləndirməklə onun qan dövranını yaxşılaşdırır və gözlərdəki yorğunluğu aradan qaldırır. Bu çay qanda şəkərin miqdarının normallaşmasına səbəb olur.
Yemişanın çiçəkləri çiçəklənmənin başlanğıcında, yarpaqları çiçəkləmə dövründə, meyvələri isə yetişəndən sonra yığılır.
İngiltərədə yemişanın açılmamış qönçələrindən salat hazırlanır. Belə salat cəviz ləpəsinin dadını verir. Salat üçün onun təzə qönçələri və yarpaqları yığılır, yuyulur, xırda doğranır və xırda doğranmış iki ədəd bişmiş çuğundurla qarışdırılır, zövqə görə sirkə və ya limon şirəsi, duz və istiot qatılır.
Yemişanı kompot, dəmləmə şəklində də qəbul etmək olar.
Xalq təbabətində xüsusi vurğulanır ki, müalicə əhəmiyyətini səkkiz il saxlayan yemişanın meyvələri və çiçəklərini çoxlu miqdarda qəbul etmək olmaz. Bu, ürəyin fəaliyyətini poza bilər. Ona görə bu giləmeyvədən müalicə məqsədilə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR