29 Aprel 2024, Bazar ertəsi

Əsaslı təmir və yenidənqurma işlərindən sonra 2015-ci ildə istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanası bu gün bölgədə ən mühüm səhiyyə müəssisələrindən biri kimi fəaliyyət göstərir. 300 çarpayılıq xəstəxanada müasir standartlara cavab verən tibbi avadanlıq, aparat və cihazların qurulması həm həkimlərin işini asanlaşdırıb, həm də xəstələrin düzgün şəkildə müalicə olunmasına şərait yaradıb. Bu aparatlardan səmərəli istifadə edilməsi üçün həkimlər ixtisasartırma kurslarına göndərilib, onlar təcrübə mübadiləsi keçərək nəzəri bilik və peşə bacarıqlarını artırıblar. Həmin həkimlərdən biri də qastroenterologiya bölməsinin gənc həkimi Günel Həsənovadır. 

 

Ötən ilin may ayından bu səhiyyə müəssisəsində çalışan Günel həkim kolonoskop və fibroqastroskop aparatları vasitəsilə xəstələrə tibbi xidmət göstərir. Məlum olduğu kimi, mədə-bağırsaq xəstəliliklərinin (mədə xərçəngi, mədə və onikibarmaq bağırsağın xorası, mədə divertikulu və digər xəstəliklərin) rentgen müayinələri əhəmiyyətli rol oynasa da, erkən mərhələdə diaqnozun dəqiq qoyulmasını tam təmin etmir. Yaponiyanın Olympus firmasının istehsalı olan bu aparatlar isə həmin problemi tam həll edir. Fibro­qastroskopla ehtiyac olan hallarda patoloji prosesdən histoloji müayinə üçün biopsiya materialı da götürülür. Odur ki, müasir dövrdə fibroqastroskop müayinəsi mədə-bağırsaq xəstəliklərinin diaqnostikasında qızıl standart sayılır. Bu aparatla həmçinin mədədəki xora, qanaxma, divertikul müalicəsi də həyata keçirilir.
Üç hissədən ibarət kolonoskop aparatından bağırsağın qeyri-spesifik xəstəlikləri, xərçəng və ya xərçəng­önü xəstəliklərinin, poliplərin erkən diaqnozu, kəskin qanaxma, səbəbi bilinməyən anemiyalar, uzunmüddətli ishallar, bağırsağın divertikuliyar xəstəliklərinin aşkarlanmasında tətbiq olunur. Xəstələr xüsusi hazır­lıq keçdikdən, həkim təyinatına uyğun olaraq xüsusi prosedurdan sonra bu müayinələrə cəlb edilirlər. Naxçıvan Muxtar Respublika Xəstəxanasında ilk dəfə tətbiq olunan kolonoskop vasitəsilə cari ilin ötən dövründə 50-yə yaxın xəstə müayinə və müalicə olunub.

Hüseyn ƏSGƏROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR