29 Aprel 2024, Bazar ertəsi

Statistik məlumatlara əsasən son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı artmaqdadır. Ən təhlükəlisi isə bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəllər ürək-damar xəstəlikləri üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Görək ürəklə bağlı müxtəlif narahatlıqlarla üzləşməmək üçün nə edə bilərik? Mövzu ilə əlaqədar müsahibimiz Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı Cabir Gülmalıyevdir. 

– Bildiyimiz kimi, hər hansı bir xəstəliyin yaranmasının müxtəlif əlamətləri və səbəbləri var. Ürək xəstəlikləri ilə bağlı nə deyə bilərsiniz?
– Əvvəlcə onu qeyd edim ki, sinədə yanma, göynəmə hissinin olması, xüsusilə də fiziki iş zamanı və yaxud yoxuşa hərəkət etdiyimiz zaman daha da gərginləşməsi ürək xəstəliklərinin əlamətidir. Bu halları ürək infarktının xəbərçisi hesab etmək olar. Belə olduqda mütləq həkimə müraciət etmək lazımdır. Bundan əlavə, ürək narahatlıqlarının yaranması multifaktorialdır. Yəni onun bir neçə səbəbi ola bilər. Məsələn, tütün məmulatlarından istifadə, şəkərli diabet xəstəliyi, oturaq həyat tərzi ilə əlaqədar olaraq orqanizmdə piylənmənin getməsi, yəni ağır çəki də ürək xəstəliklərinə səbəb ola bilər. Xəstəliyin faktorlarından biri də genetika ilə bağlıdır ki, onun bizim qidalanmağımızla, həyat tərzimizlə heç bir əlaqəsi yoxdur. O, irsidir. Yəni birincidərəcəli ailə fərdlərimizdə belə bir narahatlıq aşkar olunubsa, bizim də bu cür halla rastlaşmağımız mümkündür.

– Bu qəbildən olan narahatlıqların yaranması və yaxud kəskinləşməsinə fəsil dəyişikliklərinin təsiri varmı?
– Fəsil dəyişikliyinin xəstəliyin yaranmasına ciddi təsiri olmasa da, narahatlıqların üzə çıxmasında, kəskinləşməsində qismən təsiri var. Məsələn, simptomlar qış aylarında özünü daha çox göstərir. Bunun da səbəbi soyuğun təsiri ilə əlaqədar damarlarda daralmanın daha çox müşahidə edilməsidir. Hər bir insan bunu nəzərə almalıdır.
– Fəsadlarla qarşılaşmamaq üçün qidalanmada nələrə diqqət etməliyik?
– Qeyd etdiyim kimi, ilk olaraq zərərli vərdişlərdən qəti şəkildə imtina etməliyik. Sonrakı mərhələdə isə heyvan mənşəli yağlardan uzaq durmaq, duz və yağdan mümkün qədər az istifadə etmək lazımdır. Eyni zamanda meyvə və meyvə quruları ilə qidalanmaq yararlıdır. Bu sahədə mən xüsusilə yerli məhsullarımızı məsləhət görərdim. Çünki Naxçıvanın ekoloji saf iqlimi, təmiz suyu var. Belə şəraitdə yetişdirilən meyvə məhsullarının tərkibi də yüksək müalicəvi əhəmiyyətə malikdir.
– Xəstəliklərin yüngül formadan nisbətən ağırlaşmağa doğru müxtəlif növlərinin olduğu məlumdur. Ürək narahatlıqlarının necə? Onun daha çox hansı növünə rast gəlinir?
– İnsanlarda ürək xəstəliyinin ən çox yayılmış növü damar tıxanıqlığı, yəni qan dövranının pozulmasıdır. Daha aydın desək, uşaqlıqdan damar divarlarında mövcud olan köpük hüceyrələri illər keçdikcə az-az xolesterol adlandırdığımız yağların yığılması nəticəsində damar divarında plak deyilən sərtliklər əmələ gətirir. Bunlar zaman keçdikcə partlaya bilir ki, bunun da nəticəsində damar içərisində tutulmalara səbəb olaraq qan dövranını pozur. Xəstəlik özünü həm kəskin infarkt, həm də sinədə ağrı şəklində göstərə bilər. Onun qarşısı vaxtında alınmasa, daha ağır nəticələrə səbəb ola bilər.
Ürək-damar sistemində son diaqnostik üsul olaraq angioqrafiyadan istifadə edilir. Damar tıxanıqlığından əziyyət çəkən xəstə angioqrafiya olunur və bunun nəticəsində damarlardakı tıxanma faizi, mövcud vəziyyət aşkarlanır ki, həmin diaqnoza əsasən də müalicə metodu tətbiq edilir. Damarlardakı tıxanıqlıq balon və stend müalicəsi ilə açılır. Açıla bilməyən damarlar isə açıq ürək əməliyyatı ilə dəyişdirilir.
Bundan əlavə, uşaqlıqda keçirilmiş revmatizm xəstəlikləri ilə bağlı olaraq ürəkdəki qapaq sisteminin xəstəlikləri, yəni qapaqlarda qalınlaşma və ya çatışmazlıqla bağlı ürək funksiyasının pozulması, şiş, ürəkdən çıxan ana damarlarda aorta və ya ağciyər aortalarında daralma kimi növlərə də rast gəlinir. Doğuşdan olan ürək xəstəliklərinə isə uşaqlarda və yeniyetmələrdə təsadüf olunur.
Sadalanan xəstəliklər vaxtında aşkar olunaraq müdaxilə edilməzsə, yekun mərhələ ürək çatışmazlığına gətirib çıxara bilər.
– Bəzən ürək döyüntülərimiz kəskin şəkildə sürətlənir. Bu hadisə ürəyimizlə bağlı hansısa bir narahatlığa işarə ola bilərmi?
– Ürək döyüntülərimizin sürətlənməsi emosional faktorlarla, fiziki hərəkətlərlə də əlaqəli ola bilər. Bunlar istisna olduğu hallarda, hərəkətsiz vəziyyətdə belə, hadisə baş verirsə, mütləq həkimə müraciət etmək lazımdır. Müdaxilə etməzdən əvvəl xəstənin sutkalıq ritm analizi çıxarılır və nəticəyə uyğun müalicə edilir.
– Sağlam bir həyat yaşamaq üçün insanlara məsləhətləriniz...
– Ürək əzələdir. Bütün digər əzələlər kimi, ürək də aktiv işləməlidir. Hərəkətsizlik bütün orqanizmdə, eləcə də ürəkdə durğunluğa səbəb olur ki, bunun nəticəsində insanın sağlamlığında müxtəlif pozulmalar yarana bilər. Ürək üçün ən xeyirli fiziki aktivlik üzgüçülük, qaçış sayılır. Sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyəcanlanmalardan qorumalıdır. Kifayət qədər yuxu və istirahət ürəyin sağlamlığı üçün çox vacibdir. Bu, ürək-damar sisteminin işini yüngülləşdirir, orada yaranan gərginliyi azaldır. Öz sağlamlığını qorumaq istəyən insanlar ildə bir dəfə mütləq kardioloqun müayinəsindən keçməyi unutmamalıdırlar. Bu, ürək-damar xəstəliklərinin vaxtında aşkar olunması və müalicəyə başlanması üçün vacibdir.
Bəli, əziz oxucular, biz insanlar, adətən, həkimə müraciətdə xeyli gecikirik. Səhhətimizlə bağlı keçirdiyimiz narahatlıqlara əhəmiyyət vermir, onun öz-özünə keçib-getməsini gözləyirik. Bəzən belə də olur, yəni ağrı zamanla öz-özünə, yaxud da ağrıkəsici və digər vasitələr hesabına azalır. Biz də heç bir narahatlıq olmadığını qəbul edib, həkimə müraciətdə laqeydlik göstəririk. Lakin bu ağrıların hansısa bir ciddi narahatlığa səbəb ola biləcəyini düşünmürük. Bəzi hallarda isə həmin ağrılarla yenidən üzləşərək həkimə müraciət edirik ki, bu zaman artıq gec ola bilər. Ürək xəstəliklərinin ilkin əlamətləri haqqında sizə qısa məlumat verdik. Son sözümüz odur ki, ürəyinizi qoruyun, çünki orda sevdikləriniz var.

 Fatma BABAYEVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR