Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.
Növbəti belə müayinə Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim briqadası tərəfindən Şahbuz Rayon Mərkəzi Xəstəxanasında aparılıb. Oftalmoloq, kardioloq, nevropatoloq, endokrinoloq və laborantlardan ibarət briqada yerli tibb işçiləri ilə birlikdə 116 nəfəri profilaktik tibbi müayinələrlə əhatə edib. Aşkar olunan ilkin xəstələrə müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb.
Aksiyada iştirak edən Biçənək kənd sakini Fatma Mustafayeva bildirib ki, bəzən sağlamlığımıza biganə yanaşırıq. Belə məqamda həkimlər bunun qeydinə qalırlar. Mənə də yaxını görmək üçün eynək yazdılar. Sağ olsunlar.
Gülnar Hadıyeva, Zərəfşan Bağırova, Nüsrət Əhədov və başqaları da onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.
Aksiya iştirakçıları arasında ürək-damar, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, yoluxucu, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə əks-təsiri barədə səhiyyə maarifi işləri aparılıb.
Yüksəkixtisaslı heyət yerli həkimlərə müasir tibbi avadanlıqlardan istifadə qaydalarını da öyrədib. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
* * *
Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Kəngərli rayonundakı Böyükdüz kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
Pediatr, stomatoloq, ftiziatr, endokrinoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 30 uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. 30 valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti