Son vaxtlar angioqrafiya və stent üçün xəstəxanalara müraciət edənlərin sayı artır. Bəs biz bu haqda nə bilirik? Xəstəyə angioqrafiya etmədən stent taxılacağını əvvəlcədən söyləmək mümkündürmü? Bəs tıxanmış damarın stentlə açılmasından sonra stentin yenidən tıxanmayacağına zəmanət varmı? Həmin stent keyfiyyətini nə qədər qoruyub saxlaya bilər? Muxtar respublikamızda angioqrafiya üsulu ilə müayinə və müalicə üçün hansı şərait yaradılıb?
Bu barədə ətraflı məlumat almaq üçün Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimi, kardioloq-angioqraf, bu sahə üzrə Türkiyə Respublikasının müxtəlif tibb universitetlərində xüsusi kurs keçmiş Nail Mehbalıyevlə həmsöhbət olduq. O bildirdi ki, bədənimizdə lazımi qan və oksigenin bütün orqanlara çatdırılmasında xüsusi rol oynayan ürəyimiz bəzən müxtəlif səbəblərdən bu funksiyanı yerinə yetirə bilmir. Bu da ürəyin özündə və ya digər orqanlarda bir sıra dəyişikliklərə səbəb olur, xəstədə müəyyən şikayətlər yaradır. Ağrı, təngnəfəslik, yorğunluq və halsızlıq, ürəkdə döyüntü, ayaqlarda və bədəndə şiş əmələ gəlməsi, öskürək, özündəngetmə (senkop), hıçqırıq, udma çətinliyi, mədə, baş və boyun ağrıları, göyərmə ürək xəstəliklərinin ilkin əlamətləridir.
Həkim qeyd edir ki, döş qəfəsində yaranan ağrıların səbəblərini dəqiq öyrənmək üçün xəstəyə bir neçə müayinə aparılması məsləhət görülür ki, bunlardan biri də koronar angioqrafiyadır.