Bu gün muxtar respublikada digər prioritet sahələr kimi səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kolleci binasının müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına geniş imkanlar açıb. Onların bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin məzunu, tibb üzrə fəlsəfə doktoru Elvin Əliyev də onlardan biridir.
Elvin 2013-cü ildə İspaniya Krallığının Santyaqo de Kompostela Universitetinin Tibb fakültəsində doktorantura pilləsinə qəbul olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-ordinatoru kimi tez-tez iş yoldaşları ilə əlaqə saxlayır, qazandığı elmi yenilikləri onlarla bölüşür. Bildirir ki, bu ölkəyə gəldiyi ilk vaxtlarda bəzi çətinliklərlə rastlaşıb. Çünki hər şey onun üçün tam fərqli və yeni idi: ölkə, mədəniyyət, din, dil və sair. Amma qarşısında bir məqsəd vardı: təhsilini uğurla başa vurmaq və “Papilyar tiroid mikrokarsinomalarında hormonal reseptorlar və BRAF-ın klinik-patoloji tədqiqi. “Porto təklifi”nin təsdiqlənməsi” mövzusunda elmi işini müdafiə etmək. Buna görə də ilk işi elmi rəhbərlərindən məsləhət və tövsiyələr almaq, elmin dərinliklərinə yiyələnmək üçün qısa zaman ərzində ispan dilini yüksək səviyyədə öyrənmək olub. İspan dili ilə yanaşı, türk, ingilis, rus və alman dillərini bilməsi onun elmi-tədqiqat işinə mühüm fayda verib.
Doktorantura təhsili müddətində vaxtını və enerjisini faydalı işlərə sərf etməyə çalışıb. Məlum olduğu kimi, Avropa ölkələrində tədqiqat işləri ilə müxtəlif elmi-tədqiqat qrupları məşğul olurlar. Elvinin də elmi tədqiqatı tibbin üç sahəsinə əsaslandığına görə üç professorla birlikdə elmi araşdırmalar aparıb. Bunun üçün hər gün universitet xəstəxanasının Cərrahiyyə şöbəsində elmi rəhbəri professor Barreiro Morandeira ilə birlikdə xəstələrin müayinəsi və cərrahi əməliyyatların aparılmasında iştirak edib. Bununla yanaşı, cərrahiyyədə olan ən son yenilikləri öyrənməyə səy göstərib. Bu işdə Naxçıvan Muxtar Respublika Xəstəxanası və Diaqnostika-Müalicə Mərkəzinin həkim cərrahları ilə apardığı birgə əməliyyatları zamanı qazandığı təcrübə, tələbəlik illərində və fəaliyyət göstərdiyi doğma kollektivdə əldə etdiyi nəzəri və praktik biliklər daim onun köməyinə çatıb.
Elvin bildirir ki, günortalar universitet xəstəxanasının Patoloji anatomiya şöbəsində digər elmi rəhbəri professor Manuel Kamesege Teixeiro ilə tiroid vəzi toxumalarının makro və mikroskopik müayinə və diaqnostikasını icra etməklə yanaşı, elmi rəhbərindən bu sahədə olan yenilikləri və elmin sirlərini öyrənib. Digər tərəfdən, elmi rəhbəri ilə birgə tiroid mikrokarsinomalarında hormonal reseptorların ifadəsini və molekulyar dəyişiklikləri, xüsusən BRAF mutasiyasını və bunların xərçəngin yaranma və inkişafına təsirini öyrənməyə çalışıb.
Elvin günün qalan hissəsini Molekulyar tibb və xroniki xəstəliklər üzrə tədqiqat laboratoriyasında keçirib. Burada digər elmi rəhbəri professor Klara Alvarez Villamarinin tövsiyələri və nəzarəti ilə elmi tədqiqatının önəmli məqsədlərindən olan çoxsaylı immunohistokimya texnikasını inkişaf etdirməyə çalışıb. Eyni zamanda məqsədləri bu métodu insan toxumaları üzərində inkişaf etdirmək və gələcəkdə xəstəliklərin diaqnostikasında tətbiq etmək olub. Buna görə əksər hallarda günlərlə laboratoriyada tədqiqat aparıb. Nəhayət, elmi rəhbəriylə birlikdə bu metodla prostat vəzi, süd vəzi və tiroid vəzinin normal və şiş toxumalarında üç müxtəlif hormonal reseptorların və digər transkripsiya amillərin eyni bir nümunə üzərində, hətta eyni bir hüceyrədə ifadəsini aşkarlamağa nail olub. Sadə, bəsit immunohistokimyadan fərqli olaraq bu metodun onkoloji xəstəliklərin diaqnostikası və müalicəsində daha çox fayda verəcəyi qənaətinə gəlib.
Elvin bir neçə ixtisas imtahanından uğurla keçərək tibb diplomunu İspaniyada tanıtmağa nail olub. O, doktorantura ərzində təhsilə aid bütün tələbləri vaxtında, düzgün və səlis şəkildə yerinə yetirməklə yanaşı, bir çox elmi məqaləsinin nəşr olunmasına, çoxlu sayda yerli və beynəlxalq konfranslarda çıxış etməyə müvəffəq olub. Nəhayət, 2018-ci ildə elmi işinin praktik və nəzəri tərəflərini yekunlaşdırıb, bu il yanvarın 11-də uğurla müdafiə edib. Artıq səbirsizliklə doktorantura diplomunu alacağı günü gözləyir.
Elvin deyir ki, elmi fəaliyyəti ilə yanaşı, bu müddət ərzində uzaq İspaniyada milli-mədəni dəyərlərimizi, dilimizi, dinimizi, mədəniyyətimizi, hətta milli mətbəximizi tanıtmağa da çalışıb. Madriddə səfirliyimizin təşkil etdiyi tədbirlərdə iştirak edib.
Elvin gənc mütəxəssislərin xarici ölkələrdə təcrübə mübadiləsinə, təkmilləşdirmə kurslarına, doktoranturada təhsillərini davam etdirməyə göndərilməsini onlara göstərilən dövlət qayğısının bəhrəsi kimi dəyərləndirir və qazandığı nailiyyətlərə görə muxtar respublika rəhbərinə öz minnətdarlığını bildirir. Artıq tezislər şəklində nəşr olunmuş kitabının ön səhifələrində də deyilənlər öz əksini tapıb. O, yenidən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində işləmək və təcrübəsini həmkarları ilə bölüşmək, onlarla birlikdə yenilikləri tətbiq etmək, doğma Naxçıvanımızda həmvətənlərinin sağlamlığı keşiyində dayanmaqla ona göstərilən dövlət qayğısını doğrultmaq arzusundadır.
Hüseyn ƏSGƏROV