Martın 5-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqlara göstərilən ftiziatrik və fizioterapevtik xidmətə dair elmi-praktik seminar keçirilib.
Tədbiri xəstəxananın baş həkimi Rəhim Rəhimov açaraq bildirib ki, uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin də müstəsna əhəmiyyəti vardır.
Diqqətə çatdırılıb ki, hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Sonra xəstəxananın həkimlərindən Sevinc Bağırova və Aidə Şahverdiyeva çıxış ediblər.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti