22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin Təbriz Tibb Elmləri Universiteti ilə birgə beynəlxalq konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov İran İslam Respublikası ilə qarşı­lıqlı əlaqələrin hazırda bütün sahələrdə, o cümlədən səhiyyə sistemində uğurla inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın bütövlükdə hər iki ölkə əhalisinin sağlamlığının qorunmasına xidmət etdiyini vurğulayan nazir birgə əməkdaşlığa uyğun olaraq ötən il muxtar respublikanın bir qrup həkiminin Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərinə, urmiyalı həkimlərin, o cümlədən Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin bu il Naxçıvana səfərlər etdiyini xatırladıb. Bildirib ki, praktik həkimlərin bilik və bacarığının yüksəldilməsində, bu sahədə təhsil alan tələbələrin nəzəri və təcrübi biliklərinin artırılmasında keçirilən elmi-praktik konfranslar mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, Səhiyyə Nazirliyi hamiliyə götürdüyü Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tələbələrinin praktik təcrübələrinin xəstəxanalarda keçirmələrinə, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olur. Nəticədə, tələbələr “İdeyadan başlanğıca” devizi altında azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və qazandıqları bilikləri digərləri ilə bölüşürlər. Bu isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasına xidmət edir.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yüksək intellektual səviyyəyə çatdırılması və praktik iş qabiliyyətinə yiyələnmələri daim diqqətdə saxlanılır. Keçirilən tədbirlər kadr hazırlığına müasir yanaşmanı və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Rektor universitet tələbələrinin müxtəlif ixtisaslar üzrə nəzəri bilik və bacarıqlarının artırılması üçün yaradılmış beynəlxalq elmi əlaqələrin mühüm əhəmiyyətini qeyd edib.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. İran İslam Respublikasının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə səhiyyə sistemindəki əlaqələrinin genişlənməsini səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.
Tədbirdə Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin, Cavad Cəlilinin, Əli Tağızadənin tibb elminin aktual mövzularına həsr olunmuş elmi məruzələri dinlənilib. Məruzələr slaydlarla müşayiət olunub, yüksəkixtisaslı mütəxəssislər çalışdıqları sahədə toplanmış təcrübəni bölüşüb və dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR