Son illər Naxçıvan səhiyyəsində müxtəlif sahələr üzrə çalışan yüksəkixtisaslı gənc həkimlərin sayı xeyli artıb. Təkcə ötən ilin 11 ayında səhiyyə müəssisələrində işlə təmin olunan 32 həkim və 127 tibb işçisinin əksəriyyətini gənclər təşkil edir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Stomatologiya şöbəsinin həkim ortodont stomatoloqu Əli Məmmədov da belə kadrlardan biridir.
Əli Məmmədov 2009-2015-ci illərdə Ukraynanın Vinnitsa şəhərində İ.V.Piroqov adına Milli Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib. Bakı şəhərində həkim ortodont stomatoloq kimi fəaliyyətə başlayıb, 2018-ci ilin yanvar ayından isə uşaq xəstəxanasında çalışır. Bilik və bacarığı, səmimiliyi, ünsiyyətcilliyi qısa müddətdə kollektiv arasında hörmət, xəstələrin isə inam və etibarını qazanmasına səbəb olub.
Qeyd edək ki, ortodontiya stomatologiyanın böyümə və inkişafı davam edən və ya tam yetkin fərdlərdə görünən diş və çənə anomaliyalarının qarşısının alınması və müalicəsi ilə məşğul olan əsas sahəsidir. Əli həkim çalışdığı səhiyyə müəssisəsində bu sahə üzrə ilk mütəxəssis olmasa da, artıq bir neçə ilkə imza atmaqla müəyyən uğurlar qazanıb. Şagirdlər arasında yaz mövsümünün dərin tibbi müayinələri zamanı onun təşəbbüsü ilə distal anomaliyası olan xəstələrin müalicədən əvvəl və sonrakı rentgen analizləri aparılıb. Müalicələrdən sonra tənəffüs sisteminin tam yaxşılaşdığı müşahidə olunub.
Digər eksperiment zamanı isə xəstələr üzərində antrometrik analizlər aparılıb. Bu metod xəstənin üz çənəsinin müalicədən əvvəlki və sonrakı formaları ilə dəqiq şəkildə məlumatlanmasını təmin edib. Hazırda bu metod müalicə işinin əsasını təşkil edir. Belə ki, həkim müayinəsindən sonra xəstələrdən alınan rentgen, antopometrik fotoşəkillər və modellər üstündə ölçü və analizlər aparılaraq, ortodontik diaqnoz qoyulur. Diaqnoza uyğun müalicə təyin olunur. Müalicə kursuna əsasən mikroimplantlardan, üz maskası və xüsusi çənəliklərdən istifadə edilir.
Əli həkim bildirir ki, çalışdığı şöbədə nəzəri bilikləri tətbiq etmək üçün təhlükəsiz və müasir standartlara cavab verən tibbi avadanlıqlar var. Bu isə həkim və orta tibb işçilərinin xəstələrə yüksək səviyyəli xidmət göstərmələrinə, daha təhlükəsiz və uğurlu əməliyyatların keçirilməsinə şərait yaradır.
Gənc mütəxəssis söhbət zamanı bildirdi ki, hər bir həkimin əsas vəzifəsi əhalinin sağlamlığı keşiyində dayanmaqdır. Ortodont stomatoloq kimi belə hesab edirəm ki, əsas vəzifəm uşaq stomatologiyasının inkişafına öz töhfəmi verməkdən, xəstələrə daha təhlükəsiz xidmət göstərilməsi üçün əlimdən gələni etməkdən ibarətdir. Elə vaxtlar olub ki, müəyyən çətinliklərlə üzləşmişəm, bu zaman həmkarlarımla məsləhətləşmişəm. Konsiliumlarda iştirakım daim öz faydasını verib. Burada öyrəndiklərim bir də odur ki, əsl həkim savadlı olmaqdan başqa həm peşəkar psixoloq, həm vicdanlı insan, həm də hamı ilə dil tapa bilən ünsiyyətcil biri olmalıdır. Çalışdığım xəstəxanada belə həkimlərlə çiyin-çiyinə işləmək mənim üçün xoşdur. Ağır anları xəstəsi ilə bərabər yaşayan, onu xilas etməyə çalışan, onunla xəstələnib onunla sağalan, kiminsə həyatının məsuliyyətini yaşayan, həyativacib qərarlar qəbul edən təcrübəli həkimlərimiz çoxdur. Onlardan öyrəndiyim budur ki, işdə professionallıq çox önəmlidir, amma insanlarla münasibət, ehtiram, prinsiplərə sadiq qalmaq və dürüstlük də vacib amillərdəndir.
Onun sözlərinə görə, çalışdığı xəstəxananın həkim ortodont stomatoloqu kimi məktəblərdəki yoxlamalar zamanı və xəstəxanaya daxil olan xəstələrdə aşkar etdiyi ortodontik qüsurlara uyğun fərdi müalicə planı həyata keçirir. Müalicədən əvvəl apardığı düzgün diaqnostika ona müalicənin sonunu proqnozlaşdırmağa imkan verir. Hər xəstəyə fərdi müalicə planı hazırlayaraq apardığı uğurlu ortodontik müalicə nəticəsində üz, diş, çənə anomaliyalarının bərpa olunması ilə yanaşı, bir sıra sistem xəstəliklərinin də yaxşılaşmasını qeydə alıb. Əli Məmmədov söhbət əsnasında onu da bildirir ki, müalicə etdiyi xəstələrin əvvəlki və sonrakı antropometrik fotoşəkillərini və çənə modellərini sonda xəstəyə təqdim edir. Deyir ki, ortodontik müalicə hər yaşda aparıla bilər, lakin ortodontik qüsurların uşaq yaşlarda aşkar edilib müalicə olunması effektiv və qısamüddətli olduğundan uşaqların hər altı aydan bir müayinədən keçməsi çox faydalıdır. Odur ki, hər bir valideyn övladının bu müayinədən keçməsinə maraqlı olmalıdır. Çünki ortodontik müalicə tam ağrısız və düzgün yerinə yetirildiyi halda zərərsizdir.
Gənc mütəxəssis ulu Tanrının bizlərə əvəzsiz bəxşişi olan sağlamlığımız təhlükə altında qalarkən, olumla ölüm arasında yaşam mücadiləsi verərkən möcüzə yaradacaqlarına inandığımız peşə sahibləri sırasında hələ ilk addımlarını atır. Bu addımlar onu gələcəyimiz olan uşaqların sağlamlığını qorumağa, onlara sevinc bəxş etməyə aparır. Bu yolda ona uğurlar diləyirik.
Hüseyn ƏSGƏROV