Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində mamalıq və ekstragenital patologiya üzrə üçgünlük seminar-treninq keçirilir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, nazirliyin bu ilin noyabr ayında keçirilən kollegiya iclasında doğuşayardım xidmətinin yaxşılaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyənləşdirilib. Bununla bağlı rayonlarda ginekoloqların və mama tibb bacılarının iştirakı ilə seminarların keçirilməsinə başlanılıb. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, qeydiyyatının aparılması, onların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, aşkar edilən xəstəliklərin müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reyestri yaradılıb.
Sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları İzzət Şamxalova və Nailə Qurbanova şəkərli diabet və hamiləlik, talassemiya və hamiləlik, zahılıq dövrünün xəstəlikləri və hamiləlik mövzularında təlim keçiblər. Təlim zamanı yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, eyni zamanda erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verilib. Bu mövzularda videosüjetlər nümayiş etdirilib.
Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-neonatoloqların iştirak etdikləri tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə treninqlərin səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyətini vurğulayıb və tədbirin aparıcılarına minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti