Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında yoluxucu və dəri-zöhrəvi xəstəliklərinin müasir müayinə və müalicəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva məruzə edərək bildirib ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə, regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, muxtar respublikamızda epidemioloji sabitlik təmin edilib.
Qeyd olunub ki, bir sıra yoluxucu viruslar kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Həmin viruslara yoluxmuş insanlar bəzən bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Yalnız virusların müxtəlif formaları, onların qarşısının alınması, müayinə və protokol müalicə yolları, profilaktikası barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar.
Konfransda mərkəzin həkimlərindən Fatma Məmmədli, Əsmər Həsənova, Natiq Əliyev, Aytən Səfərli, Tofiq Hacıyev çıxış edərək yoluxucu infeksiyaların müayinəsinə muxtar respublikada 2006-cı ildən başlanıldığını bildiriblər. Vurğulanıb ki, hazırda donorlar, obliqat qruplar, bütün əməliyyat olunanlar və hamilələr, nikaha daxil olanlar və könüllü müraciət edənlər də müayinələrdən keçirilir. Əməliyyat, doğuş aparılan əksər dövlət və özəl tibb müəssisələrində hepatit B və C viruslarının, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələri icra edilir. Ötən il ərzində mərkəzdə stasionar müalicə alan bütün xəstələr yaxşılaşma ilə evə buraxılıb.
Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti