Muxtar respublikada hər sahədə olduğu kimi, tibb sahəsində də yüksəkixtisaslı gənc kadrların hazırlanmasında mühüm addımlar atılır. Bunun nəticəsidir ki, xəstəxanalarda və həkim ambulatoriyalarında çalışan gənc həkimlərin sayı gündən-günə artmaqdadır.
Onlardan biri də Naxçıvanda ilk dəfə olaraq burun plastikası (rinoplastika) əməliyyatları icra edən otorinolarinqologiya üzrə həkim-rezident Ruslan Qurbanovdur.
Əmək fəaliyyətinə Babək Rayon Mərkəzi Xəstəxanasında başlayan, hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında çalışan Ruslan həkim Azərbaycan Tibb Universitetinin məzunudur və 3 il müddətində Türkiyənin Ankara Qazi və Ərzincan Mengücek Elm və Araşdırma Xəstəxanasında təkmilləşdirmə kursu keçib.
Kurs müddətində 1000-dən artıq uğurlu əməliyyat icra edən gənc həkim hazırda tonzillektomiya, adenoektomiya, septoplastika, otoplastika və nazal polip əməliyyatlarını uğurla həyata keçirir.
Ruslan həkim bildirir ki, muxtar respublikada həkim-rezidentlərin yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi üçün lazımi şərait vardır. Çünki müasir maddi-texniki təchizata malik xəstəxana binasında fəaliyyət göstəririk. Bu səhiyyə ocağında ən müasir tibbi avadanlıqlar quraşdırılıb, nümunəvi iş şəraiti yaradılıb. Bu isə investisiya mühitini yaxşılaşdırmaq, innovasiyaya və dayanıqlı inkişafa əsaslanan düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsinə imkan verir. Bunun müqabilində tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verməyə çalışır, əhalinin sağlamlığının keşiyində dayanmağı müqəddəs vəzifə sayır.
Rinoplastika kimi əməliyyatlar sayəsində xəstələrin artıq Naxçıvandan kənara getmədən ən müasir cərrahi avadanlıq və cihazların köməyi ilə müalicə olunması Naxçıvan səhiyyəsinin daha bir uğurudur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti