22 Dekabr 2024, Bazar

Naxçıvan səhiyyəsinin dünəni barədə söhbət düşəndə yaşlı insanlar illər öncənin bu sahədəki çatışmazlıqlarını yada salır, bugünkü vəziyyətlə müqayisə edirlər. Yararsız xəstəxana binaları, köhnə avadanlıqlar, kadr çatışmazlığı o dövr səhiyyəsinin əsas xarakterik xüsusiyyətlərindən idi. Şəhərə nisbətən kəndlərdə vəziyyət daha acınacaqlı olurdu. Nə həkim tapılırdı, nə də ki dərman. Pis günün ömrü az olar, – deyiblər. İllər keçdi Vətən, millət qədri bilənlər qurub-yaratdılar, xalqın sabaha inamı özünə qaytarıldı. Qısa müddət ərzində bütün sahələrdə dirçəliş özünü göstərdi. Səhiyyə sahəsinə də xüsusi diqqət yetirildi. Çox keçmədi ki, ən ucqar kəndlərdə belə, müasir səhiyyə infrastrukturu yaradıldı, tibbi xidmətin səviyyəsi yüksəldi. Bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması işi də diqqətdən kənarda qalmadı. Bir sözlə, insanların muxtar respublika səhiyyəsinə, həkimlərə olan inamı artdı.

Bu gün paytaxt Naxçıvan şəhərində sakinlərin sağlamlığı keşiyində duran müasir səhiyyə ocaqları fəaliyyət göstərir, tibb müəssisələri ən yeni avadanlıqlarla təmin olunub, bacarıqlı kadrlar işə cəlb edilib. Naxçıvan şəhərinin Qaraçuq kəndindəki həkim ambulatoriyası da məhz belə şəfa ocaqlarındandır. Ötən günlərdə həmin ünvanda səhiyyə sahəsində yüksəlişin bir daha şahidi olduq.

Tibb müəssisəsində bizi ambulatoriyanın baş həkimi, pediatr Akifə Quliyeva qarşıladı. Öyrəndik ki, o, peşə fəaliyyətinə elə dünyaya göz açdığı bu kənddə başlayıb. Artıq 25 ilə yaxındır ki, sakinlərə tibbi xidmət göstərir. Deyir, insan üçün dünyada ən əziz nemət can sağlığıdır. Çalışdığı illər ərzində bir çoxlarına şəfa bəxş etdiyi üçün özünü xoşbəxt sayır. Çəkdiyi zəhmət dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, o, 2016-cı ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb. Akifə Quliyeva qeyd etdi ki, bundan sonra da əzmlə çalışacaq, sakinlərin sağlam yaşayışı üçün əlindən gələni əsirgəməyəcək.
Müsahibimiz çalışdığı səhiyyə ocağı barədə məlumat verərək bildirdi ki, Qaraçuqda ilk həkim ambu­latoriyası 1983-cü ildə yaradılıb. Əvvəllər burada tibbi şərait ürək­açan olmayıb. Lakin son illər bütün sahələrdə gedən tikinti-quruculuq tədbirlərindən bu tibb ocağına da pay düşüb. Belə ki, 2015-ci il yanvarın 14-də həkim ambulatoriyası müasir görkəmi ilə öz qapılarını sakinlərin üzünə açıb. İkimərtəbəli binada baş həkim, mama-ginekoloq, terapevt, peyvənd, mama, tibb bacısı, qeydiyyat, müayinə, manipulyasiya otaqları, fizioterapiya və stomatoloji kabinələr, palata, əczaxana vardır. Səhiyyə ocağı müayinə və müalicələrin təşkili üçün müasir avadanlıqlar, dərman preparatları, peyvənd­ləri saxlamaq üçün xüsusi soyuducu, təcili yardım və peyvənd çantaları ilə təmin edilib. Tibb müəssisəsi Qaraçuq kəndi ilə yanaşı, Qaraxanbəyli və Bulqan kənd sakinlərinə, ümumilikdə, 7955 nəfərə tibbi xidmət göstərir. Sakinlərə xidmətin operativ təşkili üçün Qaraxanbəyli və Bulqan kənd­lərində ambulatoriyanın feldşer-mama məntəqələri yaradılıb və fəaliyyətləri günün tələbləri səviyyəsində təşkil olunub.
Ambulatoriyanın stomatoloq otağında dişlərin müayinə və müalicəsi, protezlərin hazırlanması işləri yüksək səviyyədə həyata keçirilir. Manipulyasiya otağında xəstələrə sistem məhlulları köçürülür, inyeksiyalar aparılır. Mama-ginekoloji otaqda hamilə qadınların qeydiyyatı və müayinəsi təşkil edilir, peyvənd otağında isə 6 yaşadək uşaqlara profilaktik qoruyucu peyvəndlər vurulur, xəstələrə digər lazımi tibbi yardım göstərilir.
Cari ildən ambulatoriyada fizi­o­­­­­­­­terapiya kabinəsi də fəaliyyətə başlayıb. Qısa zaman ərzində onlarla kənd sakini kabinənin xidmətlərindən yararlanıb. Burada fizioterapevtik aparatlar quraşdırı lıb. Aparılan müayinə və müalicədə ultrasəs dalğalarından istifadə edilir.
Həkim ambulatoriyasında mütəmadi olaraq yenidoğulmuşların qeydiyyatı aparılır, sahə tibb bacıları tərəfindən azyaşlı uşaqların evlərdə tibbi müayinəsi keçirilir, xəstəlik aşkar olunduqda dərhal həmin uşaqlar ambulatoriyaya cəlb edilirlər. Səhiyyə ocağında vərəm, dəri-­zöhrəvi, endokrinoloji, ürək, göz və digər xəstəliklərdən əziyyət çəkən sakinlər dispanser qeydiyyatına götürülür, onların müayinə və müalicələri aparılır.
Tibb ocağında olarkən burada müayinə və müalicə alan xəstələrlə də görüşüb həmsöhbət olduq. Qaraçuq kənd sakini, 63 yaşlı Ceyran Bayramova revmatit-poliartrit xəstəliyindən əziyyət çəkir. O, ambulatoriyada aparılan müalicədən razılıqla danışdı:
– Heç kim başına gələcəklərdən sığorta olunmayıb, xəstəliyə də nə vaxt tutulacağını bilmirsən. Xəstələnən zaman isə köməyimizə ilk olaraq qayğıkeş həkimlər yetişir. Qeyd edim ki, kəndimizin bugünkü simasını görəndə, həkim ambulatoriyasında yaradılan gözəl şəraitlə, bəslənilən mehriban münasibətlə qarşılaşanda qeyri-iradi yadıma əvvəlki şəraitsizlik üzündən dünyadan köçən insanlar düşür. Şükürlər olsun ki, artıq həmin xoşagəlməz hallarla rastlaşmırıq. İndi yüksək şəraitə malik xəstəxanalarımız, bacarıqlı həkimlərimiz var. Kəndimizdəki tibbi xidmət hər bir sakinin ürəyincədir. Burada aldığım müalicə sayəsində özümü gümrah hiss edirəm. Yaradılan şəraitə, göstərilən xidmətə görə minnətdarlığımı bildirirəm.
Bulqan kənd sakini, yaşı 65-i adlamış Mahirə Məmmədova da uzun müddətdir, xəstəliklərdən əziyyət çəkir. Həkim ambulato­riyasında aparılan müayinə zamanı onda şəkərli diabet və zob xəstəlikləri aşkarlanıb, lazımi müalicə kursu yazılıb. Bu barədə onun ­dediklərindən:
– Şəkərli diabet bu gün ən çox yayılan xəstəliklərdəndir. Bəzi insanlar sağlamlıqlarında problem olduğunu bilsələr də, buna laqeyd yanaşır, həkimə gec müraciət edirlər. Başıma gəldiyi üçün deyə bilərəm ki, xəstəlik gec müəyyən ediləndə müalicəsi də çətin olur. Hər kəsə məsləhətim budur ki, səhhətində narahatlıq hiss edən kimi dərhal həkimə müraciət etsin. Bu gün səhiyyə ocaqlarımızda gözəl tibbi şərait yaradılıb. Yetər ki, insan öz sağlamlığına laqeyd yanaşmasın, vaxtında tibb ocaqlarına üz tutsun. O zaman xəstəlikdən tez yaxa qurtarıb, sağlam həyat yaşaya bilər. Onu da qeyd edim ki, kəndimizin ambulatoriyasında tibbi xidmət ürəkaçandır. Burada hər iki xəstəliyimə lazımi müalicə yazılıb, mütəmadi olaraq müayinə üçün gəlirəm. Gördüyüm qayğıkeş, doğma münasibət məni həyata bağlayır. Qohum-əqrəba arasında da söhbət düşəndə deyirəm, nə yaxşı ki belə gözəl şəraitimiz, təcrübəli tibb işçilərimiz var.
Digər müsahibim Qaraxanbəyli kənd sakini Sabir Məmmədov bronxial­­-astma xəstəliyindən əziyyət çəkir. Ambulatoriyada dispanser qeydiyyatına alınıb, mütəmadi olaraq müalicə kursu keçir. Deyir, gənc yaşlarda insan xəstəliyə ötəri yanaşır. Vaxtında müalicə olunmur, sonradan da ciddi fəsadlar ortaya çıxır. Zaman keçdikcə vəziyyət ağırlaşır və günlərin birində aydın olur ki, artıq müalicə üçün gecdir. Ambulatoriyada özümü doğma evimdəki kimi hiss edirəm. Göstərilən tibbi xidmətdən çox razıyam. Müalicəm üçün nə lazımdırsa, edilir. Yaradılan şərait üçün minnətdaram.
Ünsiyyətdə olduğumuz insanların söhbətlərindən yəqin etdim ki, həkim ambulatoriyasında adıçəkilən kənd­lərin sakinləri keyfiyyətli tibbi xidmətlə təmin edilirlər. Bu sahədə görülən işlər dövlətimizin insan amilinə verdiyi önəmin, insanların sağlam yaşamasına göstərdiyi qayğının təzahürüdür. Hər bir vətəndaşın eyni səviyyədə tibbi xidmətlə təmin edilməsi sosialyönümlü siyasətin ilbəil yeni bəhrələr verdiyini bir daha təsdiq edir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR