Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar xalqın gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyət onların layiqli vətəndaş kimi formalaşdırılmasını hər bir dövlətin başlıca sosial məsuliyyətlərindən biri kimi belə dəyərləndirirdi: ”Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün muxtar respublikamızda da uğurla həyata keçirilir, müxtəlif təbəqələrdən olan uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”.
Hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanaraq ötən ildən dövlət proqramının icrasına başlanılıb.
Sərəncamda da qeyd olunduğu kimi dövlət proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır. Bu məqsədlə hazırda muxtar respublikada 227 tibb müəssisəsi tərəfindən uşaqlara müasir səviyyədə xidmət göstərilir. Müasir standartlara cavab verən Naxçıvan Muxtar Respublika Xəstəxanası, “Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsi, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, Doğum Perinatal Mərkəzi, Uşaq Bərpa Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, rayon mərkəzi və kənd sahə xəstəxanaları, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələri bu gün, eyni zamanda uşaqların sağlamlığı keşiyindədir. Ötən il Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası əsaslı təmir edilərək yenidən qurulub, maddi-texniki bazası yenilənib, müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Ali Məclis Sədrinin tapşırığı ilə Şərur Rayon Uşaq Xəstəxanası yaradılıb və müasir, dünya standartlarına uyğun tibbi avadanlıqlarla təchiz edilərək yanvarın 24-də istifadəyə verilib.
Həmin tibb müəssisələrində uşaq əhalisinə tibbi yardım üçün Naxçıvan şəhərində 23 sahə, bu sahələrə nəzarət edən 16 həkim-pediatr, 33 tibb bacısı fəaliyyət göstərir. Sahə pediatrları və tibb bacıları tərəfindən mütəmadi olaraq sahələrə nəzarət olunur, yeni doğulmuş uşaqların qeydiyyatı və peyvəndə cəlb olunması işləri həyata keçirilir. 2018-ci ildə uşaq əhalisinə ixtisaslaşmış tibbi xidmət göstərmək məqsədilə ixtisas həkimlərindən ibarət həkim briqadaları tərəfindən pediatr olmayan, yaxud sərhəd zonalarda yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə edilib, ehtiyacı olanlara tibbi xidmət göstərilib.
İcbari dispanserizasiya ilə əhatə olunmuş uşaqların elektron qeydiyyatı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən həyata keçirilir. Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası və Şərur Rayon Uşaq Xəstəxanasında səhiyyə informasiya sistemi yaradılaraq dispanserizasiyadan keçmiş uşaqların elektron qeydiyyatı aparılır.
Dövlət təhsil müəssisələrində, o cümlədən bütün məktəb və bağçalarda pulsuz ilkin tibbi yardım xidməti təşkil olunub. Naxçıvan şəhərində 20 məktəb və bu məktəblərin hər birində pediatr və tibb bacısı fəaliyyət göstərir. Rayonlarda və kəndlərdə isə rayonun və ya kəndin tibb müəssisəsinin pediatr və tibb bacıları tərəfindən həmin məktəbdə oxuyan uşaqlar arasında dispanserizasiya, ilkin tibbi yardım, yoluxucu xəstəliklərin erkən aşkar olunması və müayinələrə cəlb edilməsi, profilaktik peyvəndlərin vaxtında vurulması, diaskin testlərinin nəticələrinin duzgun qeydiyyatı, həmçinin hiperergik reaksiyalı uşaqların Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində ixtisaslı həkimlər tərəfindən müayinəsi və müalicəsinin təmin olunması, qida blokuna nəzarət daim diqqət mərkəzindədir.
Ötən ilin oktyabr ayından uşaqların növbəti icbari dispanserizasiyasına start verilib. 21 min 946 uşaq müayinə olunub, 7 min 281 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyata götürülüb. Bəzilərinin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlar ixtisas həkimlərinə yönləndirilib. Rayonlar üzrə dispanserizasiyaya cəlb olunan uşaqların sayı 9 min 991 nəfər təşkil edib.
Uşaqlar arasında qurd invaziyalarının qarşısının alınması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən ildə iki dəfə profilaktik müayinələr aparılır. Müayinə nəticələrinə uyğun olaraq 2019-cu il üçün qurd əleyhinə 6 min “Mebendazol” tablet sifariş verilərək gətirilib və orta məktəb şagirdlərinə müalicəvi və profilaktik dozada təyin olunması nəzərdə tutulub.
Həm sahə həkimi və tibb bacıları, həm də məktəbə nəzarət edən pediatr və tibb bacısı uşaqlar və valideynlər arasında sanitar-gigiyenik qaydalar, həmçinin peyvəndlərin əhəmiyyəti və vurulma səbəbləri, uşaqların düzgün qidalanması və aktiv həyat tərzinin faydaları haqqında maarifləndirici söhbətlər aparırlar. Hər il muxtar respublikada bütün pediatrların və pediatriya sahəsində işləyən tibb bacılarının iştirakı ilə “Pediatriyanın aktual problemləri” mövzusunda geniş konfrans keçirilir. Xüsusən 1 yaşa qədər uşaqların yoluxucu xəstəliklərdən qorunması məqsədilə 2011-ci ildə yeni əlavələr edilmiş milli peyvənd təqvimindən istifadə olunur. Təkcə ötən il Doğum Mərkəzində və doğum şöbələrində doğulan 5 min 247 uşağa 12 saat ərzində hepatit B, 7 gün müddətində BÇJ peyvəndləri vurulub, poliomielit peyvəndi damcı şəklində verilib. 2 aylığından uşaqlara pentavaksin peyvəndi və digər peyvəndlər vurulub. Bütün bunların nəticəsidir ki, muxtar respublikada idarəolunan yoluxucu xəstəliklərin qarşısı alınıb.
2009-cu ildən elektron sağlamlıq kartlarının tətbiqinə başlanılıb. Təkcə ötən il 1457 elektron kart alınaraq valideynlərə paylanılıb. Qaçqın və şəhid ailələrinin uşaqlarına, dövlət proqramı ilə əhatə olunmuş və imtiyazlı uşaqlara, yaxud valideynlərinin həyat şəraiti çətin olan uşaqlara yaş həddi qoyulmadan hər növ tibbi yardımın pulsuz göstərilməsi təmin olunub. Həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası üçün Səhiyyə Nazirliyi tərəfindən 28 əlil uşaq Naxçıvan Muxtar Respublikası Uşaq Bərpa Mərkəzinə göndərilib.
Ötən il övladlığa götürülən 3 yaşınadək 11 uşaq Səhiyyə Nazirliyində mərkəzləşdirilmiş qeydiyyata alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilib. Muxtar respublika və rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qanunvericiliyə uyğun olaraq hər il azı iki dəfə olmaqla, məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə reydlər aparılır, sanitar-gigiyenik vəziyyətə, uşaqlara verilən qida məhsullarının keyfiyyətinə və günlük qida rasionlarının yetərli və tərkibinin çeşidli olmasına nəzarət edilir.
Valideynlərini itirmiş, yaxud valideynlərinin həyat şəraiti çətin olan əlil və qüsurlu uşaqların aşkar edilməsi və qeydiyyata alınması daim diqqətdə saxlanılır, həmin uşaqların Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə göndərilməsi həyata keçirilir. Bu müəssisədə 10 fiziki qüsurlu uşağa valideynə dəstək məqsədilə qulluq edilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə pediatriya sahəsində tibbi kadrların yetişdirilməsi, həkimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi üçün ixtisas və təkmilləşdirmə kurslarına göndərilməsi işi daim təşkil olunur. Təkcə ötən il Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki araşdırma xəstəxanalarına və Bakı şəhərinə 50-yə yaxın həkim və orta tibb işçisi kurslara göndərilib. 132 tibb bacısı isə Naxçıvan tibb müəssisələrində iş yerində təcrübə üçün kurs keçib. Peyvəndlərin düzgün vurulması və ağırlaşmaların olmaması məqsədilə 30 vaksinatorun Naxçıvan Tibb Kollecində kursa göndərilməsi təmin olunub.
Həkim təyinatı olmadan narkotik və psixotrop dərmanların satışının qadağan edilməsi daim diqqətdə saxlanılır. İldə iki dəfə olmaqla Səhiyyə Nazirliyinin Əczaçılıq və dərman vasitələrinin reyestri sektoru tərəfindən əczaxanalarda yoxlamalar aparılır, dərman preparatlarının həm reseptə uyğun verilməsinə, həm də saxlanılma şəraitinə daim nəzarət edilir.
Keçən il talassemiyalı və hemofiliyalı uşaqlarda hepatit virusunun qanla yoluxma ehtimalı olduğundan bu virusa görə profilaktik peyvənd aparılıb. Həmçinin mövsümi xəstəliklər və onlardan qorunma yolları, uşaqların düzgün qidalanması, böyüməkdə olan orqanizmin sağlam olması üçün aktiv həyat tərzinin vacibliyi haqqında səhiyyə maarifi işi aparılır. Hər il “Antibiotiklərə dur” devizi ilə keçirilən konfranslarda usaqlara təyin olunan antibiotiklərin zərərləri və dozalanmanın duzgün olmasının vacibliyi haqqında geniş məlumatlar verilir, müzakirələr təşkil edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarı ilə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkimləri tərəfindən “Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitab hazırlanaraq onlarda ən çox rast gəlinən xəstəliklər haqqında geniş və əhəmiyyətli məlumatlar verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur Rayon Uşaq Xəstəxanasının açılışında dövlət proqramında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini, eyni zamanda səhiyyə protokollarına əməl edilməsini kollektivin qarşısında duran əsas vəzifə kimi irəli sürüb. Bu vəzifələr uşaq əhalisinə tibbi yardım göstərən bütün səhiyyə müəssisələrinə aiddir. Həmin müəssisələrdə yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.
Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə təkcə qanunların deyil, hamımızın borcudur. Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti