Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə 12 nəfərdən ibarət tələbə və müəllim heyətinin Ankara şəhərində fəaliyyət göstərən Yıldırım Bəyazit Eyitim və Araşdırma Xəstəxanasında biraylıq təcrübə kursu başa çatıb. Keçirilən kurs ixtisaslı kadrların hazırlanması ilə yanaşı, elmi əlaqələrin genişləndirilməsinə də xidmət edib.
Qazanılan elmi və praktik vərdişlər təcrübə keçən tələbələr üçün iş yerlərində çox əhəmiyyətli olacaqdır. Heyətdə təmsil olunan tələbələrdən 5 nəfəri tibb bacısının işi, 5 nəfər isə mamalıq ixtisasları üzrə təhsil alır. Təcrübə müddətində tibb bacıları araşdırma xəstəxanasının ortopedik və infeksion xəstəlikləri, mamalıq ixtisasından olan tələbələr isə Doğum və Yenidoğulmuşlar şöbələrində fəaliyyət göstəriblər. Tələbələr Daxili xəstəliklər və LOR şöbələrinin də işi ilə tanışlıq imkanı qazanıblar. Təcrübədə məqsəd tələbələrin xəstələrlə ünsiyyət yaratmaq, gündəlik həkim təyinatlarını yerinə yetirmək bacarıqlarına yiyələnmələri olub.
Tələbələr kurs müddətində araşdırma xəstəxanasının Daxili xəstəliklər və Cərrahiyyə, Təcili tibbi yardım üzrə bölmələrində, Yenidoğulmuşlar, Döş qəfəsi, Yoluxucu xəstəliklər şöbələrində plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Onlar müxtəlif manipulyasiyaların həyata keçirilməsində, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Tələbələrdən Kifayət Pənahova, Turalə Əmirbəyli, Bəhruzə Hüseynova, Rahibə Məmmədova onların müasir nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün unikal şərait yaradanlara öz minnətdarlıqlarını bildiriblər.
Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.
Hüseyn ƏSGƏROV