22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində Polimeraz zəncirvarı reaksiyası (PZR) üçün termik dövr cihazından istifadəyə başlanılması səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində növbəti uğurlardan biridir. Mərkəz əvvəllər bu cihazla təchiz edilsə də, manual hissə çatışmadığından indiyədək istifadəsiz halda idi. Həmin hissə ötən ilin sonlarında alınaraq cihazla birgə fevralın 7-də Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS şöbəsində işə salınıb. Bu prosesdə Bakı şəhəri və Ankaradan dəvət edilmiş tibb üzrə mütəxəssislərlə birgə çalışan həkim-laborant Münəvvər Ələsgərli kifayət qədər təcrübə qazanaraq analizləri sərbəst şəkildə həyata keçirir.
Hazırda müasir səhiyyə sistemində son modellərdən sayılan termik dövr cihazı ilə HİV daşıyıcısı olan xəstələrin laborator müayinələri aparılır. Bundan əlavə, hepatit B və C viruslarının müayinəsi üçün aparata xüsusi proqram yüklənib. Yaxın günlərdə həmin müayinələrlə yanaşı, qrip viruslarının laborator müayinələri də icra olunacaq.

Bütövlükdə isə, PZR cihazı özündə bir neçə funksiyanı birləşdirir. Biokimya və molekulyar biologiya sahələrində hüceyrənin hər hansı bir canlı orqanizm istifadə edilmədən, sadəcə, ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilir. Bu metod süni şəraitdə, orqanizmdən kənarda polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək surətinin çoxaldılması prinsipinə əsaslanır. Çağdaş genetik mühəndisliyin uğuru sayılan bu üsul molekulyar genetikanın inkişafında böyük rol oynayıb. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod ona Nobel mükafatını qazandırıb.
Qeyd edək ki, polimeraz zəncirvarı reaksiyası vasitəsilə aparılan analiz bir çox tibbi suallara cavab tapmağa kömək edir, nəticədə, pasiyentin diaqnoz və müalicəsi düzgün həyata keçirilir. Xüsusilə kultivasiyası çətin patogen orqanizmlərin hepatit və digər virusların təyin olunmasında, həmçinin genetik xəstəliklərin diaqnostikasında istifadə edilir.
Yeni metodun tətbiqi muxtar respublikada tibb sahəsində əldə edilən mühüm yeniliklərdən biridir. Fərəhlə demək olar ki, artıq muxtar respublika əhalisinin bu problemlərlə bağlı olaraq Bakı şəhərinə, qonşu xarici ölkələrə getmələrinə ehtiyac yoxdur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR