29 Aprel 2024, Bazar ertəsi

Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində səhiyyə ocaqları üçün yeni binalar tikilir, mövcud binalar yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Şərur Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələri sırasındadır. Xəstəxananın həyətində hara baxırsan, təmizlik, gül-çiçək, yaşıllıq görürsən. Bu da insanda təbii olaraq xoş əhval-ruhiyyə yaradır. 

Xəstəxananın baş həkimi Adəm İman­ovla birlikdə səhiyyə ocağını gəzirik. Həkimlərin ixtiyarında müasir tibb avadanlıqlarının olmasına şahidlik edirik. Adəm həkim bildirir ki, 2017-ci il mart ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur Rayon Mərkəzi Xəstəxanasında aparılan təmir işləri ilə maraqlanmış, quraşdırılan yeni tibbi avadanlıqlara baxmışdır. Əsaslı təmir işləri aparılmış binada rentgen-flüoro­qrafiya, kompüter-tomoqrafiya və elektroensofaloqramma aparatları quraşdırılmışdır. Bu tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verir. Bununla da, rayon sakinlərinin başqa yerlərə üz tutmasına ehtiyac qalmır. 

Baş həkim onu da qeyd edir ki, səhiyyə ocağında 37 həkim, 327 orta tibb işçisi çalışır. Şərur Rayon Mərkəzi Xəstəxanası Təcili Yardım, Travmatologiya, Terapiya, Uşaq xəstəlikləri, Nevrologiya, Poliklinika, Laboratoriya, Cərrahiyyə, Reanimasiya, Ginekologiya, Yoluxucu xəstəliklər, Rentgen şöbələri, Kardiologiya, ­Hemodializ bölmələri, 2 USM, Qanköçürmə kabinələri, Aşağı Aralıq kənd sahə xəstəxanası, 27 həkim ambulatoriyası, 33 feldşer-mama məntəqəsi var. Səhiyyə ocağı rayonun 113 min 125 sakininə, o cümlədən 19 min 21 uşağa tibbi xidmət göstərir. 

Baş həkim onu da qeyd edir ki, xəstələrə təxirəsalınmaz ambulator və stasionar yardım göstərmək üçün mərkəzdə Təcili yardım şöbəsində 4 briqada yaradılıb. Son 8 ay ərzində briqadalar 946 çağırışda olub, 1659 xəstəyə şöbədə yardım göstərilib. Burada xəstələrin qəbulu, kiçik cərrahi müdaxilələrin aparılması, diaqnozları dəqiqləşdirilənə qədər palatalarda yerləşdirilməsi işi ilə məşğul olunur, onlara təxirəsalınmaz tibbi yardım göstərilir.
Xəstəxanada qan ehtiyatı da diqqətdə saxlanılır. Belə ki, fəal donorların sayı 10 nəfər, ehtiyatda olan donorların sayı 5 nəfər olub.
Dispanser xəstələr müntəzəm olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Şərur Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət briqada tərəfindən yoxlanılır, laborator, USM və EKQ müayinəsindən keçirlər. Şəkərli diabet xəstələrinə qanda şəkərin miqdarını təyin etmək üçün qlükometr aparatı verilib və bu aparatlar müntəzəm olaraq strip-testlərlə təmin olunur.
Ginekologiya şöbəsində həkim-neantoloq Hidayət Camalovla həmsöhbət oluruq. O qeyd edir ki, bəhs olunan dövrdə rayonda 602 uşaq dünyaya gəlib, uşaqlarda hər hansı patologiya müşahidə olunmayıb. Hidayət həkim onu da bildirir ki, bu gün xəstəxanada körpələrin sağlamlığı üçün nə lazımdırsa, edilir. Epidemioloji sabitlik qorunur. Bunun nəticəsidir ki, körpələr arasında yoluxucu xəstəliklər qeydə alınmayıb. Uşaq və yeniyetmələrin sağlamlığı barədə məlumatların vətəndaşların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi istiqamətində lazımi işlər görülür. Belə ki, rayonda yeni doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar internet vasitəsilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ötürülür və elektron sağlamlıq kartlarının verilməsi işi sistemli şəkildə davam etdirilir.
Cərrahiyyə şöbəsində növbəti əməliyyatı uğurla yerinə yetirib, xəstənin yaxınlarına əməliyyatın necə keçdiyi haqda məlumat verən gənc həkim-cərrah Nurlan Cəfərovla qarşılaşırıq. O bildirir ki, cari ilin ötən dövrü ərzində 212 cərrahi əməliyyat aparılıb. Əməliyyatların hamısı uğurla başa çatdırılıb. Həkim onu da qeyd edir ki, 2017-ci il yanvar ayının 13-də Şərur rayonunda növbəti humanitar aksiya keçirilib. Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 20 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji və digər əməliyyatlar aparıb. Xəstəxananın tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə səhiyyə xidməti göstərib. Aksiya zamanı pasiyentlər, həmçinin hemotoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.
2017-ci ilin 8 ayı ərzində dispanser qeydiyyatında olan 5 Böyük Vətən müharibəsi əlili və iştirakçısı, 57 Əfqanıstan müharibəsi veteranı, 55 Çernobıl qəzasının, 56 Azərbaycan Vətən müharibəsinin iştirakçıları və 48 şəhidin ailə üzvləri müntəzəm olaraq müayinələrdən keçirilir. Xəstəxanada yaradılmış 4 həkim briqadası kənd tibb müəssisələrində əhalini vaxtaşırı tibbi müayinə edir və maarifləndirmə işi aparırlar.
Fəsil dəyişkənliyi ilə əlaqədar payız mövsümündə məktəblərdə şagirdlər arasında müayinə işlərinə başlanılıb. Müayinələr zamanı hər hansı bir xəstəlik müşahidə edildikdə, uşaqlar müvafiq müalicə müəssisələrinə cəlb olunurlar.
Hemodializ bölməsində böyrək çatış­mazlığından əziyyət çəkən xəstələrə xidmət göstərilir. Hazırda bu bölmədə 9 xəstə qeydiyyatdadır. 8 ildir ki, bu xəstəlikdən əziyyət çəkən rayonun Kürkənd sakini Samilə İsmail­zadə həftədə 3 dəfə olmaqla, 4 saatlıq pro­qramlı hemodializ seansı keçdiyini deyir və göstərilən xidmətin tam təmənnasız, dövlət hesabına olduğunu qeyd edir. O, göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirir.
Xəstəxanada olarkən 85 yaşlı İbrahim Qasımov yeni xəstəxana istifadəyə veriləndən buraya səhhəti ilə bağlı tez-tez müraciət etdiyini dedi. Bildirdi ki, on gündən bir bura gəlib yoxlamadan keçir, həkim və tibb işçilərindən razıdır.
Xəstəxananın müasir tələblərə cavab verən laboratoriyasında biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini aparmaq üçün tibbi avadanlıqlar var. Əgər əvvəllər rayon əhalisi belə müayinələr üçün Naxçıvan şəhərinə yollanırdısa, artıq buna ehtiyac qalmayıb.
İnanırıq ki, Şərur Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkimləri və tibbi personalı bundan sonra da yerli sakinlərin sağlamlığının keşiyində dayanacaq, bu müqəddəs vəzifəni şərəflə yerinə yetirəcəklər.

Ramiyyə Əkbərova

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR