29 Aprel 2024, Bazar ertəsi

Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə işçilərinə ictimai etimadı doğrultmaq üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir. Bütün bunlar nəzərə alınaraq bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Həkimlərin etik davranış qaydaları” hazırlanaraq təsdiq edilib və avqustun 1-dən icrasına başlanılıb. Bu barədə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva ilə müsahibəni oxuculara təqdim edirik. 

– Samrat həkim, “Həkimlərin etik davranış qaydaları”nın icrasına nəzarət sizə həvalə olunub. Bu istiqamətdə hansı işlər görülüb?
– Bu gün qürurla deyə bilərik ki, muxtar respublikamızda səhiyyənin inkişafı üçün hərtərəfli işlər görülüb. Belə ki, elə bir ucqar kənd, qəsəbə yoxdur ki, orada əhaliyə tibbi xidmət göstərən və yeni tikilərək istifadəyə verilən tibb müəssisəsi olmasın. Hazırda Naxçıvanda müasir tələblərə cavab verən, dünya standartlarına uyğun maddi-texniki bazası olan xəstəxanalarda bütün növ tibbi xidmətlərlə əhalinin sağlamlığının keşiyində dayanılır. Bütün bunlar həkim-xəstə münasibətlərinə bilavasitə müsbət təsir edir və vətəndaşların tibbi xidmətdən və tibb işçilərindən razı qalmasına şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Həkimlərin etik davranış qaydaları” işlənib hazırlanaraq təsdiq olunub. Qaydaların yazılı və elektron mətni hər bir səhiyyə müəssisəsinə göndərilərək tibb işçilərinin məlumatlandırılması təmin edilib. Artıq hər bir tibb işçisinin praktik fəaliyyəti yeni qaydalar çərçivəsində qiymətləndirilir. Eyni zamanda maarifləndirici tədbirlər də davam etdirilir. Belə ki, qısa müddət ərzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Şərur, Sədərək, Ordubad, Babək və Culfa Rayon Mərkəzi xəstəxanalarında “Tibbi etika və deontologiya” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Həmin tədbirlərdə qeyd olunub ki, həkim-xəstə münasibətləri həkimlik etikası və bioetikanın başlıca problemidir. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması, xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması, konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Bu iş hazırladığımız qrafikə əsasən mütəmadi davam etdiriləcəkdir.

– Deontologiyanın bir elm kimi yenidən aktuallaşması nə ilə əlaqədardır?
– Deontologiya, əslində, bütün insan cəmiyyəti yaranandan bəri aktuallığını itirməyən yeganə elm sahəsidir. O, tibb işçisi ilə xəstə arasında olan münasibətləri, tibb işçisinin nümunəvi davranışını öyrənən bir elm kimi bu gün səhiyyə sistemində xüsusi aktuallığa malikdir. Hər bir tibb işçisi deontologiyanın nə olduğunu bilməli və ona riayət etməlidir. Çünki xəstə ilə qarşılıqlı səmimi münasibətlər yaradıldıqda müalicə prosesində uğur qazanılar. “Həkimlərin etik davranış qaydaları” hazırlanıb icraya götürülərkən məhz bu amillər nəzərə alınıb.
Qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər tutur. Odur ki, həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Həkim öz vəzifəsini xəstənin yaşından, cinsindən, irqindən, milliyyətindən, dini əqidəsindən, sosial vəziyyətindən, siyasi baxışlarından, vətəndaşlığından, maddi vəziyyətindən asılı olmayaraq yerinə yetirməlidir. Bu qaydaların tələbləri, eyni zamanda orta tibb işçilərinə də şamil olunur.
– Qaydaların tətbiq edilməsinin əsas məqsədi nədir?
– Əvvəlcə onu bildirim ki, bu qaydalar muxtar respublika ərazisində mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün səhiyyə işçilərinə şamil olunur. Əsas məqsəd səhiyyənin nüfuzunun artırılmasından, səhiyyə müəssisələrinə və həkimlərə ictimai etimadın yüksəldilməsindən, həkimlərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasından, həkimlər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsindən, onların fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsindən ibarətdir. Əhalinin sağlamlığının qorunması dövlətin və cəmiyyətin xüsusi qayğısıdır. Bu sosial məsələnin həyata keçirilməsində həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır.
Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədilə həkim tibb elminin son nailiyyətlərindən istifadə edərək, öz bilik və bacarıqlarını daim təkmilləşdirməli, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirəcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir. Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququna hörmətlə yanaşılmalıdır. Pasiyentin müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ vardır.
– Bəs həkim-xəstə münasibətlərində, bütövlükdə, tibb işçilərinin rolu nədən ibarətdir?
– Deontologiya münasibətlərinin möhkəmləndirilməsində aparıcı rolu həkim oynayır. Həkim xəstəni müayinə edir, diaqnoz qoyur, xəstəliklə bağlı müşahidələr aparır. Həkimin təyinatlarını yüksək keyfiyyətlə həyata keçirmək üçün tibb işçisindən ciddi intizam, savad, həkim tapşırıqlarını dəqiq yerinə yetirmək kimi vəzifələr tələb olunur.
Deontologiyanın elementlərindən biri həkimin göstərişlərini keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirməkdir. Öz sənətini ürəkdən sevən, ona sadiq olan hər bir tibb işçisi insanların həyatını xilas etmək üçün ona kömək göstərməyə hər an hazır olmalıdır. Bunları həyata keçirmək üçün tibb işçisi öz vəzifə borcunu başa düşməli, xəstənin şikayətlərini yüngülləşdirmək üçün bütün lazımi tədbirləri görməlidir.
Tibb bacısı xəstədə həkimə inam hissini artırmalı, xəstə ilə tez-tez təmas yaratmalıdır. O, həmişə xəstələrin arasında olur, onun xəstələrə yaxın, isti münasibəti psixoterapevtik təsir edir. Unutmaq olmaz ki, insan xəstələnən zaman daha kövrək, daha həssas olur. Qayğıya, xoş sözə ehtiyac duyur, ona qulluq edən tibb bacısından diqqət, xoş rəftar gözləyir. Bunun üçün tibb bacısı danışığına, geyiminə, hərəkətlərinə fikir verməli və təmkinli olmalıdır.
Nəzakətli və mehriban rəftar, xoş təbəssüm tibb bacısının öz xəstələrinə qayğısının simvoludur. Tibb bacısı, eyni zamanda həkim sirrini saxlamağı da bacarmalıdır. Məsələn, xəstəliyi ölümlə nəticələnəcək xəstəyə ümid verərək onu sağalacağına inandırmaq da bu qəbildən olan sirlərdən hesab edilir. Bu yalanı “müqəddəs yalan” adlandırırlar. Həkim və tibb bacısının xəstə ilə ünsiyyəti xəstənin sağalmağa inamını artırır.
– Bəzən həkim və tibb bacısının xəstənin yanında onun doğmaları ilə asta danışığı, sirli baxışları, sifətlərinin ifadəsi də xəstədə öz sağlamlığı barədə şübhələr yaradır.
– Təbabətdə yatrogen xəstəliklər adlandırılan xəstəliklər vardır. Bu xəstəliklər tibb işçisinin xəstələrə düşünmədən dediyi sözlərdən əmələ gəlir. Belə xəstələri müalicə etmək çox çətin olur. Qaydalara əsasən həkim səhvlərinə yol verilməsi və ya müalicə prosesində gözlənilməz ağırlaşmalar zamanı xəstə və təcrübəli həmkarlar məlumatlandırılmalı, bu barədə göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlanılmalıdır. Lakin heç bir halda o, bədbinliyə düçar edilməməlidir. Xəstəni bilərəkdən evtanaziyaya, yəni ölümünü sürətləndirməyə meyil etdirən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Tibb işçisi xəstənin vəziyyəti ağırlaşan zaman öz həyəcanını büruzə verməməlidir. Başqa şöbədə olan hadisə haqqında danışmamalıdır. Əks-təqdirdə xəstədə qorxu, həyəcan yarada bilər.
– Tibb işçisinin zahiri görünüşü, geyimi, hətta danışığı, mimikası da xəstəyə təsir edir.
– Doğrudur. Tibb işçiləri bilməlidirlər ki, xəstələr onun geyiminə də fikir verirlər. Təmiz, ütülü ağ xalatda, sifətində təbəssüm, savadlı, qabiliyyətli tibb bacılarını xəstələr daha çox sevir və onlara daha çox inanırlar. Belə görkəm xəstəyə psixoterapevtik təsir edir.
Əksinə, səliqəsiz geyinmiş çirkli xalatda olan tibb bacıları xəstələr tərəfindən yaxşı qarşılanmır. Tibb bacısı bilməlidir ki, işə gələn zaman kəskin iyli ətirlərdən istifadə etmək allergiyası olan xəstələrdə boğulma tutmalarına və onların vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Bir də görürsən ki, tibb işçisi xəstə ilə məşğul olmaq əvəzinə mobil telefonla uzun-uzadı şəxsi söhbətlə məşğuldur, yaxud sosial şəbəkələrdədir, başı telefon oyunlarına qarışıb. Odur ki, belə hallar nəzərə alınaraq səhiyyə müəssisələrində iş zamanı smartfon telefonlardan istifadə qadağan edilib.
Tibb işçisi həmişə öz həmkarları ilə hörmətlə rəftar etməli, yoldaşları ilə mehriban olmalı, yüksək səslə danışmamalı, lazım gələrsə, onları müdafiə etməlidir. Öz praktik işində deontologiyanın prinsiplərinə riayət edən bacarıqlı tibb işçiləri xəstələr tərəfindən həmişə sevilir.
Tibb işçisi xəstənin halını anlamalı, xəstə ilə münasibətində təlqin etməlidir ki, ağrı xəstəlik deyil, ­vücudun həyəcan təbilidir. O, orqanizmin hansısa hissəsində problemin olması ilə bağlı xəbərdarlıq siqnalıdır və sizi qorumağa kömək edir. Önəmlisi isə heç bir ağrı daimi deyil. Ona görə də ən dözülməz ağrının, çarəsiz hesab edilən xəstəliyin belə, sizi ümidsizliyə sürükləməsinə yol verməyin, sadəcə, güclü olun və hər şeyin yaxşı olacağına inanın!
– Müsahibə üçün sağ olun!

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR