29 Aprel 2024, Bazar ertəsi

Elmin başqa sahələri kimi, tibb də məhz Şərqdən Avropaya yayılıb. VII  əsrdən başlayaraq xalq təbabətini ərəblər inkişaf etdirməyə başlayıblar. Bir neçə əsr ərzində ərəblərin öyrəndiyi 2600 dərman maddəsindən 1400-ü bitki mənşəli idi. Orta əsrlərdə xalq təbabətinin inkişafında Şərqin məşhur alimi Əbu Əli ibn Sinanın çox böyük xidmətləri olub. O, çox sayda dərman bitkisini öyrənib, onların müxtəlif xəstəliklərin müalicəsində  müsbət rolunu göstərib. Bu istiqamətdə onun “Tibb elmləri qanunu” adlı kitabı olduqca əhəmiyyətlidir. 

Orta əsrlərdən etibarən Azərbaycanda da xalq təbabəti sürətlə inkişaf etməyə başlayır. Azərbaycan təbabətinin ozamankı görkəmli nümayəndələrindən Həsən ibn Şirvani, Əbu Mənsur Muvəffəqi, İbrahim ibn Zeynalabdin Naxçıvani və başqalarının adını çəkmək olar. İlk dərmanşünaslığa dair əsər Əbu Mənsura aiddir. Əsərdə 446 bitki, 44 heyvan mənşəli dərman maddələri ətraflı təsvir edilib.
Hazırda elmi təbabət xalq təbabətinin bütün sirlərini ətraflı öyrənir və onun zəngin dərman xəzinəsindən elmi əsaslarla səmərəli istifadə etmək imkanlarını tədqiq edir. Bəs günümüzdə xalq təbabətindən, yaxud da tərkibində təbii vasitələr olan dərman preparatlarından istifadə hansı səviyyədədir?

Çoxumuz şahidiyik ki, bu gün təbii vasitələrdən istifadə edənlər az deyil. Hətta bəziləri sırf lazımi bitki olmasa belə, tərkibində həmin ot, yaxud da başqa təbii vasitə olan dərman preparatlarından alırlar. Amma unutmayaq ki, dərman bitkilərindən istifadə edərkən diqqətli olmaq lazımdır. Onlardan bəziləri, xüsusilə də bu bitkilər qarışıq istifadə edildikdə orqanizmə ciddi zərər verə bilər. Məsələn, insanlarda həmin vasitələrə qarşı allergiya yarana bilər. Bu zaman xəstə onlardan istifadəni mütləq dayandırmalıdır. Düzdür, təbiətin möcüzələrinin hər biri min bir dərdə davadır. Ancaq hansı bitkidən nə üçün istifadə edildiyini yaxşı bilməli, sonra ondan istifadə olunmalıdır.
Xalq təbabətində istifadə olunan, Naxçıvan Muxtar Respublikasında geniş yayılmış təbii dərman vasitələri haqqında məlumat almaq üçün Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Botanika kafedrasının müdiri, dosent Musa Piriyevə müraciət etdik. O bildirdi ki, Azərbaycanda 13, muxtar respublikamızda 8 növü olan zəncirotu bitkisindən təbabətdə geniş istifadə edilir. Onun yarpaq və otunun şirəsindən iyunda, kökündən isə erkən yazda və payızın sonunda istifadə olunur. Kökünün dəmləməsi qaraciyər və öd yolları xəstəliklərində, şişlərdə, assit, böyrəkdaşının, yarpaqlarının dəmləməsi isə səpgilərdə, sızanaqların müalicəsində təsirli dərman vasitəsidir. O, eyni zamanda Çin xalq təbabətində hərarətsalıcı, tərlədici, ümumi möhkəmləndirici, iştahartırıcı, limfa düyünlərinin iltihabında, furunkulyoz və digər dəri xəstəliklərinə müalicəvi təsir etməklə yanaşı, ilan zəhərini neytrallaşdırmaq qabiliyyətinə də malikdir.
Tərkibində iltihabsorucu, öskürəkkəsici, tərqovucu maddələr olan dəvədabanından təbabətdə yanıq əleyhinə maddə kimi də istifadə edilir. Onun yarpaq və çiçəklərinin dəmləməsi soyuqdəymədə öskürəkkəsici və tərlədici kimi istifadə edilir. O, eyni zamanda kəskin və xroniki yuxarı tənəffüs yollarının – bronxit, bronxial-astma və qrip xəstəliklərinin müalicəsi üçün də faydalıdır.
Qaraqovaq adlı bitkinin müalicə məqsədilə yarpağından və eləcə də qabığından istifadə edilir. Böyrək xəstəliklərində onun qatranı çıxarılaraq cövhər hazırlanır ki, göbələk xəstəliklərində, dəri yaralarında, yanıqlarda, bağırsaq çatlarında, çibanlarda həmin qovaq məlhəmi müalicəvi təsir göstərir.
Təbabətdə geniş istifadə edilən digər bir məhsul isə cəvizdir. Onun yarpaqlarından limfa vəzilərinin iltihabının, dəri vərəminin, iltihablı yaraların sağaldılmasında, həzm prosesinin yaxşılaşdırılmasında istifadə edilir. O, bakteriosid xüsusiyyətə malik olmaqla yanaşı, parazit qurd əleyhinə, şəkərli diabet xəstəliyində, qan damarlarının genişləndirilməsində də müalicəvi əhəmiyyətə malikdir. Onun meyvəsi balla qarışdırılıb vərəm xəstəliyinin, qastrit, mədə xorasının müalicəsində işlədilir.
Qumluq solmazçiçəyi xalq təbabətində qastrit, kolit, qaraciyər çatışmazlıqlarında ödqovucu və öddaşı xəstəliyində tətbiq edilir. Solmaz­çiçəyinin ekstraktı öd yolunun kiçik konkrimentlərinin parçalanaraq düşməsində istifadə olunur.
Musa Piriyevin sözlərinə görə, muxtar respublikanın dağlıq ərazilərində, seyrək meşələrində, kolluqlarda və çay vadilərində, alaq otları ilə birlikdə yol kənarlarında, meşə zolaqlarında və təzə salınmış bağlarda geniş yayılmış acı yovşandan da təbabətdə istifadə edilir. Belə ki, onun tərkibində olan acı maddə iştahanı artırır, enerjini bərpa edir. Bitkinin çiçəkləri mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir. Yovşan, eyni zamanda mədəaltı vəzin funksiyalarını da stimullaşdırır. O, mərkəzi sinir sisteminin və qanyaradıcı orqanların fəaliyyətini artırır, zəiflik, anemiya və epilepsiya xəstəliklərinin müalicəsinə də kömək edir. Tərkibində hərarətsalıcı və öskürəkkəsici maddələr olduğundan temperaturla müşayiət olunan qrip, malyariya və kəskin respirator xəstəliklərin profilaktika və müalicəsində əvəzsiz sayılır.
Təbib Əbu Əli ibn Sina üzərliyi soyuqdəymə və yorğunluğu aradan qaldıran dərman bitkisi kimi tanıdırdı. Əfqanıstanda üzərlik otundan hazırlanmış məhsulla ən kəsərli dezinfeksiyalar aparılır. Üzərliyin toxumları qara üzümlə əzilib qarışdırılır və alınan məlhəm diş ağrısını sakitləşdirmək üçün istifadə edilir. Bu bitki qrip xəstəlikləri, əsəb yorğunluğu, mədə-bağırsaq pozğunluğu zamanı da faydalıdır. Hətta onun köklərindən hazırlanan dərmanla uşaqlarda baş verən qıcolmanı müalicə edirlər.
Müsahibim onu da vurğuladı ki, təbabətdə istifadə edilən yüzlərlə bitkinin adını çəkmək olar. Şübhəsiz ki, ta keçmişdən dədə-babalarımız onların faydasını görməsəydi, nəsildən-nəslə keçirərək bu günümüzə gətirməzdi.
Çobanyastığı, kəklikotu, şahtərə, qaraçörəkotu, əməköməci, dəvədabanı, yarpız, əvəlik və sair kimi otlar digərlərinə nisbətdə daha çox istifadə edilir. Bu müalicəvi əhəmiyyətli otların yığılma vaxtı əhali onları toplayır, hələ qışa da tədarük görür.
Elə Ordubad rayonunda yaşayan Xədicə nənə ilə də bu mövzuda həmsöhbət olduq. O bildirdi ki, hər il bacardığı qədər bu şəfalı bitkilərdən yığır. Bədən nahiyəsində olan bütün ağrılara bu bitkilərlə əlac tapan Xədicə nənə onu da qeyd etdi ki, bitkilərin yığımında son dərəcə ehtiyatla davranır, sonrakı illərdə də ehtiyac duyacağımız bu otların kökünün kəsilmə­məsinə çalışır.
Ümumiyyətlə, dərman bitkilərinin toplanması, qurudulması və saxlanılması kortəbii şəkildə deyil, müəyyən qaydalar gözlənilməklə aparılmalıdır. Əgər dərman bitkinin meyvəsindən alınırsa, onu yetişəndən sonra, yarpağından alınırsa, onu quruyub saralmamışdan əvvəl, güllərindən alınırsa, onu tam açılandan sonra yığmaq məsləhətdir.
Toxumla çoxalan birillik bitkiləri toplayarkən toxumun yayılması üçün bir hissəsini saxlamaq lazımdır. Kökündən çoxalan bitkiləri toplayarkən isə kökünə zərər vurmadan yerüstü hissəni tam qopartmaq olar. Bitkiləri quru havada toplamaq lazımdır, çünki nəm halda bitki yavaş-yavaş quruyur, bu da onun tərkibinin və rənginin dəyişməsinə səbəb olur. Yarpaqları tam inkişaf etmiş, yaşıl və zədəsiz halda yığmaq lazımdır. Qırxbuğum, pişikotu, çobanyastığı, kəklikotu, dəvədabanı və sair kimi bitkilər min bir dərdin dərmanı olduqları kimi, onların hər birinin yığılma ayları və üsulları da müxtəlifdir.
Muxtar respublikamızda dərman məhsullarının istehsalı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. 2010-cu ildən Şahbuz rayonunda yaradılan “Farma Şah” adlandırılan bu müəssisə Şahbuz dağlarında yabanı halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğuldur. Burada istehsal olunan dərman məmulatlarının muxtar respublikadan kənarda da satışı həyata keçirilir.
“Min dərd varsa, min bir də dərman var”, – deyən ulularımız ta qədim zamandan öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Buna baxmayaraq, bir bitkidən istifadə etməzdən əvvəl onun müalicəvi əhəmiyyəti barədə dəqiq və dolğun məlumatlara yiyələnməliyik. Ondan istifadə isə yalnız bu mərhələdən sonra baş tutmalıdır. İxtisaslı bir həkimin məsləhəti ilə istifadə zəruridir. Bəzi insanlar isə, ümumiyyətlə, müalicəvi əhəmiyyətindən xəbərsiz, ağızdan-ağıza keçən söhbətlərə əsaslanaraq onlardan istifadə edirlər.
Unutmayaq, sağlamlıq Tanrının insanlara verdiyi ən böyük hədiyyədir və hər bir insanın sağlamlığı onun öz əlindədir. Söhbət sağlamlıqdan gedirsə, yüz ölçüb, bir biçmək lazımdır.

 Fatma BABAYEVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR