29 Aprel 2024, Bazar ertəsi

Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının etibarlı qorunmasından, keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsindən ibarətdir. Azərbaycanda səhiyyənin inkişafı və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Ümummilli liderimizin səhiyyə sahəsində müəyyənləşdirdiyi strateji xətt ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir, bu sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürü­lərək muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqət mərkəzində saxlanılır.

Ötən dövr ərzində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayon mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ümumilikdə, 1996-2016-cı illər ərzində 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir.
Səhiyyənin inkişafında mühüm rol oynayan kadr təminatının yaxşılaşdırılması üzrə ötən dövr ərzində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması üçün müasir tədris şəraiti yaradılmış, maddi-texniki baza gücləndirilmişdir.
Muxtar respublikada əhali sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması, öz növbəsində, 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olmuşdursa, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil etmişdir. Ötən dövr ərzində ümumi ölümün göstəricisi də azalmış və əhalinin hər min nəfərinə hesabı ilə 1995-ci ildə 6 nəfər olduğu halda, 2016-cı ildə 4,1 nəfərə düşmüşdür.
Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına ciddi təkan vermişdir. Belə ki, 1995-ci ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 69 yaş, o cümlədən kişilərdə 65,3, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, 2016-cı ilin yekun nəticələrinə görə, bu göstərici 78,6 yaş, o cümlədən kişilər üçün 76,3, qadınlar üçün isə 80,9 yaş səviyyəsində olmuşdur.
Səhiyyə sahəsinin inkişafı istiqamətində cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Qarahəsənli, Arpaçay və Çəmənli, Babək rayonunun Payız kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur rayonunun Ələkli kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması hazırda davam etdirilir.
Muxtar respublikada müasir səhiyyə ocaqlarının istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı tibbi kadrlarla təminatı əhali sağlamlığının bundan sonra da yüksək səviyyədə qorunmasına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR