Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur. Son illərdə insanlar arasında ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklər artdığından onlar arasında profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qanda xolesterinin artıqlığı, siqaretçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, oturaq həyat tərzi, adenomiya, qeyri-düzgün qidalanma, kəskin və xroniki streslərə məruzqalma halları damarların zədələnməsinə, ateroskleroz prosesinin inkişafına səbəb olur. Beləliklə, ürək, beyin, aorta, aşağı ətraf arteriyalarında aterosklerotik düyünlər formalaşır ki, bunlar da sonradan inkişaf edərək ürəyin işemik xəstəliklərinə, beyin qan dövranının pozulmasına, aşağı ətraf arteriyalarının tıxanmasına gətirib çıxarır. Nəticədə, miokard infarktı, stenokardiya, insult, aşağı ətrafın qanqrenası kimi ağır xəstəliklər yaranır. Belə xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq bu il aprelin əvvəllərindən 50-55 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası həyata keçirilir.
Müayinələr Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında, terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilib, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil edilib. Müayinə olunanlarda qanda xolesterinin təyin edilməsi üçün mərkəzi rayon xəstəxanalarına və Naxçıvan Şəhər Poliklinikasına portativ aparatlar verilib və stript testi ilə təmin ediliblər. Feldşer-mama məntəqələri, həkim ambulatoriyaları, Naxçıvan şəhərində isə sahələr üzrə 50-55 yaşlılarda həkim müayinələri və xolesterinin miqdarının təyini aparılıb.
Bütövlükdə, aprel ayından indiyədək muxtar respublika üzrə 50-55 yaşlı əhalidən 2 min 998 nəfəri profilaktik tibbi müayinələrə cəlb olunub, 390 nəfər dispanser qeydiyyatına götürülüb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti