22 Dekabr 2024, Bazar

Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aprelin 28-dək keçiriləcək aksiyalarda aztəminatlı ailələrdən olan 93 nəfər göz qüsurlu şagird və tələbəni Almaniya istehsalı olan eynəklərlə təmin edəcəkdir.

Şərur, Kəngərli, Ordubad rayonlarında keçirilən aksiyalardan sonra növbəti tədbirə Şahbuz Rayon Mərkəzi Xəstəxanası ev sahibliyi edib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb.

Qeyd olunub ki, Zərifə xanım oftalmologiyanın zəruri problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlərin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunması ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim bütün dünyada birinci olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi də məhz Zərifə xanımın adı ilə bağlıdır.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstəlikləri şöbəsinin həkimi Samiq Sadıqov çıxış edərək bildirib ki, Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Həmin müəssisələrdə zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və ürəyə təsiri də öyrənilib. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri görkəm­li alimin dəyərli mono­qrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Tədbirin sonunda aztəminatlı ailələrdən olan 10 məktəbliyə görmə qabiliyyətini yüksək səviyyədə təmin edən eynəklər təqdim olunub.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova belə aksiyaların əhalinin sağlamlığının mühafizəsində rolundan bəhs edib.
Aksiya çərçivəsində eynəklə təmin olunmuş uşaqların valideynləri çıxış edərək minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR