Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şərur rayonunun Danyeri kəndindəki yeni quruculuq ünvanlarından olan ikimərtəbəli həkim ambulatoriyasında əhalini profilaktik müayinələrdən keçirib. Yüksəkixtisaslı həkimlərdən ibarət briqada ultrasəs və müayinə aparatları ilə təchiz edilib. Kənd ambulatoriyasının tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində 20 terapevtik, 12 ginekoloji, 18 nevroloji, 16 stomatoloji xəstə müayinədən keçirilib. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilib.
Həkim briqadası günün ikinci yarısı Tənənəm kənd feldşer-mama məntəqəsində 40 nəfəri tibbi müayinədən keçirib. Əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılıb.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Kəngərli rayonundakı Böyükdüz kəndində olub.
Pediatr, stomatoloq, oftalmoloq, nevropatoloq, endokrinoloq, həkim rezident və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib. Kənddə 56 nəfər uşağa tibbi xidmət göstərilib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. 45 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik kömək göstərilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti