Sağlamlıq üçün bura üz tutanları ana təbiət özü müalicə edir
Naxçıvanın özünəməxsus təbiəti və coğrafi relyefi var. Məsələn, burada yay fəsli quru kontinental iqlimlə müşahidə olunur, qışda isə əksinə, sərt şaxtalı hava hakimdir. Muxtar respublikanın relyefində dağlıq və dağlıq-düzənlik ərazilər daha çoxdur. Ölkəmizin digər dağlıq ərazilərindən fərqli olaraq, Naxçıvan dağlarının bitki örtüyü azdır. Ancaq bunun özündə də bir hikmət, Uca Yaradanın saysız-hesabsız möcüzələri gizlənir. Və hələlik insanoğluna bu möcüzələrin müəyyən bir qismi məlumdur. Çünki ərazicə kiçik olan bu qədim diyarın köksündə vüqarla dayanmış dağların alt qatlarında nələr yoxdur ki? Onlarla növdə tikinti materialları üçün xammal yataqlarından tutmuş duz laylarınadək, müxtəlif metal yataqlarından tutmuş mineral tərkibli bulaqlaradək bəşər övladının istifadəsinə verilmiş saysız-hesabsız zənginliklər.
Lakin unutmayaq ki, həyatda ən böyük zənginlik sağlamlıqdır. Sağlamlıq da insanın yaranışı kimi torpaqdan gəlir. Çünki elm də sübut edib ki, torpağın birbaşa insana bəxş etdiyi istənilən məhsul (su, qida) sağlam yaşamağın təməlini təşkil edir. Naxçıvanda yetişən meyvə-tərəvəzin özünəməxsus dadı və tamı, min dərdin min bir dərmanını əvəz edən saysız-hesabsız bitki növləri, təmiz hava və saf su bu torpağı möcüzələr diyarı adlandırmağa imkan verir. Ancaq Naxçıvan torpağı sağlam həyat üçün təkcə bununla kifayətlənməyib, həm də xeyli sayda müalicə mənbələrini insanlığın ixtiyarına verib. Hansı ki müasir həyatımızda bizə “yolyoldaşı” olmuş xəstəliklərin müalicəsində bu mənbələrə daha çox ehtiyac duyuruq. Belə müalicə mənbələrindən biri də adı Naxçıvanla qoşa çəkilən Duzdağıdır.
Təbii ehtiyatları 90 milyon ton olan Duzdağda mənbələrə görə, 6000 il əvvəl – Nuh Peyğəmbərin dövründən duz çıxarılmağa başlanılıb. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınıb. Etnoqrafik məlumatlara əsasən, Duzdağdan açıq üsulla duz çıxarılması XX əsrin ortalarına qədər mövcud olub. Sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən başlayaraq duz çıxarılıb. Bu dağ təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınıb. 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Mərkəzin baş həkimi Ruslan Süleymanov deyir ki, yer altındakı duz dağının qalınlığı 8,2 metrə bərabər olan mərkəzdə oksigen və zəngin duz minerallarının yaratdığı hava bir çox xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada yaradılmış şərait son illərdə müalicə üçün mərkəzə üz tutanların sayını artırıb. 2016-cı ilin birinci yarısında Duzdağ Fizioterapiya Mərkəzinə “Duzdağ” oteli də daxil olmaqla, 3150 müraciət olub. Müraciət edənlərin 110 nəfərini xarici ölkə vətəndaşları təşkil edib. Burada müalicə alanlar, əsasən, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Ukrayna, İran vətəndaşları və ölkəmizin digər regionlarından gələnlər olub.
Naxçıvanın digər təbii müalicə ocaqlarından biri də Darıdağ Arsenli Su Müalicəxanasıdır. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən bu müalicəxanada müalicə, adından da göründüyü kimi, su ilə aparılır. Müalicəxananın direktoru Zəfər Məmmədov bizimlə söhbətində bildirdi ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin dərmanıdır. Darıdağ arsenli suyunun araşdırılması hələ 1830-cu ildə aparılıb. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilibdir ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir.
Darıdağ suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə olunub. Bu tarixi faktı da qeyd etmək yerinə düşər ki, 1930-cu illərdən malyariyalı xəstələr bu şəfalı sudan istifadə ediblər. Hər il bu müalicəxanaya da xarici ölkələrdən, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən xeyli sayda xəstələr müraciət edir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası təbii və mineral suyu olan bulaqlarına görə də dünyada diqqəti cəlb edən bölgələrdəndir. Bu səbəbdən də Naxçıvanı çox vaxt “Mineral suların təbii muzeyi” adlandırırlar. Muxtar respublikanın 5,5 min kvadratkilometrlik sahəsində 250-dən artıq mineral su mənbəyi vardır. Naxçıvanda təbii suların kimyəvi tərkibinin öyrənilməsinə 1843-cü ildən başlanılsa da, bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdə aparılıb. Aydın olub ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98 faizi karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir.
Ümumilikdə, Azərbaycanın mineral su ehtiyatlarının 60 faizi Naxçıvan Muxtar Respublikasının ərazisindədir və bu suların hər biri müxtəlif növ xəstəliklərin müalicəsində effektli vasitələrdən sayılır. Muxtar respublika kifayət qədər müalicəvi mənbələrə malikdir ki, bu da regionda turizmin inkişafına öz təsirini göstərir. Dolayısı ilə müalicəvi turizmin inkişafında Naxçıvan ən perspektivli istiqamətlərdən biridir. Çünki sağlamlıq üçün bura üz tutanları, necə deyərlər, ana təbiət özü müalicə edir.
Səbuhi Həsənov